Cümə , 10 Aprel 2020
Home » Siyasət » Koronavirus Azərbaycandakı səfirliklərin fəaliyyətinə də təsir etdi

Koronavirus Azərbaycandakı səfirliklərin fəaliyyətinə də təsir etdi

Koronavirus pandemiyası (COVID-19) xarici ölkələrin Azərbaycandakı səfirliklərinin də fəaliyyətinə təsirsiz ötüşməyib.

Türkiyə səfirliyindən APA -ya bildirilib ki, səfirlikdə koronavirus təhlükəsi ilə əlaqədar sanitar-epidemioloji qaydalara ciddi şəkildə əməl olunmaqdadır.

“Mütəxəssislərin, elm adamlarının məsləhətlərini diqqətdə saxlayırıq. Keçirilməsi planlaşdırılan tədbirlərimiz təxirə salınıb”, – səfirlikdən bildirilib.

İsrailin Azərbaycandakı səfirliyindən isə deyiblər ki, səfirlik müntəzəm şəkildə işinə davam edir: “Biz Azərbaycan hökumətinin tövsiyələrini izləyərək izdihamlı tədbirlər və yerlərdən uzaq oluruq. Konsulluq işimizdə də bəzi dəyişikliklər etmişik, əsasən müraciət edənlərdən əməkdaşlarımızla səfirliyə gəlməzdən öncə məsləhətləşməyi və görüşün təyin olunması üçün müraciət etmələrini xahiş etmişik”.

ABŞ-ın Azərbaycandakı səfirliyindən APA -ya həm qlobal, həm də yerli səviyyədə COVID-19 pandemiyasının yayılması ilə əlaqəli məlumatları yaxından izlədiklərini deyiblər.

“Bu mürəkkəb və çətin zamanda bir-birimizə necə kömək edə biləcəyimiz barədə azərbaycanlı həmkarlarımızla müzakirələr aparırıq. Səfirlik fəaliyyətinə davam edir, lakin Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Xəstəliklərə Nəzarət Mərkəzləri tərəfindən hazırlanmış təlimatlara uyğun olaraq telefon, elektron poçt və videokonfranslar vasitəsilə işlərin aparılması və digər sosial uzaqlaşdırma tədbirlərini maksimum dərəcədə artırmışıq. İşçilərimizə əllərini tez-tez 20 saniyə ərzində yumaq, öskürəndə və ya asqıranda ağızlarını yummaq və xəstə olduqları halda evdə qalmağı tez-tez xatırladırıq”, – səfirlik bildirib.

Almaniyanın Azərbaycandakı səfirliyi isə fəaliyyətində hələlik xüsusi qaydalar tətbiq etməyib. “Azərbaycan XİN-in tövsiyələrinə uyğun olaraq səfirliyin fəaliyyəti davam edir. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargahın göstərişlərini, məlumatlarını yaxından izləyirik”, – səfirlikdə qeyd ediblər.

Latviyanın Azərbaycandakı səfirliyi isə koronavirus təhlükəsi ilə viza müraciətlərinin qəbulunun dayandırıldığını elan edib. Səfirlik “Facebook” səhifəsində bildirib ki, “COVID-19”-un yayılması ilə əlaqədar, Latviya hökuməti aprelin 14-dək ölkədə fövqəladə vəziyyət elan edib. Latviyaya edilən bütün uçuşlar, qatar və avtobus xidmətləri ləğv edilib. Bu səbəbdən aprelin 14-dən əvvəl tarixlərə Latviyaya giriş üçün Şengen viza müraciətləri Bakıdakı Latviya səfirliyinin viza xidmətini təmsil edən VFS Global-da qəbul edilməyəcək.

Məlumatda qeyd edilir ki, səfirlik martın 29-dək bağlı olacaq, hər hansı sual olarsa, [email protected] elektron poçt ünvanına göndərilə bilər.

Check Also

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 97 milyon manat ayrıldı

Prezident İlham Əliyev “Koronavirus pandemiyasına qarşı Azərbaycan Respublikasında həyata keçirilən səhiyyə tədbirləri çərçivəsində zəruri tibbi avadanlığın və …