Bazar ertəsi , 26 Avqust 2019
Home » Siyasət » Köçəryanı həbsdən azad etmiş hakimin evini “şmon” elədilər, bənzər hadisə Azərbaycanda baş versəydi…

Köçəryanı həbsdən azad etmiş hakimin evini “şmon” elədilər, bənzər hadisə Azərbaycanda baş versəydi…

“AŞPA və digər qurumlar Ermənistanda baş verənləri susqunluqla qarşılayırlar”

Ermənistan kütləvi informasiya vasitələrinin verdiyi məlumatlara görə, bir müddət əvvəl Ermənistanın sabiq prezidenti Robert Köçəryanı azadlığa buraxan hakim David Qriqoryanın kabinetində, evində bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən axtarış aparılıb. Hakim ona ünvanlanan “bu axtarış Robert Köçəryanı azadlığa buraxmağınızla bağlı ola bilərmi” sualına “düşünürəm ki, bu hamıya aydındır” kimi maraqlı cavab verib.

Ermənistanın rəsmi dairələri isə hakimin kabinetində aparılan axtarışların R.Köçəryanla deyil, başqa bir cinayət işilə əlaqəli olduğunu deyiblər. Məlumatlara görə isə rəsmi dairələrin bəhs etdiyi cinayət işində D.Qriqoryanın heç bir statusda adı keçmir.

Özünü “demokratiya carçısı” kimi təqdim edən Nikol Paşinyan rejiminin təmsilçilərinin Köçəryanı azad edən hakimin kabinetində axtarışlar aparmasına beynəlxalq qurumlar, o cümlədən də AŞPA heç bir mövqe sərgiləməyib. Halbuki, buna bənzər bir hadisə Azərbaycanda baş versəydi, sözügedən qurum dərhal tənqidi bəyanat yayardı.

  • Azər Həsrət: “… bu təşkilatların dövlətlərə, siyasətçilərə ikili yanaşmasının nəticəsidir”

Tanınmış ekspert Azər Həsrət bizimlə söhbətində bildirdi ki, AŞPA da daxil olmaqla, insan hüquq və azadlıqlarını qoruduqlarını iddia edən bütün beynəlxalq qurumlar ölkələrə və xalqlara ikili standartlardan yanaşır. R.Köçəryanı azadlığa buraxan hakimin mənzilində və kabinetində aparılan qanunsuz axtarışlara bu qurumların tənqidi reaksiya verməməsinin kökündə bu təşkilatların əsl mahiyyəti dayanır. “Birincisi, burada diqqətçəkən məqam ondan ibarətdir ki, Paşinyanın inqilab edərək küçədən hakimiyyətə gəlməsini bir sıra beynəlxalq təşkilatlar dəstəklədilər, bəziləri isə susqunluqla qarşıladılar. Faktiki olaraq, bununla da onun addımlarını dəstəklədiklərini göstərmiş oldular. Bunu onunla izah etdilər ki, Sarkisyan rejimi qanunsuz əməllərə imza atıb, bu ölkədə demokratiya, insan haqları boğulur və ona görə də Paşinyanın gəlməsi ilə qanunun aliliyi təmin edilir. Paşinyan hakimiyyətə gəldikdən sonra bir sıra addımlar atdı, Köçəryanla bağlı məlum araşdırmalar başlandı, sabiq prezident həbs edildi, sonra isə məhkəmə yolu ilə azadlığa buraxıldı. O, azadlığa buraxıldıqdan sonra isə onu azadlığa buraxan hakimlərlə hökumətin üz-üzə gəlməsi prosesi baş verdi. Onlar ya qanunun aliliyini rəhbər tutaraq, yaxud da hansısa səbəblərdən sabiq prezidenti azad ediblər. Məhkəmə hakimiyyətinin bu müstəqilliyi isə Paşinyanın xoşuna gəlməyib, bu səbəbdən də Köçəryanın azadlığa çıxması ilə bağlı qərar verən hakimə qarşı belə hallar baş verir, o, təqib olunur və kabinetində, mənzilində axtarışlar aparılır. Təbii ki, hər şey açıq-aşkar göz önündə olduğu bir vəziyyətdə beynəlxalq təşkilatlar, xüsusən də insan haqlarını qoruduğunu iddia edən AŞPA, ABŞ Dövlət Departamenti kimi qurumlar hakimin təqib olunmasına, kabinetində axtarışlar aparmasına reaksiya verməli və Paşinyan rejimini qınamalı idilər. Amma onlar bunu etmədilər. Bununla bir daha göstərirlər ki, bu qurumlar ölkələrə, ayrı-ayrı siyasətçilərə yanaşmada ayrıseçkiliyə yol verirlər. Onlar, iddia etdikləri kimi, insan haqlarının, yaxud da ədalətin və balanslı yanaşmanın tərəfdarı deyillər, konkret olaraq korporativ maraqlara, eləcə də müxtəlif ölkələrin maraqlarına xidmət edirlər. Həmin maraqlara uyğun şəkildə hərəkət edirlər. Ermənistanda baş verən hadisəyə AŞPA-nın və digər beynəlxalq qurumların münasibət bildirməməsi bu təşkilatların dövlətlərə, siyasətçilərə ikili yanaşmasının nəticəsidir. Əgər bizdə belə bir hadisə baş versəydi, həmin qurumlar bir-birinin ardınca bəyanatlar yayar, ölkəmizi tənqid edərdilər, ancaq AŞPA və digər qurumlar Ermənistanda baş verənləri susqunluqla qarşılayırlar” – deyə A.Həsrət bildirdi.

Check Also

İnamı satışa çıxarıb qanunu heçə sayan İuda

Siyasətlə məşğul olmaq həvəsdən savayı, məntiq, ağıl və ən başlıcası, hadisələri qismən də olsa, dəqiq …