Çərşənbə axşamı , 23 İyul 2024
Drone Cameras

Özünü yandıran qazinin anası: “Həbsdən qorxduğu üçün özünə qəsd edib”

Zülfiyyə Əliyeva deyir ki, qızın ailəsi Elnur Əliyevdən 11 min manat və ev tələb edib

İyulun 9-da özünü yandıran Cəlilabadın Göytəpə şəhər sakini, İkinci Qarabağ müharibəsi qazisi Elnur Eynulla oğlu Əliyevin anası Zülfiyyə Əliyeva Meydan TV-yə danışıb.

Valideyinin sözlərinə görə, Elnur özünü 6 ay vətəndaş nikahında yaşadığı həyat yoldaşının ailəsi tərəfindən məhkəməyə veriləndən sonra yandırıb.

O, həsxanaya düşəcəyindən qorxduğu üçün bu addımı atıb:

“Elnur Masallıdan bir qızla nişanlanmışdı. Sonradan qızı anası başqasına vermək istəyib. Qız da evdən qaçaraq Elnurun yanına gəlib. Deyib ki, anam məni başqasına verir. Elnur bunu yanında saxlayıb, 6 ay arvadı olub. Lakin ana gündə Elnurun üstünə gəlirdi ki, səni tutduracağam. Qızım dəlidir, onu qaçırmısan. Lakin qız özü könüllü gəlmişdi. Axırda Elnur qızı valideyninə verdi. Dedi ki, daha bezmişəm, insanlar arasında biabır olmuşam”.

Zülfiyyə Əliyevanın sözlərinə görə, anası qızını aparandan sonra rəsmi nikah olmadığı üçün Elnurdan Cəlilabad Rayon Məhkəməsinə şikayət edib.

Bildirdiyinə görə, qarşı tərəf oğlundan 11 min manat və ev tələb edir:

“Elnurun evi yoxdur, palçıqdan kərpiclə tikilib. Dövlət qazi olaraq ona ev verməyib. Hələ ki, mənzil qeydiyyatındadır. Növbəti məhkəmə prosesi avqustun 20-də olmalı idi. İki nəfər qazi Elnurun beynini doldurublar. Deyiblər ki, səni zorlamaya görə həbs etsələr, həbsxanada başına pis oyun açacaqlar. Ona görə də ən yaxşısı özünü yandır. Elnur da qazilərə üz qarası olmasın deyə özünü İcra Hakimiyyətinin qarşısında yandırıb. Kamera görüntülərini çıxarıblar ki, iki nəfər “VAZ 2107” markalı avtomobillə İcra Hakimiyyətinin binası qarşısına gəlib, ona benzin və kibrit veriblər ki, özünü yandırsın. Həmin görüntülər istintaq tərəfindən araşdırılır”.

Zülfiyyə Əliyeva oğlu ilə vətəndaş nikahında yaşayan qadın və ailəsi barədə məlumat verməyib.

Ailəyə yaxın olduğunu deyən Orxan Aslan adlı vətəndaşın Meydan TV-yə dediyinə görə, Elnur Əliyev döyüşlərdə aldığı beyin xəsarətinə görə, Maştağa ruhi əsəb dispanserində müalicədən yeni çıxıbmış.

Cəlilabad Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Emil Şəmmədov “Oxu.Az”a bildirib ki, hadisə baş verən gün Elnur Əliyev tutulacağını düşünərək təlaşlanıb:

“Elnur Əliyev Vətən müharibəsi iştirakçısıdır, “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunub. Onu iyulun 9-da qəbul etmişdim, təlaşlandığı məsələ ilə bağlı hüquqşünas yoldaşlarla danışdım. Yanında da dedilər ki, onun həbs olunması ilə bağlı məsələ ola bilməz. Sakitləşib getdi. Amma üzərindən 10 dəqiqə keçmişdi, səhər saat 11 radələrində Cəlilabad Rayon Məşğulluq Xidmətinin qarşısında özünü yandıraraq intihara cəhd edib. Onun psixoloji durumu da bir qədər stabil deyil, həmişə ona həssaslıqla yanaşmışıq. Təəssüf ki, belə bir hadisə yaşandı. Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən ona dəfələrlə maddi yardım olunub. Yəni onun problemi məhkəmə ilə bağlı olub, tutulmaqdan qorxub”.

Elnur Əliyev iyulun 9-da Cəlilabad Rayon İcra Hakimiyyəti qarşısında özünü yandırıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Meydan TV-yə bildirilib ki, 09.07.2024-cü il tarixində saat 14:55-də 1999-cu il təvəllüdlü (kişi cinsli) şəxs yanıq xəsarəti ilə Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə hospitalizasiya olunub.

Bildirilib ki, ona boyun, gövdənin yan səthləri və hər iki yuxarı ətrafların III dərəcəli termiki yanığı diaqnozu təyin edilib.

Hazırda vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.

Araşdırmanın nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcək.

Check Also

Səfərbərlik Xidmətinin 218 əməkdaşı məsuliyyətə cəlb edilib

47 nəfərlə bağlı yoxlamanın nəticəsi Baş Prokurorluğa göndərilib Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət …