Çərşənbə axşamı , 19 Yanvar 2021
Home » Cəmiyyət » Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası keçirilib

Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA-nın Naxçıvan Bölməsində Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Əvvəlcə Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev Azərbaycan elminin ölkədə və dünyada təbliği istiqamətində görülən işlərdən söz açaraq nailiyyətlərin təbliği istiqamətində işıq üzü görən jurnalların rolunu xüsusi vurğulayıb. Bölmənin nəşrləri olan “Elmi əsərlər” və “Axtarışlar” jurnallarının çapından bəhs edən akademik məqalələrin keyfiyyətinin artırılmasına dair həyata keçirilən tədbirlərdən danışıb. O, jurnallara təqdim olunan məqalələrin elmi tədqiqat müəssisələrinin şuralarında mütəmadi müzakirələrinin aparılmasının vacibliyini diqqətə çatdırıb.

Daha sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyevin “İkinci Qarabağ müharibəsinin başlanması, mövcud vəziyyət və təhlillər” mövzusunda elmi məruzəsi dinlənilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi parlaq qələbənin Ermənistanı masa arxasında oturmağa məcbur etdiyini deyən alim qeyd edib ki, Azərbaycan öz dəmir yumruğu sayəsində 30 il düşmən tapdağında qalan torpaqlarımızı işğaldan azad etdi: “Bu, Azərbaycanın tarixi qələbəsidir. Ən mühüm amillərdən biri isə həmin proses çərçivəsində Naxçıvanın da blokadadan azad olunmasıdır”.

Emin Şıxəliyev bildirib ki, 9-cu maddəyə əsasən, ölkəmizin digər bölgələri ilə nəqliyyat əlaqələri bərpa ediləcək. Bu dəhliz həm də Türk dünyasını quru yolu ilə bir-birinə bağlayacaq. Mahiyyət etibarilə, “Türk qapısı” adlandırılan Naxçıvan öz tarixi missiyasını layiqincə yerinə yetirəcək. Bütün bunlar Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qəti siyasi iradəsinin təzahürüdür.

İclasda Naxçıvan Bölməsində elmi istehsalatın mövcud vəziyyəti və perspektivləri ilə bağlı bölmənin Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Əliyev və Bioresurslar İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya elmləri doktoru İsmayıl Məmmədov çıxış ediblər. Aparılan tədqiqatlardan, əldə edilən nəticələrdən danışan AMEA-nın müxbir üzvü Tofiq Əliyev Naxçıvan Muxtar Respublika ərazisində böyük gil yataqlarının faydalı qazıntı kimi əhəmiyyətli olduğunu deyib. Alim cari ildə muxtar respublika ərazisində yayılmış gil yataqlarından nümunələrin götürüldüyünü, mineral tərkiblərinin öyrənildiyini, alınmış nəticələrin ətraflı təhlil edildiyini və gillərin tədqiqi ilə bağlı işlərinin davam etdirilməsinin nəzərdə tutulduğunu bildirib.

Biologiya elmləri doktoru İsmayıl Məmmədov isə çıxışında institutda cari ildə gülab istehsal edildiyini, 9 adda dərman bitkilərindən yağ və ekstraktların alındığını diqqətə çatdırıb. Alim elmi-tədqiqat işlərinin nəticəsində yeni üzüm, noxud və arpa sortlarının Dövlət Reyestrində qeydiyyatdan keçdiyini və bu günlərdə 3 üzüm, 2 buğda və bir arpa sortun sınağa təqdim ediləcəyini söyləyib.

Çıxışlar dinlənildikdən sonra Rəyasət Heyətində aparılan elmi-tədqiqat işləri müzakirə olunub. Tətbiqyönümlü tədqiqatlar üçün müvafiq tapşırıqlar verilib.

Tədbirdə, həmçinin bölmənin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin mütəxəssisi Səkinə Cümşüdova yeni yaradılan ameanb.com saytı haqqında ümumi məlumat verib. Qeyd olunub ki, Azərbaycan, ingilis və rus dillərində hazırlanan saytın üzərində işlər davam etdirilir.

Akademik İsmayıl Hacıyev yaradılan saytın təkminləşdirilməsi ilə bağlı tapşırıqlarını verib.

Daha sonra Bioresurslar İnstitutunun əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Əfruz Nəsirovanın Yaponiyanın Sapporo şəhərində yerləşən Hokkaido Universitetinə 3 illik ezam olunması barədə məlumat verilib.

Sonda cari məsələlər müzakirə edilib.

Naxçıvan Bölməsinin mətbuat xidməti

Boyukmillet.com

Check Also

20 Yanvar Günü Bakıda bir sıra yollar bağlanacaq

Daxili İşlər Nazirliyi (DİN) Ümumxalq Hüzn Günü ilə bağlı məlumat yayıb. DİN-in Mətbuat xidmətindən daxil olan …