Bazar ertəsi , 14 Oktyabr 2019
Home » Siyasət » Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə iştirak edib – YENİLƏNDİ

Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə iştirak edib – YENİLƏNDİ

Sentyabrın 20-də Heydər Əliyev Mərkəzində “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə mərasim keçirilib.

Prezident İlham Əliyev mərasimdə iştirak edib.

Dövlət başçısı tədbirdə söylədiyi nitqində əlamətdar gün münasibətilə təbriklərini çatdırıb. Azərbaycanın dünyada sənaye üsulu ilə, həmçinin dənizdə neft hasil edən ilk ölkə olduğunu vurğulayan dövlət başçısı o vaxtdan bəri neftçilərimizin ölkənin iqtisadi qüdrətinin artırılmasındakı rolunu yüksək qiymətləndirib. Prezident İlham Əliyev 1990-cı illərin əvvəllərində o vaxtkı rəhbərliyin səriştəsizliyi nəticəsində yaranmış iqtisadi-siyasi böhranın ölkəni ağır vəziyyətə saldığını və belə bir zamanda xalqın tələbilə hakimiyyətə gələn ulu öndər Heydər Əliyevin uzaqgörənliyi və cəsarəti sayəsində Azərbaycanın xilas olması naminə göstərdiyi xidmətlərdən danışıb. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasını tarixi hadisə adlandıran, o zaman qarşıya çıxan çətinliklərin aradan qaldırılması üçün göstərilən səyləri xatırladan Prezident İlham Əliyev həmin dövrdə risqli bir dövlət kimi tanınan Azərbaycana xarici investorları cəlb etmək üçün Heydər Əliyevin göstərdiyi sarsılmaz iradəni xüsusi qeyd edib.

“Əsrin müqaviləsi”nin imzalanmasının ölkəmizin sonrakı inkişafındakı və Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmasındakı həlledici rolundan danışan Prezident İlham Əliyev neftdən əldə edilən gəlirlərin ilk növbədə xalqın rifahının yaxşılaşmasına yönəltmək kimi əsas məqsədə nail olunduğunu vurğulayıb. Azərbaycanın karbohidrogen ehtiyatlarını xarici bazarlara çıxarmaq üçün çəkilmiş neft-qaz kəmərləri vasitəsilə ixrac olunan sərvətimizin ölkəyə gətirdiyi faydalardan bəhs edən dövlət başçısı “Əsrin müqaviləsi”nin uğurlu icrasının əhalinin məşğulluğunun təminində, yeni nəsil ixtisaslı neftçi kadrların hazırlanmasında, sosial infrastrukturun tamamilə yenilənməsində, məcburi köçkün, şəhid və aztəminatlı ailələrin sosial problemlərinin həllində, Azərbaycanın kosmik ölkəyə çevrilməsində və respublikamızın beynəlxalq aləmdə nüfuzunun getdikcə artmasındakı həlledici rolundan söz açıb. Neftdən əldə olunan gəlirlərin qeyri-neft sektorunun tərəqqisinə da təkan verdiyini deyən Prezident İlham Əliyev neft-qaz sektorunun inkişafının davamlılığının bundan sonra da prioritet olacağını bildirib.

Sonra ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer Birləşmiş Ştatların Dövlət katibi Maykl Pompeonun məktubunu oxuyub.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Birləşmiş Krallığın Beynəlxalq Ticarət Departamentinin Beynəlxalq Ticarət üzrə Dövlət katibi Yelizaveta Trussun məktubunu oxuyub.

Daha sonra BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə çıxış edib.

Check Also

Samir Adıgözəlli: Səni kim məcbur edib ki, deputat vəsiqəni girov qoyasan?

Vətəndaşlardan külli miqdarda borc aldığına görə qalmaqala düşən və mövzu ictimailəşəndən sonra millət vəkilliyindən könüllü …