Çərşənbə , 5 Avqust 2020
Home » köşə » Qənirə Paşayeva anım günündə Rasim Ocaqovdan yazdı

Qənirə Paşayeva anım günündə Rasim Ocaqovdan yazdı

Bugün görkəmli kinorejissor, kinooperator, ssenarist, Dövlət mükafatı laureatı, Azərbaycanın “Şöhrət” ordenli Xalq artisti Rasim Ocaqovun anım günüdür.
Rasim Mirqasım oğlu Ocaqov (22.11.1933, Şəki – 11.07.2006, Bakı) – 1951-1956-cı illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində təhsil alıb. Daha sonra Azərbaycan Dövlət Teatr İnstitutunun (indiki ADMİU) rejissorluq fakültəsini bitirib. 1956-cı ildən “AzərbaycanFilm” kinostudiyasında quruluşçu-operator, 1973-cü ildən quruluşçu rejissor olub; XX yüzilin 50-ci illərinin sonlarında Bakı kinostudiyasında ilk çəkilişlərinə başlayıb. 1957-ci ildə ilk dəfə operator kimi “Bir məhəlləli iki oğlan” filmini lentə alıb. “Onun böyük ürəyi” (1958) filmi Rasim Ocaqovun ilk sərbəst işi sayılır. – Film Sumqayıt metallurqlarının həyatına həsr olunub. Bu ağır peşə adamlarının ekran həyatı operatorun kamerası ilə romantik və cəzbedici bir formaya salınıb. Bundan sonra lentə aldığı “Əsl dost”, “Bizim küçə”, “Mən rəqs edəcəyəm”, “Sən niyə susursan?” və “Skripkanın sərgüzəşti” filmlərində Rasim Ocaqov Azərbaycan kinosunda operatorluq sənətinin ən layiqli örnəklərini yaradıb.
Onun ilk rejissor işlərindən biri “Tütək səsi” olub. “Tütək səsi” öz orijinal səhnələri, çəkiliş ma-nerası, mövzunun bədii həlli baxımından Azərbaycan kinosuna xeyli yeniliklər gətirib. Bundan sonra çəkdiyi “Ad günü”, “Bağlı qapı”, “Özgə ömür”, “Park”, “Ölsəm, bağışla”, “Həm ziyarət, həm ticarət”, “İstintaq” filmlərində Rasim Ocaqov çağdaşlarının əsl obrazını yaradıb; tamaşaçıları çevrəyə diqqətlə yanaşmağa, toplumda baş verən neqativ hallara göz yummamağa çağırıb.
Məzmun rəngarəngliyi, vətənkeşlik mövqeyi, çağdaşlıq duyğusu ilə yanaşı, obrazların incə psixologizmi və olayların həyatiliyi Rasim Ocaqov sənətinin əsas cəhətlərini təşkil edir.
Dünya kinematoqrafının ən yaxşı ənənələrindən ustalıqla yararlanmış sənətkarın yaradıcılıq yolu milli kino mədəniyyəti tarixində xüsusi mərhələ sayılır. Kinooperator sənətinin zəngin imkan-larının üzə çıxarılması və təkmilləşdirilməsində Rasim Ocaqovun danılmaz və təqdirəlayiq əməyi olub. Maraqlı kinofilmlərin çəkilişində novator üsul və metodlardan ustalıqla istifadə edən görkəmli sənətkarın yaratdığı bir çox kino (və televiziya) filmləri mədəniyyətimizin incilərindən sayılır.
XX yüzilin 70-ci illərindən etibarən rejissorluq sahəsində fəaliyyət göstərməyə başlamış Rasim Ocaqov, kino mədəniyyətimizin zənginləşməsində böyük əmək sərf edib, kino sənətimizə yeni uğurlar qazandırıb. Onun ekran həyatı verdiyi bədii və sənədli filmlərlə kino salnaməmizə parlaq səhifələr yazılıb; çəkdiyi həqiqi sənət örnəkləri Azərbaycan kinematoqrafının “Qızıl fond”una daxildir.
R.Ocaqovun əsas təltiflərinin xronologiyası:
-Çeçen-İnquş MSSR Əməkdar incəsənət xadimi (1964),
-Azərbaycanın Əməkdar incəsənət xadimi (1967),
-Azərbaycan Dövlət Mükafatı laureatı (1980),
-SSRİ Dövlət mükafatı laureatı (1981),
-Azərbaycan SSR xalq artisti (01.12.1982),
-Müstəqil Azərbaycanın yüksək dövlət təltifi – “Şöhrət” ordeni.
*
6 avqust 2013-cü ildə Prezident İlham Əliyev Rasim Ocaqovun 80 illik yubileyi haqqında Sərəncam imzalayıb.
22 noyabr 2013-cü ildə Bakıda yaşadığı evdə barelyefinin açılışı mərasimi keçirilib (Barelyefin müəllifləri Azərbaycanın Xalq rəssamı Səlhab Məmmədov və Əməkdar rəssam Əli İbadullayevdir).
2017-ci ildə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı yaxşı oxuyan tələbələr üçün Rasim Ocaqov adına təqaüd təsis edib.
2018-ci ildə Şəkidə Rasim Ocaqov adına Uşaq-gənclər İnkişaf Mərkəzinin təntənəli açılış mərasimi keçirilib.
Rasim Ocaqov II Fəxri Xiyabanda dəfn olunub.
RUHU ŞAD OLSUN!

Milli Məclisin Mədəniyyət komitəsinin sədri
Qənirə Paşayeva

Check Also

Azərbaycanın xilaskarı – Vitse-Generalisimus Ənvər Paşa

Aydın Mədətoğlu QASIMLIFilologiya üzrə fəlsəfə doktoru,dosent Əsil adı İsmayıl Ənvər olan məşhur Vitse-generalisimuş Ənvər Paşa …