Şənbə , 25 Sentyabr 2021
Home » Hərbi » “Müzəffər Sərkərdə, yenilməz Ordu” adlı vətənpərvərlik tədbiri keçirilib

“Müzəffər Sərkərdə, yenilməz Ordu” adlı vətənpərvərlik tədbiri keçirilib

Ermənistan-Azərbaycan dövlət sərhədi istiqamətlərində Vətənimizin keşiyində ayıq-sayıq dayanaraq Ermənistan silahlı qüvvələri bölmələrinin döyüş mövqelərimizə hücum cəhdləri və hər cür təxribatlarının qarşısını adekvat cavab tədbirləri ilə mərdliklə alan qəhrəman döyüşçülərimiz üçün təşkil olunan “Müzəffər Sərkərdə, yenilməz Ordu” adlı tədbir şəxsi heyətin döyüş ruhunu, vətənpərvərlik hissini daha da artırıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə ata vəsiyyəti, ata arzusu özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla yerinə yetirilən ulu öndər Heydər Əliyevin və şəhadətləri ilə tarix yazan, adları tarixə yazılan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Üzeyir Hacıbəylinin məşhur “Cəngi” musiqisinin sədaları altında Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyətinin marş-paradından sonra Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani,

“Bu dağlara səni deyib gəlmişik,
Duman, çiskin, çəni deyib gəlmişik,
Gədiklərin qəddin əyib gəlmişik
İgid oğul, igid əsgər, igid ər!

Sən qartalsan, zirvələrdə dur yenə,
Boz çadırı zirvələrdə qur yenə,
Hər nə varsa, zirvələrdə var yenə
İgid oğul, igid əsgər, igid ər!”

– şeiri ilə cəsur döyüşçüləri salamlayıb.

Çətin relyefli dağlıq ərazidə, tez-tez dəyişən iqlim şəraitində, məkrli və riyakar düşmənlə üz-üzə xidməti vəzifələrini vicdanla, ləyaqətlə yerinə yetirən igid oğullarımızın ötən hər bir gününün bir ömrə bərabər olduğu və bunun ölkə rəhbərliyi, eləcə də xalqımız tərəfindən yüksək qiymətləndirildiyi böyük iftixar hissi ilə qeyd edilib.

Dünyanı heyrətə gətirən Vətən müharibəsində qazanılan misilsiz qələbə və bu münasibətlə Azadlıq Meydanında keçirilən möhtəşəm Zəfər paradı barədə ətraflı məlumat verilib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında “Dəmir Yumruq” əməliyyatı ilə Azərbaycanın öz ərazi bütövlüyünün bərpası, təcavüzkar Ermənistanın işğalı altında olan tarixi torpaqlarımızın azad edilməsi uğrunda başladığı Vətən müharibəsinin tarixi əhəmiyyətindən, ordu-xalq birliyindən, ölkəmizin iqtisadi gücündən, həmçinin, dövlətimizin başçısının qətiyyətindən, hücum diplomatiyasından, sərkərdəlik məharətindən və yenilməz Ordumuzun rəşadətindən, şücaətindən ətraflı söhbət açılıb.

A.Qurbani qeyd edib ki, hələ neçə illər öncə respublikamızın bütün güc strukturlarının iştirakı ilə keçirilən genişmiqyaslı komanda-taktiki təlimlərindən birində Azərbaycan Prezidenti cənab İlham Əliyev uzaqgörənliklə demişdir: “Biz Vətən uğrunda, torpaq uğrunda mübarizəyə birlikdə çıxacağıq. Bütün Azərbaycan xalqı səfərbər olunacaqdır. Bütün Silahlı Qüvvələrimiz səfərbər olunacaqdır. Bu məqsədlə bütün Silahlı Qüvvələr arasında əlaqələndirmə işi aparılmalıdır. Bu təlimlərin əsas məqsədi ondan ibarətdir ki, biz birgə səylərlə öz doğma torpaqlarımızı işğalçılardan azad edək”.

Artıq həmin gün 2020-ci il sentyabrın 27-də gəldi və həqiqətən Azərbaycan xalqı və Silahlı Qüvvələri torpaqlarımızı birlikdə işğalçılardan azad etdi.

Lakin düşmən Müzəffər Sərkərdəmizin rəhbərliyi altında yenilməz Ordumuzun qazandığı tarixi Zəfər və özlərinin utancverici məğlubiyyətləri ilə hələ də barışmır. Ancaq onlar birdəfəlik bilməlidirlər və dərk etməlidirlər ki, Azərbaycan bayrağı etibarlı əllərdədir, dəmir yumruq yerindədir və istənilən anda daha ağır, daha dağıdıcı, sarsıdıcı zərbərlər endirməyə hazırdır.

Respublikanın Əməkdar artisti, Prezident mükafatçısı, Akademik Opera və Balet Teatrının aparıcı aktyoru mayor Cahangir Qurbanovun ifa etdiyi “Müzəffər Sərkərdə” və “Yenilməz Ordu” mahnıları tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Bu mahnılar xalqımıza, dövlətimizə, o cümlədən Müzəffər Ali Baş Komandanımıza sonsuz sədaqətin, yenilməz Ordumuza inam və güvəncin bədii təcəssümü, tərənnümüdür.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Vətən müharibəsində göstərdikləri şücaətə, igidliyə görə müxtəlif döyüş orden-medalları ilə təltif olunan və bu gün də Azərbaycan Ordusunun sıralarında Vətənə sədaqətlə xidmət edən hərbi qulluqçulardan Laçın Nəsirli, Vüqar Hüseynov, Nurlan Salamzadə, Valeh Mirzəliyev, Samir Orucov, Elton Ələkbərov və digərlərinin Füzuli, Cəbrayıl, Xocavənd, Şuşa və Kəlbəcər rayonlarının yaşayış məntəqələrinin düşmən işğalından azad olunması uğrunda göstərdikləri şəxsi igidlik və mərdlik nümunələri gənc əsgərlərə örnək olaraq göstərilib, onların döyüş xatirələri böyük marağa səbəb olub.

Vətənimizi, Ordumuzu tərənnüm edən şeirlər, mahnılar və milli rəqslər Vətən əsgərlərinə xoş ovqat bəxş edib.
Mayor Vüqar Feyziyev bu kimi vətənpərvərlik tədbirlərinin şəxsi heyətin mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsində mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Zabitlərdən Musa İmanov və İlham Qəribov hər bir Vətən əsgərinin xidmətlərinə layiq olduqları qiymətin verilməsinə görə ölkə rəhbərliyinə minnətdarlıq edib, Müzəffər Sərkərdəmizin, eləcə də yenilməz Ordumuzun, qalib Vətən əsgərinin şərəfinə mahnılar, şeirlər yazan, onları məharətlə ifa edən yaradıcı insanlara təşəkkürlərini bildiriblər.
Döyüşlərdə və hərbi xidmətdə fərqlənən hərbi qulluqçulardan bir qrupuna Müdafiə Nazirliyinin nəşri olan kitablar hədiyyə edilib.

Mayor Sərxan Bayramov hərbi hissə komandanlığı adından bildirib ki, bundan sonra da ölkəmizin ön səngərlərində xidməti vəzifələrini şərəflə yerinə yetirəcək, Vətənə, dövlətə, xalqa sədaqətlə xidmət edəcək və yenilməz Ordumuzun qəhrəmanlıq salnaməsinə yeni-yeni parlaq səhifələr yazacaqlar.

Qonaqlar şəxsi heyətin yüksək səviyyədə təşkil edilən sosial-məişət şəraiti ilə yaxından tanış olub, onlarla fərdi söhbətlər aparıb və dövlət sərhədindəki döyüş mövqelərindən xoş təəssüratlarla ayrılıblar.

Check Also

Azərbaycan Ordusunda keçirilən səmti müəyyənetmə yarışları yekunlaşıb

Azərbaycan Ordusunda hərbi qulluqçular arasında keçirilən növbəti səmti müəyyənetmə yarışları yekunlaşıb. Boyukmillet.com xəbər verir ki, …