Çərşənbə axşamı , 23 İyul 2024
Drone Cameras

Nəzrin Mahu yazır: Veranın gündəliyindən min səhifə

Erkən yaşlarımdan batal janrında çəkilən filmləri izləmək məndə böyük maraq hissi doğurub. Və filmə baxdıqdan sonra, keçirdiyim hisslərdən asılı olmayaraq məmnunluq hissi də yaranıb məndə. Ətrafımdakı insanlarla bu haqda fikirlərimi bölüşəndə əksər hallarda təəccüblü reaksiyaların şahidi olmuşam. Hətta insanların beynində yaranan həmin sualı özlərindən öncə dilə gətirmişəm:

“Soyqırımın törədilməsini, insanların güllələnməyini, amansızcasına incidilməyini, hər yerin darmadağın edilməsini izləmək necə məmnunluq hissi yarada bilər?”.
Dünyada baş verən müharibələr haqqında rejissorlar yüzlərlə bədii və sənədli filmlər çəkiblər. Müharibə dövrünə aid filmi izləmək təbii ki, çox ağırdır. Və hər bir filmdə insanın yaşadığı və yaşatdığı faciəni, ağrını, dəhşəti rejissorlar çox fərqli bədii həllərlə yaradıblar. Filmdəki ağır səhnələr, insanın digər insanın başına gətirdiyi ağlasığmaz dəhşətlər məni də biganə qoymayıb, bir anlıq izləməyi dayandırmaq istəsəm belə, özümü sonacan izləməyə məcbur etmişəm. Qəhrəmanların acı taleyinin sanki canlı şahidi olmuşam, özlüyümdə daxili monoloqlar apararaq, insanları və özümü içimdə sorğulayaraq, xeyli müddət filmin təsirində qalmışam. Və bütün bu yaşadığım kədər, qorxu, həyəcan sanki süzgəcdən keçərək aydınlıq və məmnunluq hisslərini formalaşdırıblar məndə. Çünki həyatın necə dəyərli olduğunu bütün bu dəhşətləri izlədikdən sonra özümə bir daha xatırlatmışam…

Britaniyalı rejissor Ceyms Kentin 2014-cü ildə çəkdiyi “Gələcək haqqında xatirələr” filmi Birinci Dünya müharibəsi dövründə gənc britaniyalı yazıçı Vera Brittanın və onun simasında minlərlə o cür insanın faciəli taleyindən bəhs edir.
Vera Brittan gəncliyinin ən təravətli dönəmini yaşayan anda həyat onu çox ağır sınaqdan keçirir. Veranın ən möhkəm arzusu Oksfordun Somervil kollecinə daxil olmaq idi. Onun vəziyyətinə görə bu xəyalı həyata keçirmək özü bir imtahan idi. Çünki Veranın “ailə nizamnaməsinə” əsasən qızın kollecdə təhsil almağı qeyri-mümkün və anlaşılmaz idi. Veraya bu ailə imtahanının öhdəsindən gəlməyə onun qardaşı və ən yaxın dostu Edvard kömək edir. Olduqca ürkək, sütül, lakin eyni zamanda möhkəm və iradəli şəxs olan Brittan istəyinə də nail olur, sevgisinə də. Başlanğıc mərhələlərdə tərəddüdlü münasibətlər yaşayan Vera son ucda Rolanda vurulur. Bütün bu mərhələlər çox asta-asta baş verirdi Veranın həyatında və o, asta-asta həyatın dadını çıxarmağa başlayırdı ki…

Müharibə əleyhinə çəkilən bu dramda daha bir insanın məhv olmuş həyat hekayəsini izləyirik. Vera Brittan çox sakit, lakin daxili narahatlığı ilə yaşayan gəncdir. Bu daxili münaqişə onun özü ilə bağlı olan bir prosesdir. Qəlbinin və düşüncələrinin dolaşmış incə tellərini ilk növbədə iti qələmi və möhkəm sevgisi, digər tərəfdən isə müharibə açmağa kömək etdi. Brittan, bəlkə də bunu özü hiss etmədən bütün yaşadıqlarına rəğmən pillə-pillə böyüdü. Həyat ona acı istehza ilə yanaşdı. Müharibə elan olunduqdan sonra, Veranın qardaşı, yaxın dostu Viktor və nişanlısı Roland tədricən yollanırlar cəbhəyə.

Filmin maraqlı məqamlarından biri odur ki, əvvəlcə Vera qardaşı Edvardın cəbhəyə buraxılması üçün atası ilə ciddi söhbət aparır (Veranın kollecə imtahan verməsi üçün də Edvard valideyinlərini dilə tutmuşdu). Edvard üçün cəbhəyə yollanmaq çox vacib əhəmiyyət kəsb edirdi. Bunu qardaşı üçün edən Brittan müharibə dəhşətlərinin dərinliyinə hələ heç varmamışdı. Artıq bir qədər vəziyyət ağırlaşandan sonra, Vera öz nişanlısını getməmək üçün dilə tutur. Həmişə qardaşının, yaxın dostunun, sevdiyi insanın əhatəsində olan və o istini, qayğını hiss edən Vera artıq meydanda tək olduğunu anlamağa başlayır.

Ümumiyyətlə, müharibə insanların həyatını sındırmaqla yanaşı həm də düşüncələri, həyata baxışı, münasibəti dəyişir insanda, insan böyüyür, müdrikləşir, dəyərləri fərqli, daha aydın şəkildə ölçməyə başlayır. V

era Brittanın düşüncələrində də bir intibahın baş verdiyini söyləmək olar. Uzun müddət arzusunda olduğu kolleci yarımçıq qoyub, cəbhəyə könüllü tibb bacısı kimi yollanan Vera Brittan artıq özünü qurban vermişdi. Bunu bir gənc insanın çata biləcəyi ən yüksək pillələrdən biri adlandırmaq olar. Bu məqamı filmin ən təsirli səhnələrindən biri də sübut edir. Artıq mərkəzi cəbhəyə yollandıqdan sonra, Veranı özünün xəbəri olmadan alman əsgərlərinin palatasına təyin edirlər. İnsanın doğmalarını öldürən əsgəri ölümdən qurtarmaq bəlkə də ölümün özündən daha ağırdır… Vera bunu çox gözəl dərk edirdi, lakin o, hər şeydən öncə öz insanlığını uca tutmuşdu. Öncədən qeyd etdiyim daxili münaqişə bu məqamda da öz həllini tapmışdır.

Qayıdaq həmin səhnəyə. Alman əsgərlərindən biri palatada artıq ölüm ayağındadır. Vera və digər tibb bacısı onu sakitləşdirməyə çalışarkən (Vera əsgərin əlindən tutub), əsgər sayıqlayaraq Veranın onun həyat yoldaşı olduğunu düşünür və ondan əfv diləməyini xahiş edir. Vera özünü onun həyat yoldaşı kimi qələmə verir, başından sığallayaraq onu bağışladığını söyləyir və əsgər əbədi olaraq gözlərini yumur. Bu gənc qızın həyata tamam ayrı bir müstəvidən yanaşdığını sübut edir. Və bu səhnəni izləyəndə əsl insanların mövcud olduğuna inanmağa başlayırsan.

2016-cı ildə Mel Gibsonun ekranlaşdırdığı “Döyüş vadisi” filmində İkinci Dünya Müharibəsi dövründə hərbi həkim, Amerika tarixində ilk məfkurəli təmayülçü Dezmond Doss silaha əl vurmaqdan imtina edərək döyüş vadisindən 75 yaralını xilas etmişdi. Bu iki filmin ortaq nöqtəsi ondan ibarətdir ki, həm Vera Brittan, həm də Dezmond Doss heç nəyə baxmayaraq düşmən canını özünkilərdən ayırmadılar. Burada söhbət bu hərəkətin düzgün olub olmamağından və ya satqınlıqdan getmir. Məsələ burasındadır ki, ən ağır anda, heç nəyə baxmayaraq, vəhşiliyin və müsibətin pik nöqtəsində belə insanlığı qoruyub saxlamağı bacarmaq olur. Vera düşmən əsgərinə əl uzadanda onun sevdiyi insan (Roland) artıq həyatda yox idi. Ən doğma insanını itirsə belə, öz insanlığını itirmədi.
Bu filmdə eyni zamanda qəlbə toxunan mövzulardan biri də Vera və Roland sevgisidir. Bu cütlüyün istehza dolu tanışlığı möhkəm bir sevginin təməlini qoymuşdur. Filmdə Rolandın tanışlıqdan öncə Veradan eşitdiyi ilk sözlər valideyinləri ilə mübahisə zamanı:

“Mən nə indi, nə də heç vaxt ərə getməyəcəm!” olub. Nəticədə isə, Vera öz sevgisini ən xoşbəxt günündə, toy günündə itirdi. Roland ilə Veranı birləşdirən qüvvə həm də onların qələmi idi. Ədəbiyyatı, yazmağı sevən gənclər məhəbbət dolu söz axınında üzürdülər sanki. Rolandı tanıyandan sonra Vera çiçək açdı. Roland onda nəinki sevgi, eyni zamanda inam və əminlik hissi yaratdı. Onun cəbhəyə könüllü olaraq yollanması da doğmalarından aldığı sevgi hissindən qaynaqlanır. Tez-tez kadrarxası Rolandın Veraya yazdığı şeirlər səslənir. Şeirlərdə bənövşə və ağəsmə güllərinin adları çəkilir. Misralarda isə ən incə və təsirli duyğular öz əksini tapıb:

“Bənövşələri dənizin o tayına, doğma, unudulmuş diyara,
itkilərin xatirəsinə yollayıram,

Ümidim yalnız sənin bir kəlmənədir: “anlayıram”.

“Günəşin qızıltək şəfəqi,
cığırda, təpədə,
Və həm də zərif ağəsmə
Boylanaraq pəncərədən-
Səbirsizliklə gözləyir səni.

Veranın geyimlərinə diqqətlə nəzər yetisək, görə bilərik ki, bənövşəyi və mavinin ən zəngin tonları üstünlük təşkil edir. Görünür, Rolandın gözündə Vera özü bir bənövşə idi. Bənövşə gülü təvazökarlığın, sədaqətin, zərifliyin simvoludur. Qədim antik yunan miflərinə görə bənövşə sevgi ilahəsi Afrodita ilə assosiasiya yaradırdı. Brittan isə, bütün bu keyfiyyətlərlə zəngin idi. Rolandın Veraya olan sevgisi onun tutqun dünyasında sanki ağ bir xal kimi idi.

Tamaşaçını laqeyd qoymayan münasibət həm də Veranın dostu Viktorla olan münasibəti ola bilər. Viktor Brittanı həddindən artıq çox sevirdi, lakin ola bilsin, gələcəyi ilə bağlı düşüncələrində əmin olan Veraya öz hisslərini ifadə etməyə gücü yetmədi. Vera isə öz qəlbini Roland Leytona təslim etdi. Viktorun ölümü də çox ürəkparçalayan oldu. Cəbhədən kor qayıdan Viktor Veranın onun qayğısına qalması təklifindən imtina etdi, halbuki hər şeyi yenidən başlamaq şansı onun əlində idi. Viktor Veranın hisslərinə toxunmamağı üstün tutaraq dünyadan köçdü. Hisslərinin saflığını və paklığını son nəfəsinəcən qorudu.

Zərbə zərbə ardınca dəyirdi Veraya. Yaşamağın bircə səbəbi var idisə, o da Veranın qardaşı Edvard idi. Lakin müharibə bu dəfə də Veraya rəhm etmədi və Edvardı onun əlindən aldı…

Ceyms Kentin ərsəyə gətirdiyi film bir qədər digər müharibə filmlərindən fərqlənir. Belə ki, bu filmdə əyani darmadağından çox, insanın faciə dolu taleyini göstərib rejissor. Onun yanaşması olduqca dərin və fəlsəfidir. Baş qəhrəmanın yaşadığı faciəyə ekranın bu tayından şərik olmaq müharibəni izləməyə bərabər bir hissidir.

1914-cü il Vera Brittanın həyatını tamamilə dəyişdi. Amma o, yaşadıqları ilə üz-üzə həmişə dik dayandı. Həyatda çox şeyi itirdi, eyni zamanda cəsarətli addımları atdı: Somervil kollecinə daxil oldu, sevdi və sevildi, və ən əsası, könüllü olaraq cəbhəyə yollandı və insanlığı, möhkəm iradəsini orada nümayiş etdirdi.
Real həyatda Vera Brittan 1933-cü ildə “Gəncliyin vəsiyətləri” adlı müharibə illəri haqqında avtobioqrafik kitabını dərc etdirmişdi. Kentin çəkdiyi film də məhz bu kitaba əsaslanıb.

-Kişiləri müharibəyə biz göndərdik. Atamı qardaşımı cəbhəyə buraxmaq üçün mən dilə tutdum. Biz hesab etdik ki, bu, düzgün və layiqli bir hərəkətdir. İndi yalnız bir sual yaranır- bu doğrudan da elədir? Başqa bir yol axtarmağa cəsarətimiz varmı? Və bəlkə də onların ölümü yalnız hamımız toplaşıb birlikdə müharibəyə və ölümə yox desək bir məna əldə edəcək! Yetər! Bu dəhşətli intiqama yox deyirəm!

( Veranın filmin sonundakı çıxışı)
Müharibə haqqında sözlər heç vaxt dəyişməyəcək… Yaralar sağalmayacaq… Yalnız xatirələr əbədi yaşayacaq… Gələcək haqqında xatirələr…

Check Also

“Hərbi jurnalist Rahib Qərib vitse-admiral Şahin Sultanovun “yaşıl enerji” ilə bağlı effektiv və tam yeni təklifini təqdim edir”

Vitse admiral Şahin Sultanov Xəzər dənizində “Dalğa enerjisindən” istifadənin mümkünlüyünü elmi əsaslarla təqdim edir Qlobal …