Bazar ertəsi , 3 Oktyabr 2022
Home » Cəmiyyət » Niyə hər kəs qanunla öhdəsinə düşəni etmir?

Niyə hər kəs qanunla öhdəsinə düşəni etmir?

Boyukmillet.com-un redaktoru Sima Babayeva öz facebook hesabında Nizami rayonunda yerləşən “Mehnur” Loqopedik Mərkəzində baş verən qanunsuzluqlarla bağlı paylaşım edib.

Həmin paylaşımı sizlərə təqdim edirik:

Bakının Nizami rayonunda yerləşən, rəhbəri Hacızadə Nuranə adlı şəxs olan “Mehnur” Loqopedik Mərkəzində uşaqlara işgəncə verilirmiş.

Mərkəz xüsusi qayğıya ehtiyacı olan, əsasən nitq və əqli məhdudiyyətli, autizm və daun simdromlu uşaqların reabilitasiyası üçün açılsa da bu məkandan əslində körpələrin istismarı üçün istifadə edilirmiş.

Mərkəzin paytaxtın bir neçə yerində filialları da var.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi məlumat verərək araşdırma aparıldığını, loqopedik mərkəzin əməkdaşlarından bəzilərinin saxlandığını bildiriblər.

Məlum olub ki, müəssisə lisenziyasız fəaliyyət göstərirmiş. Məsələ də elə bundadır. Necə olub ki bu müəssisə hamının gözü qarşısında lisenziyasız fəaliyyət göstərə bilib? Səhiyyə Nazirliyi, digər dövlət orqanları hara baxırmış?


Allah bilir bu cür qeyri-qanuni fəaliyyət göstərən nə qədər mərkəzlər, təşkilatlar var. Belə çıxır ki gərək hər birində nəsə hadisə baş versin ki ora müdaxilə olunsun? Gərək mütləq hansısa qanunsuzluğu, nöqsanı, təqsiri jurnalistlər, media, sadə vətəndaşlar ictimailəşdirsinlər ki dövlətin cavabdeh orqanları hərəkətə keçsinlər?

Gərək hər bir sahəyə cənab Prezident şəxsən diqqət yetirsin ki nəsə irəliləyiş olsun? Onda bu qədər dövlət strukturları nəyə və kimə lazımdır? Niyə hər kəs qanunla öhdəsinə düşəni etmir? Etsələrdi, bu cür hallar baş verməzdi.

Nizami rayonunda kimsə mənzilini təmir edən kimi, divarına bir mismar vuran kimi məmurcuqlar sıraya düzülürlər. İndi necə olub ki elə icra hakimiyyəti, güc strukturları və digər təşkilat mənsubları bu məkana nəzarət etməyiblər? Restoranlara, kafelərə, barlara, çayxanalara, məhəllələrdə rayondan meyvə-tərəvəz gətirib satanlara göz gəzdirə bilirlər, amma xəstə uşaqları 2-3 nəfər zülmkarın şərindən qoruya bilmirlər. Başa düşmək olmur ki bu cür məsuliyyətsizliyə necə yol verilib?

Bu məsələ medianın diqqətində saxlanılmalı, əlaqədar təşkilatlar da diqqətlə, hərtərəfli, obyektiv araşdırmalıdırlar. Bu işdə bilavasitə və dolayısı ilə təqsiri olan hər bir kəs cəzasını almalıdır.

Sima Babayeva

Check Also

Hacıqabulun ən böyük qəsəbəsində içməli su tapılmır- Videoreportaj

Hacıqabul rayonunun ən böyük qəsəbələrindən olan Muğan sosial problemlərin məngənəsində boğulur. Qəsəbə ucqar bir ərazidə …