Bazar ertəsi , 26 Avqust 2019
Home » İqtisadiyyat » Meyvə-tərəvəz nə vaxt ucuzlaşacaq? – RƏSMİ

Meyvə-tərəvəz nə vaxt ucuzlaşacaq? – RƏSMİ

Bu yay bazarlarda meyvə-tərəvəzin qiymətinin baha olması müəyyən narahatlıq yaradır.

Məsələ ilə bağlı Kənd Təsərrüfat Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov bildirib ki, indiyədək məhsul yığılan sahələrin əksəriyyəti istixana üsulu ilə əkin aparılmış sahələrdir:

“Hava şəraiti ilə əlaqədar açıq sahə məhsulunun yetişməsi gecikir. Havaların əlverişsiz keçməsi məhsul yetişən açıq sahələrdən yığımı çətinləşdirir, nəticədə bazara məhsul təklifi azalır”.

Nazirlik rəsmisi onu da qeyd edib ki, yaxın günlərdə məhsulların qiyməti ucuzlaşacaq:

“Yağıntıların azalması məhsulun kütləvi yığımına şərait yaratmaqla, açıq sahə məhsulunun bazara çıxarılmasını sürətləndirəcək, nəticə etibarilə qısa müddətdə qiymətlərin nəzərəçarpacaq dərəcədə ucuzlaşacağı gözlənilir.

Bu cür hallara əvvəlki illərdə də rast gəlinib. Məsələn, 2017-ci ildə hava şəraitindən asılı olaraq, pomidorun yetişmə fazası gec başlamış, hava şəraitinin normallaşması ilə qısa müddətdə təklif artmış və qiymətlər ciddi şəkildə aşağı düşmüşdü”.

Meyvə-tərəvəzin qiymətinin baha olmasının səbəbləri barədə danışan iqtisadçı-ekspert Akif Nəsirli isə bildirib ki, fermerlərin bazara çıxışında problem olduğu üçün alverçilər bundan istifadə edərək süni qiymət artımı həyata keçirir:

“Azərbaycanda meyvə-tərəvəzin baha olmasına səbəb bu ilin mart-aprel aylarında yağıntıların çox olması, dolu düşməsidir. Hava şəraiti ölkədə meyvə qıtlığına səbəb olub.

Bundan başqa, rayonlarda meyvə-tərəvəz yetişdirən fermerlərin şəhər bazarlarına çıxış problemi var. Rayonlardan meyvə gətirilərək, paytaxt bazarlarındakı alverçilərə satılır. Bu alverçilər də həmin meyvə-tərəvəzin üzərinə istədikləri məbləği əlavə edərək satır. Kəndlilər rayondan meyvə-tərəvəzi gətirib üzərinə 50 qəpik qoyursa, alverçilər ona 2 manat əlavə edərək satır. Bütün bu təsirlər nəticəsində bazarda meyvə-tərəvəz xeyli bahalaşır”.

Ekspert qiymət artımının qarşısını almaq üçün təkliflər də irəli sürüb:

“Bu problem artıq neçə ildir ki, yaşanır və hesab edirəm ki, bu, nazirlik səviyyəsində həll olunmalıdır. Fermerlərin bazara birbaşa çıxışı təmin edilsə, indiki qiymətlər azı 30-40 faiz ucuz olar. Düşünürəm ki, kənd təsərrüfatının inkişaf etdirilməsi üçün proqramlar hazırlanmalıdır”.

Check Also

SOCAR büdcəyə nə qədər vəsait köçürüb?

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2019-cu ilin birinci yarısında dövlət büdcəsinə 741,3 milyon manatdan çox …