Şənbə , 27 Fevral 2021
Home » Siyasət » Naxçıvandan Qarabağa “Zəngəzur dəhlizi”, Türkiyə-Ermənistan sərhədlərində təhlükəli tərpənişlər…

Naxçıvandan Qarabağa “Zəngəzur dəhlizi”, Türkiyə-Ermənistan sərhədlərində təhlükəli tərpənişlər…

İsmayıl Ağayev: “İmkan verməməliyik ki, xarici sərmayə adı ilə həmin ərazilər ermənilərlə doldurulsun”

Ermənistanın təslim olması ilə nəticələnən Qarabağ müharibəsini dayandıran 10 noyabr üçtərəfli razılaşması Naxçıvanla Azərbaycan arasında “Zəngəzur dəhlizi” kimi bilinən nəqliyyat dəhlizinin açılmasını da nəzərdə tutur. Və bu dəhlizin açılmasına dair hazırlıqlar Türkiyənin Ermənistanla həmsərhəd bölgələrində ərazi almaq istəyənlərin də kəskin artmasına səbəb olub.

Bu haqda Əsassız Erməni İddialarına qarşı Mübarizə Dərnəyinin (ASİMDER) başqanı Göksəl Gülbəy danışıb: “Azərbaycanla Ermənistan arasında yaşanan Dağlıq Qarabağ savaşından sonra Naxçıvanla Azərbaycan arasında Zəngəzur dəhlizinin də açılması qərara alınıb. Bu dəhlizdən keçən quru və dəmir yollarının açılacağını eşidən yerli və xarici iş adamları diqqətini Qars və İğdıra çevirib”.

ASİMDER başqanı əlavə edib ki, Türkiyənin Ermənistanla sərhədlərini bağlamasına səbəb olan Qarabağın işğalı probleminin bu müharibə ilə aradan qalxması sərhədlərin açılacağına dair xəbərlərin də yayılmasına səbəb olub: “Bu xəbərlərin təsiri ilə Qars və İğdırda əraziləri dəyərindən beşqat artıq ödəyərək almaq istəyən mənşəyi məlum olmayan xarici iş adamları və ya firmalar bölgəyə axın edir. Qars və İğdırdakı vətəndaşlarımızı ərazilərini satarkən diqqətli olmağa, şübhələndikləri durumla bağlı təhlükəsizlik orqanlarına xəbər verməyə çağırırıq”.

Göksəl Gülbəy istisna etmir ki, həmin xarici iş adamları və ya firmalar erməni diasporuna bağlıdır. Çünki ötən əsrin 90-cı illərində ermənilər bölgənin gələcəkdə hansı strateji əhəmiyyətə malik olacağını görərək İğdırdan torpaq sahələri almağa çalışırdı.

Türkiyədən səslənən bu həyəcan təbili ilə bağlı hansı addımlar atılmalıdır?

İğdır və Qars bölgələrində daima layihələr icra edən Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev “Bakı-Xəbər”ə bildirdi ki, Göksəl Gülbəy bir Azərbaycan sevdalısıdır: “Bizim yaxın qardaşımız, hər halda, əsası olmayan iddialarla çıxış etməz. Onun fikirləri ilə mən də tanış oldum və bildim ki, vəziyyət çox ciddidir. Bu cür məsələrdə qardaş ölkənin və bizim özümüzün də həssas olmağımız lazımdır. Bilirsiniz ki, ermənilər Türkiyədə bir çox ərazilərə və tarixi abidələrə iddia edirlər. Onların daha çox ayaq açdığı həssas bölgələr Qars, İğdır, Vandır. Buna görə də biz həmin ərazilərdə kompleks tədbirlər keçiririk, layihələr icra edirik. Məsələn, ermənilər bölgədə yerləşən Akdamar adasındakı tarixi Akdamar kilsəsini özlərininki kimi qələmə verir. Ora da mütəmadi ziyarətlər edib, ordan öz xeyirlərinə təbliğat aparırlar. Biz həmin kilsənin əsl sahiblərini ora apardıq. Ziyarətdə Azərbaycanda fəaliyyət göstərən Alban-Udi Xristian Dini İcmasının sədr müavini Rafik Danakari və icmanın üzvü Sevan Maqari iştirak edib. Dini icmanın rəsmiləri tərəfindən kilsədə ayin keçirilib və dualar edilib. Bu faktı təsadüfən xatırlatmadım. Yəni Türkiyədəki həssas bölgələr, yerlərlə işləmək lazımdır. Çox təəssüf edirəm ki, bəzi təşkilatlar gedib qapalı məkanlarda şəkil çəkdirməklə məşğul olurlar. Arğı dağı ilə də bağlı təbliğat güclənməlidir, bizim orda silsilə tədbirlər keçirməyimizə ehtiyac var. Hesab edirəm ki, qardaş ölkənin əlaqədar qurumları da bu məsələdə həssaslıq nümayiş etdirməlidir. Biz bu xəbərdarlığı ciddiyə almalıyıq. İmkan verməməliyik ki, xarici sərmayə adı ilə həmin ərazilər ermənilərlə doldurulsun”.

İsmayıl Ağayev sonda bildirdi ki, bu vəziyyətlə bağlı Azərbaycan və Türkiyənin ictimaiyyət nümayəndələri Türkiyə hakimiyyətinə xüsusi müraciət etməlidir.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Azay Quliyev: “Qüvvəsini itirmiş heç bir təklif qəbul edilə bilməz” – VİDEO

Fevralın 25-də ATƏT Parlament Assambleyasının (ATƏT PA) qış sessiyası çərçivəsində qurumun Siyasi məsələlər və təhlükəsizlik …