Çərşənbə axşamı , 16 İyul 2024
Drone Cameras

Millət vəkilindən sensasiya: İH-lər, NK ləğv edilir

Yaxın bir il yarım müddət ərzində (2023-2025) ölkəmizdə dörd seçki dönəmi olmalıdır: 1) Referendum (2023-ün payızı); 2) Mili Məclis (2024-ün noyabrı); 3) Bələdiyyələr (2024-ün dekabrı); 4) Prezident (2025-in apreli). Burada göstərilmiş müddətlər növbəti seçki müddətləridir, amma seçkilərin növbədənkənar olabilmə ehtimalı da yüksəkdir.

Boyukmillet.com xəbər verir ki, bu sözləri millət vəkili Erkin Qədirli bildirib.

Onun sözlərinə görə, istənilən halda çox qısa bir zamanda strateji önəm daşıyan dəyişikliklər gözlənilir:

“Öncə referendum. Bu haqda çox və çoxdan danışılır. Bunun obyektiv səbəbi vardır – sistem köhnəlib, onun idari xərcləri və siyasi riskləri artıb, səmərəliliyi isə azalıb. Üstəlik, Vətən Müharibəsindəki qələbədən sonra gələcək dönəmlər üçün bu sistem yararsızdır.

İyun ayında Milli Məclis dövlət büdcəsinə bir sıra dəyişikliyi təsdiqlədi. O dəyişikliklərin arasında 2023-ü ilin qalan hissəsində seçki xərclərinin az qala 50% artırılması var. Bu, böyük bir artımdır və referendumun məhz bu il olacağını söyləməyə tutarlı əsas verir. Boşuna bu qədər pul ayırmazlar.

Referendum konstitusion islahatlarla bağlı olacaq. Tam yeni bir konstitusiyamı olacaq, yoxsa indikinə dəyişikliklər ediləcək? Ritorik sual deyil. İndiki Konstitusiyada bir çox maddələrə əlavə və dəyişikliklərin edilməsi qadağandır. Konstitusiyanın mətni bunu aydın qadağan edir. Odur ki, əgər həmin maddələrə dəyişiklik etmək niyyəti varsa, onda gərək tam yeni bir Konstitusiya qəbul olunsun. Bu, prinsipcə mümkündür, amma buna gediləcəkmi? Burasını söyləmək çətindir. Bu seçimin həm müsbət, həm mənfi yanları vardır. Riskləri də az deyil. İndiki Konstitusiyaya dəyişikliklərin ehtimalı daha yüksəkdir.

Nələr dəyişə bilər?

Bu suala cavab vermək üçün siyasi elitanın içində olmaq gərəkdir. Belə bir imkanın olmadığı bir ortamda ancaq güman etmək qalır.

Sırf hüquqi arzularla düşünsək (latıncası – de lege ferenda), aşağıdakı gümanlar ağlabatan görünür:

1. Yerli özünüidarəetmə sistemində köklü islahat.

İcra hakimiyyətinin başçıları təsisatı ləğv olunacaq. Bu təsisatı hələ 1991-ci ildə Prezident olmuş Ayaz Mütəllibov yaratmışdı. Gördüyünüz kimi, bu təsisat indiki konstitusiyadan öncə qurulub və o vaxtdan heç dəyişməyib. Çox köhnə və səmərəsiz bir sistemdir. Mütəllibov onu SSRİ-də olmuş rayon və şəhər xalq deputatları və onların icraiyyə komitələrinin yerinə qurmuşdu. Faktiki olaraq isə yerli icra başçıları keçmiş kommunist partiyasının rayon və şəhər birinci katibləri yerini tutmuş oldular. Bir sözlə, bu sistemlə bundan sonra irəliyə getmək alınmayacaq. Ləğv olunmalıdır. Bəs, onun yerinə nə qurulsun? Öncə bələdiyyələr böyüdülməli və gücləndirilməlidir. Bunun üçün onları dövlət hakimiyyəti sisteminə salmaq lazımdır. İndiki Konstitusiyaya görə bələdiyyələr dövlət hakimiyyəti sisteminə aid deyillər. Ayrıca, bələdiyyələrin statusu və səlahiyyətləri qanunla, icra başçılarının statusu və səlahiyyətləri isə Prezidentin təsdiq etdiyi əsasnamə ilə nizamlanır. Yəni, burada bir legitimlik böhranı da vardır.

Ölkənin inzibati-ərazi bölgüsü də dəyişdirilməlidir. Ümumi ərazisi onsuz da kiçik olan bir ölkədə 66 rayona, 14 respublika tabeli şəhərə və 12 şəhər rayonuna nə gərək var? Hərəsində də icra başçısı və s. İdari xərclər, korrupsiya ehtimalı, siyasi risklər və s. baxımından yararsız bir sistemdir. Amma burası sonranın işidir, Konstitusiyaya dəyişiklik tələb etmir. Referendumda bələdiyyələr böyüdülər və gücləndirilərsə, inzibati-ərazi dəyişikliyi cari qanunvericilkdə etmək asan olacaq.

İnzibati-ərazi vahidlərin arasında Naxçıvan Muxtar Respublikası da var. Onun ləğv oluna biləcəyi ehtimalı ciddi düşünülürsə, onda onu ancaq konstitusion referendumla etmək mümkün olacaq. Bunun da müsbət və mənfi yan təsirləri ola bilər. Layihəni görmədən nəsə demək doğru sayılmaya bilər. Bununla belə, kontekst aydındır. İcra başçılarının ləğvindən sonra yerli iqtisadi, sosial və mədəni məsələlər keçəcək bələdiyyələrin səlahiyyətinə. Siyasi riskləri idarə etmək üçünsə hazırda sınaqdan keçirilən Prezidentin yerlərdə səlahiyyətli nümayəndələri təsisatı düşünülür (vali sayağı).

2. Seçki islahatı.

Burada, əsasən, seçki sistemində önəmli bir dəyişikliyin olacağı gözlənilir – proporsional seçkinin bərpası. 1995-2002 illərdə proporsional seçki olub bizdə. Milli Məclisin 125 deputatının 25-i proporsional qaydada seçilirdi. 2002-də keçirilmiş referendumda onu ləğv etdilər. İndi yenidən qaytarılacağı söhbəti vardır. Hansı mütənasıblikdə? İdealda parlamentin yarısı proporsional seçilməlidir, amma gerçəklikdə başqa cür də ola bilər. Layihəni görmədən konkret nəsə demək çətindir. Proporsional seçkilərdə seçicilər, majoritar sistemdə olduğu kimi, konkret namizədlərə deyil, partiyalara səs verirlər. Partiyalardan parlamentə kimlərin keçəcəyi isə partiyaların tərtib etdikləri siyahılardan və seçkidə yığdıqları səslərin mütənasibliyindən asılı olacaq. Örnəyi, proporsional qaydada seçilən yerlərin sayı 100-dür, partiya isə 17% səs yığır, deməli, ən sadə hesablamaya görə, həmin partiya 17 yer alır parlamentdə. Amma bu, ən sadə hesablamadır, örnək üçün. Gerçəklikdə əlavə şərt və meyarlar olur (baraj və s.). Odur ki, yekun yerlərin sayı dəyişə bilir.

Proporsional seçki sistemi ölkədə siyasi partiyaların önəmini və təsirini artıracaq, partiyalardan kənar, heç bir siyasi mənsubiyyəti və məsuliyyəti olmayan, amma böyük imkanları (pulu, xaricdən dəstəyi və s.) olan şəxslərin siyasi fürsət əldə etməsini əngəlləyəcək. Üstəlik, indiki majoritar sistem ölkəmizdə özünü doğrultmadı. Bunun bir sıra səbəbi vardır, onlar haqqında ayrıca yazmaq gərəkdir.

3. Parlament islahatı.

Seçki islahatı parlament islahatını da şərtləndirəcək. Söhbət heç də yalnız deputat sayının artırılmasından getmir. Onu proporsional seçki sisteminə keçmədən də etmək olar, demoqrafik mülahizələrə görə (əhali sayının artımı).

Parlamentin ikiotaqlı (ikipalatalı) ola biləcəyi istisna olunmur. Əslində, güclü Prezident hakimiyyəti olan bir ölkədə birotaqlı parlament yetərli deyil, onun zəif olacağı öncədən bilinir. Bunun isə siyasi riskləri vardır. İkipalatalı parlamentlərdə yuxarı otaq xalqın seçdiyi güclü aşağı otaqla xalqın seçdiyi güclü Prezident arasında bir bufer (arakəsmə) rolunu oynayır.

4. Nazirlər Kabineti.

İndiki konstitusiyaya görə Nazirlər Kabinetinin özünəməxsus heç bir səlahiyyəti yoxdur. Konstitusiyada yazıldığı kimi, Nazirlər Kabineti Prezidentin yanında yüksək icra orqanıdır. Yəni Nazirlər Kabinetinin bütün səlahiyyətləri, əslində, Prezidentindir. Bu isə o deməkdir ki, Nazirlər Kabinetinin konstitusion statusu çox zəifdir, ona görə də o, hökumət ola bilmir. Nazirlər Kabinetini saxlamaq niyyəti varsa, onu Prezidentdən ayırıb parlamentə tabe elətdirmək gərəkdir (Fransa örnəyi). Elə bir niyyət yoxdursa, onda onu ləğv etmək lazımdır (ABŞ örnəyi).

Hər bir örnəyin öz müsbət və mənfi yan təsirləri vardır. Onları da ayrıca izah etmək lazım olacaq”.

Check Also

Özünü yandıran qazinin anası: “Həbsdən qorxduğu üçün özünə qəsd edib”

Zülfiyyə Əliyeva deyir ki, qızın ailəsi Elnur Əliyevdən 11 min manat və ev tələb edib İyulun …