Cümə , 19 İyul 2024
Drone Cameras

O binalarda yaşamaq təhlükəlidir! – Mühüm açıqlama

Xəzər dənizində baş verən zəlzələdən sonra həyət evlərinə maraq yenidən artıb. Paytaxtda və rayon mərkəzlərində çoxmərtəbəli binalarda yaşayan insanların çoxu gecəni açıq havada keçirib. Təbiət hadisəsindən sonra Bakı ətrafı qəsəbələrdəki həyət və bağ evlərinə üz tutanların da sayı az olmayıb. 

Zəlzələ Bakıda torpağın və həyət evlərinin qiymətinə təsir edə bilərmi?

Bakıda və ətraf qəsəbələrdə torpağın və həyət evlərinin qiymətinin bahalaşması gözlənilirmi? 

Yenisabah.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib ki, bütün fövqəladə hadisələrin bu və ya digər şəkildə daşınmaz əmlak bazarına təsiri müvəqqəti təsir bağışlayır, çünki daşınmaz əmlak bazarına təsir edən amillər içərisində bu məsələ heç də öndə gedən məsələlərdən deyil:

“Daşınmaz əmlak bazarının özünəməxsus təsir aspektləri var. Yəni həmin bazara təsir göstərən amillər var. Məsələn, ev bazarına tələbat artırsa, bu, qiymətlərə təsir göstərir. Digər tərəfdən, ölkədəki sosial-iqtisadi vəziyyət, manatın alıcılıq qabiliyyətinin yüksəlməsi, inflyasiyanın baş verməsi ev bazarına təsir göstərir”. 

Mütəxəssis xatırladıb ki, Türkiyədə baş verən zəlzələdən sonra bir müddət fərdi yaşayış evləri aktuallaşdı:

“Vətəndaşlar belə fikirləşdi ki, təhlükəsizlik baxımından fərdi yaşayış evləri daha məqsədəmüvafiqdir. Lakin müəyyən zaman keçdikdən sonra yenidən mənzillərə tələbatın güclənməsi və fərdi yaşayış evlərinin arxa plana keçməsinin şahidi olduq. Hesab edirəm ki, indi də analoji prosesə rast gələ bilərik. Ola bilsin ki, dünən baş verən zəlzələ nəticəsində vətəndaşlarımızın əksəriyyəti öz ailələrini götürüb bağ evlərinə üz tutdular. Çünki bu daha təhlükəsizdir, nəinki hündürmərtəbəli binada gecələmək”. 

Onun fikrincə, bu baxımdan, ola bilsin ki, fərdi yaşayış evlərinin bazarı müəyyən qədər aktivləşə bilər:

“Amma fərdi yaşayış evlərinin qiyməti fantastik dərəcədə artacaq deyə düşünmək, məncə, bir az tələsik addım olar. Çünki hər hansı bir hadisənin ictimai rəyə nüfuz etməsi və onun insanların alıcılıq qərarlarına təsir göstərməsi müəyyən vaxt tələb edir. Eyni zamanda bu zəlzələnin hələ davamlı olacağı və yenə də baş verəcəyini ehtimallar üzərində düşünürlər. Lakin bu barədə birmənalı şəkildə hər hansı bir elmi və metodiki bir qərar yoxdur”. 

V. Oruc hesab edir ki, yaranmış müəyyən ajiotaj fərdi yaşayış evlərinə tələbatı artıra bilsə də, son nəticədə insanların illərlə formalaşmış zövqləri və yaşayış üçün daha çox binalardakı mənzilə üstünlük verməsi bu prosesə müəyyən qədər tənzimləyici təsir göstərəcək:

“Birmənalı şəkildə onu demək olar ki, fərdi yaşayış evlərinə tələbat artacaq, amma bu mənzillərin qiymətinin düşməsini, yaxud mənzil bazarında ciddi şəkildə qiymət dəyişikliyinin baş verməsini demək üçün əsas yaratmır.

Bir şeyi də yaddan çıxarmaq lazım deyil ki, heç də bütün fərdi yaşayış evləri təhlükəsiz deyil. Söhbət burada ondan gedir ki, hansı fərdi yaşayış evləri prosedura qaydalarına uyğun tikilibsə, keyfiyyətli tikinti materialları ilə inşaat işləri baş veribsə, məhz onlar təhlükəsizdir. Yoxsa ki, bir daşla hörülmüş, yaxud arakəsməsi monolit beton olmayan hər hansı bir fərdi yaşayış evində daldalanmaqdansa, gecəni monolit betonla hörülmüş, yüksəkmərtəbəli beton dirəklərə malik hündürmərtəbəli binalarda keçirsinlər. Çünki onların həmin zəlzələyə davam gətirmə ehtimalı daha böyükdür”. 

Rafi MÜSLÜMOV 

Check Also

Özünü yandıran qazinin anası: “Həbsdən qorxduğu üçün özünə qəsd edib”

Zülfiyyə Əliyeva deyir ki, qızın ailəsi Elnur Əliyevdən 11 min manat və ev tələb edib İyulun …