Bazar ertəsi , 14 Oktyabr 2019
Home » Siyasət » MDB məkanında etnik separatizm problemlərinin hələlik heç biri həll olunmayıb – Qarabağ problemi də həmçinin…

MDB məkanında etnik separatizm problemlərinin hələlik heç biri həll olunmayıb – Qarabağ problemi də həmçinin…

Yeganə Hacıyeva: “Həmin münaqişələr müstəqil olan ölkələrdə ona görə yaradıldı ki, Rusiya ölkələrə məhz münaqişələr vasitəsilə nəzarət edə bilsin”

Etnik münaqişələr, bir qayda olaraq, maddi və mənəvi resursların bölüşdürülməsinə nəzarət uğrunda gedən geosiyasi mübarizədir. Belə münaqişələr müxtəlif etnosların ayrı-ayrı nümayəndələri, sosial qruplar, habelə iki və ya daha çox etnosun qarşıdurması kimi özünü büruzə verir.

Bu tip münaqişələrin “soyuq müharibə”nin bitməsi və SSRİ-nin dağılmasından sonra vüsət alması polietnik sosialist federasiyaların süqutu və həmin ərazidə meydana gələn gənc müstəqil dövlətlərdə guya yeni milli azlıq probleminin üzə çıxması ilə bağlıdır. SSRİ dağılandan sonra onun ərazisindəkı bir sıra respublikalara etnik separatizmlə bağlı olan münaqişələr miras qaldı. Məsələn, Moldova Dnestryanı, Gürcüstan Cənubi Osetiya və Abxaziya, Azərbaycan isə Dağlıq Qarabağ kimi problemdən əziyyət çəkir. Maraqlıdır ki, mahiyyət etibarilə bir-birinə çox bənzər olan bu münaqişələrin hələ də heç biri öz həllini tapmayıb. Buna mane olan nədir?

“Separatizmdən əziyyət çəkən ölkələr öz güclərinə problemi həll etmək istəyəndə məhz Rusiyanın təzyiqilə üzləşməli olurlar”

Beynəlxalq məsələlər üzrə ekspert Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, həll edilməmiş münaqişələr regional əməkdaşlıq, ümumi etimad mühitinin yaxşılaşmasına və  vaxtilə eyni ölkədə olmuş dövlətlər arasında daha sıx, qarşılıqlı əlaqələrin yaradılmasına əsas maneədir: “Təəssüflər olsun ki, postsovet ölkələrində həll edilməmiş silahlı münaqişələr mövcuddur. Ekstremizm və təcavüzkar separatizm ərazi iddialarına əsaslanan dövlətlərarası münaqişələrin kök səbəbidir və bir çox hallarda dövlətlərin ərazi bütövlüyünün pozulmasına gətirib çıxarır. Beynəlxalq arenada təşəkkül tapan yeni reallıqlar regional sabitlik və təhlükəsizliyə olan təhdidlərə qarşı mübarizə məqsədilə, terrorizmə, separatçılığa, ekstremizmə, silahların və narkotiklərin qanunsuz dövriyyəsinə, habelə kibercinayətlər əleyhinə mübarizə sahəsində bütün dövlətlərin səmərəli əməkdaşlığını tələb edir. Biz o mövqedən çıxış edirik ki, beynəlxalq hüququn ümumən qəbul edilən prinsipləri və normalarına uyğun olaraq, münaqişələr tezliklə suverenlik, ərazi bütövlüyü və dövlət sərhədlərinin toxunulmazlığı əsasında həll olunsun. Sözügedən münaqişələr ona görə həll olunmur ki, onların hamısında Rusiyanın barmağı var. Həmin münaqişələr müstəqil olan ölkələrdə ona görə yaradıldı ki, Rusiya həmin ölkələrə məhz münaqişələr vasitəsilə nəzarət edə bilsin. Separatizmdən əziyyət çəkən ölkələr öz güclərinə problemi həll etmək istəyəndə məhz Rusiyanın təzyiqilə üzləşməli olurlar.

Gürcüstan ərazi bütövlüyünü təmin etmək üçün hərbi əməliyyatlara başladı, amma Rusiya onu sərt cəzalandırdı, az qalmışdı ki, Tiflisi də tutsunlar. Biz Rusiyanın bu müdaxiləsini 2016-cı ilin aprel döyüşlərində də gördük”.

Politoloqun sözlərinə görə, bu cür münaqişələrin həlli üçün, birmənalı olaraq, Rusiyanın marağı olmalıdır: “Çünki münaqişənin alovlandığı regionlara Rusiyanın təsir gücü danılmazdır. Təəssüflər olsun ki, Rusiya analoji münaqişələrin konservləşmiş halda qalmasında maraqlıdır”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Samir Adıgözəlli: Səni kim məcbur edib ki, deputat vəsiqəni girov qoyasan?

Vətəndaşlardan külli miqdarda borc aldığına görə qalmaqala düşən və mövzu ictimailəşəndən sonra millət vəkilliyindən könüllü …