Bazar , 1 Dekabr 2024
Drone Cameras

Paşinyan Ermənistanın Azərbaycandan qaz ala biləcəyini istisna etmir

O, qaz xətti Ermənistandan keçərsə, bunun mümkün olduğunu deyir

Ermənistanın Baş naziri Nikol Paşinyan sülh müqaviləsi imzalanmaq şərti ilə Azərbaycandan qaz idxalı və ya tranzitinin mümkünlüyünü istisna etməyib.

Bunu Baş nazir sentyabrın 18-də Ümumdünya Erməni Sammitində çıxışı zamanı səsləndirib.

“Biz Azərbaycandan Naxçıvana və ya Türkiyəyə tranzit qaz kəmərinin Ermənistandan keçəcəyi ssenarisini istisna edə bilmərik”, – Paşinyan qeyd edib.

Enerji təhlükəsizliyi məsələlərini müzakirə edən Baş nazir enerji mənbələrinin şaxələndirilməsinin vacibliyini vurğulayıb:

Biz diqqəti günəş enerjisinin inkişafına və yaşıl hidrogendən istifadə perspektivlərinin öyrənilməsinə yönəltməliyik. Heç bir ölkə enerji təhlükəsizliyini tam təmin edə bilməz, ona görə də onu müxtəlif enerji mənbələri hesabına artırmaq üçün tədbirlər görmək lazımdır”.

Nikol Paşinyan. Foto: Meydan TV
Nikol Paşinyan. Foto: Meydan TV

Paşinyan onu da bildirib ki, Ermənistan regiondakı bütün ölkələrin ərazi bütövlüyünü tanıyır:

Bizim heç bir ölkəyə ərazi iddiamız yoxdur. Bəli, biz 200 kvadrat kilometrdən çox əraziləri işğal etmişik, lakin Ermənistan hökuməti bu əraziləri hərbi yolla geri qaytarmaq vəzifəsini qarşısına qoymur. Çünki hesab edirik ki, Azərbaycanla imzalanmış demarkasiya işləri ilə bağlı əsasnamə belə bir şərti təmin edir. İndi fürsətdir və çox güman ki, biz bu problemi danışıqlar yolu ilə həll edə biləcəyik”.

Hələ aprelin 25-də Ermənistan parlamentinin spikeri Alen Simonyan Bakı ilə qaz alqı-satqısı məsələsini müzakirə etməyə hazır olduqlarını bildirmişdi:

Mən bu məsələyə çox müsbət baxıram. Hesab edirəm ki, biz bu məsələni müzakirə etməliyik”.

Qanunverici orqanın sədrinin sözlərinə görə, indi də Ermənistanın Rusiyadan aldığı qazın bir hissəsi Azərbaycan üzərindən gəlir:

Mən əminəm ki, müqaviləyə əsasən, Rusiyadan onlara gəlir, sonra da Avropaya gedirsə, eyni qaz bütövlükdə bizə də gəlir”.

Azərbaycanın Prezidenti İlham Əliyev də gələcəkdə Ermənistanın Azərbaycan qazını ala biləcəyini istisna etməmişdi.

Bu barədə dövlət başçısı aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda danışmışdı.

Bu gün biz Gürcüstanın qaza olan tələbatını demək olar ki, 100 faiz ödəyirik. Təchizat həcmi ildən-ilə artır və hesab edirəm ki, 3 milyard kubmetrə çatıb. Potensial olaraq, Gürcüstan üçün qazın qiymətinin əlverişli və güzəştli olduğunu nəzərə alsaq, Ermənistan da Azərbaycan qazını ala biləcək. Yaxınlıq və infrastruktur nəzərə alınarsa, təbii ki, bu cür əməkdaşlıq təbii olardı”, – deyə Əliyev qeyd edib.

Əliyevin fikrincə, belə əməkdaşlıq Azərbaycanla Ermənistan arasında münasibətlər normallaşdıqdan və sülh müqaviləsi imzalandıqdan sonra mümkündür.

2023-cü ilin oktyabrında Tbilisi Beynəlxalq “İpək Yolu” Forumunda iştirak edən Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Akop Vardanyan Ermənistanın gələcəkdə Azərbaycandan qaz alacağını istisna etməmişdi:

Ermənistan ölkələr arasında siyasi fikir ayrılıqlarını aradan qaldırdıqdan sonra Azərbaycandan qaz almağa hazırdır”.

Münaqişənin tarixçəsi

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də isə separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

2023-cü il oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.

Check Also

SOCAR Türkiyədəki təbii qaz paylama biznesini satmağa çalışır

Bunun üçün danışıqlara başlanıldığı bildirilir SOCAR Türkiyədəki təbii qaz paylayıcı biznesini satmaq üçün danışıqlar aparır.Qurumun …