Çərşənbə axşamı , 16 İyul 2024
Drone Cameras

Qərbi Azərbaycan Ensiklopediyası hazırlanacaq…

Ötən günlərdə AMEA Rəyasət Heyətinin iclasında Qərbi Azərbaycan üzrə aparılan tədqiqatlarla bağlı bir sıra qərarlar qəbul olunub. AMEA prezidenti akademik İsa Həbibbəyli deyib ki, hazırda dövlət siyasətinin mühüm istiqamətlərindən birini etnik mənsubiyyətinə görə Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların ictimai-mədəni birliyinə nail olmaqla onların hüquqlarının beynəlxalq müstəvidə bərpası təşkil edir.

İ.Həbibbəyli qeyd edib ki, həyata keçirilən dövlət siyasətinə uyğun olaraq, AMEA-da Qərbi Azərbaycan tədqiqatları üzrə Əlaqələndirmə Şurası yaradılıb. Şuranın yaradılmasında əsas məqsəd Qərbi Azərbaycan icması ilə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, respublikada və AMEA-da Qərbi Azərbaycanla bağlı aparılan tədqiqatların əlaqələndirilməsi və sistemli koordinasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsindən ibarətdir.

Şuranın fəaliyyətinin daha da gücləndirilməsini təmin etmək üçün AMEA Rəyasət Heyəti tərəfindən Qərbi Azərbaycan tədqiqatları üzrə Əlaqələndirmə Şurasının tərkibinə yeni üzvlərin daxil edilməsi qərara alınıb.

Qeyd edək ki, Qərbi Azərbaycan İcması qısa zaman ərzində mühüm addımları ilə seçilib. Hətta yaranmasından az sonra Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə müraciətinin Birləşmiş Millətlər Təşkilatının (BMT) rəsmi sənədi kimi yayılması qurumun ilk uğuru kimi tarixə yazıldı. Sözügedən müraciətin BMT rəsmi sənədi kimi yayılması ilə 190-dan çox ölkə məsələ barədə xəbərdar oldu. Ümumiyyətlə, Qərbi Azərbaycan İcmasının fəaliyyəti əsasən beynəlxalq strukturlarla əlaqələndirilmiş şəkildə təmin edilir ki, bunun üçün də Qərbi Azərbaycan Ensiklopediyası olduqca mühüm əhəmiyyət kəsb edə bilər.

Etnik təmizləməyə məruz qalan soydaşlarımız…

Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Qərbi Azərbaycan ensiklopediyasını yaratmaq görülməli olan vacib işlər sırasındadır: “Çünki ensiklopediyada tarixi torpaqlarımız olan Qərbi Azərbaycanın tarixi, coğrafiyası, etnoqrafiyası, adət-ənənəsi, folkloru, maddi və qeyri-maddi mədəni irsi, şəxsiyyətləri və s. ilə bağlı çoxlu məlumatlar, oçerklər toplanmalıdır. Təbii ki, Qərbi Azərbaycan İcması bu prosesdə iştirak edəcək. Çünki Qərbi Azərbaycan İcmasının sturukturu belədir ki, biz Qərbi Azərbaycanın sonuncu deportasiyadan qabaqkı ərazi-inzibati bölgüsünə uyğun olaraq bütün kəndlər və rayonlar üzrə icmalarını formalaşdırmışıq. Və bu icmalarsız həmin coğrafiyanın tarixi, insanları, xüsusilə mikrotoponimləri, tayfaları, abidələri, tarixən o ərazidə yaşayan insanların məşğuliyyəti və s. ilə bağlı informasiyaları toplamaq son dərəcə çətin məsələdir”.

Millət vəkili sonuncu deportasiya və ondan qabaqkı deportasiyalar zamanı Qərbi Azərbaycandan çoxlu sayda soydaşlarımızın etnik təmizləməyə məruz qaldığını bildirib. O vurğulayıb ki, çıxarılan soydaşlarımız bu gün demək olar ki, Azərbaycanın bütün bölgələrinə, hətta xarici ölkələrə səpələniblər, bu gün kənd və rayon icmaları olmadan onlarla əlaqə saxlamaq çətin və qeyri-mümkündür: “Həmin kəndlərin icması olmadan bu kəndin ərazisi, adamları, bu adamların haralarda məskunlaşdığı, onların milli-mənəvi dəyərləri, adət-ənənələri, məişəti və s. barədə necə məlumat almaq olar? Halbuki icmalar vasitəsilə belə məsələləri çox asanlıqla həll edə bilirik”.

Əvvəlcə sözlük hazırlanmalıdır…

Ə.Ələkbərlinin qənaətincə, bir coğrafiyanın ensiklopediyasını yaratmaq çox çətin və spesifik məsələdir. Bu işə mütləq o coğrafiya ilə bağlı fəaliyyəti olan bütöv bir mütəxəssis qrupu cəlb olunmalıdır, elmi oçerklər yazılmalıdır: “Amma bundan əvvəl ilk növbədə bu ensiklopediyanın sözlüyü hazırlanıb ortaya qoyulmalıdır. Təkcə bu sözlüyün hazırlanması ağır zəhmət tələb edən bir məsələdir. Bu sözlüyü tərtib etməyin özü belə kənd icmaları olmadan mümkün deyil”.

Ortaya çıxarılmamış faktlar…

İcma sədri bildirib ki, Qərbi Azərbaycan bütöv Azərbaycanın tarixi bölgələrindən biridir, zəngin tarixi irsə malikdir. Hətta tarixin min ildən artıq dönəmində Cənubi Qafqazın ən önəmli dövlətlərinin paytaxtı bu coğrafiyada yerləşib, burada qədim Azərbaycan şəhərləri mövcud olub: “Onların hamısı ilə bağlı çoxlu tarixi mənbələr var. Təsəvvür edin, Heredotdan üzü bəri istər yunan mənbələrində, istər ərəb mənbələrində, istərsə də sonradan erməniləşdirilmiş mənbələrdə, daha sonrakı dövrlərdə Osmanlı və rus, hətta gürcü mənbələrində, çoxlu xarici səyyahların əsərlərində Qərbi Azərbaycan coğrafiyası ilə bağlı çoxlu faktlar var. Bu faktların da hamısı ortaya çıxarılmalıdır. Ensiklopediya bütün bunların hamısını ehtiva etməlidir”.

Ə.Ələkbərli vurğulayıb ki, Qərbi Azərbaycandan çox böyük tarixi şəxsiyyətlərimiz çıxıb, onların hamısı həmin ensiklopediyada əks olunmalıdır. “Əcdadlarımız Qərbi Azərbaycanda min illər boyu yaşadıqları üçün bu coğrafiyada çox zəngin mədəni irs nümunələri, tarixi-mədəni abidələr yaradıblar. Bu abidələrin indiyə qədər dəqiq reyestri çıxarılmayıb. Doğrudur, bu istiqamətdə bəzi tədqiqatlar aparılıb, amma bu, yetərli deyil, elə pir, ocaq və ziyarətgahlarımız var ki, qətiyyən qeydiyyata alınmayıb. İcmalarımız vasitəsilə bütün bunlarla bağlı dəqiq məlumatlar toplanmalı, görüntülər əldə olunmalıdır”, – deyə icma rəhbəri əlavə edib.

Bu sənədlər ensiklopediyaya daxil edilməlidir

Ə.Ələkbərli qeyd edib ki, Qərbi Azərbaycan barədə Osmanlı arxivlərində də çoxlu faktlar, sənədlər var. Bu sənədlər də ortaya qoyulmalıdır: “Bir sözlə, ensiklopediyanın yaradılması çox vacib məsələdir. Bu məsələdə Qərbi Azərbaycan İcması mütləq və geniş şəkildə iştirak etməlidir. Qərbi Azərbaycan İcmasında təmsil olunan elm adamları, mütəxəssislər prosesə cəlb edilməklə bu ensiklopediya yaradıla ərsəyə gələ bilər. Şübhəsiz ki, AMEA və Milli ensiklopediya qurumları bu məsələnin həyata keçirilməsində aparıcı rol oynayacaq. Hesab edirəm ki, Qərbi Azərbaycan Ensiklopediyasının çoxcildliyinin ortaya qoyulması Azərbaycanın mədəni-ictimai, elmi həyatında böyük hadisə olacaq”.

Check Also

Muxtar Babayev ATƏT-in baş katibi ilə görüşüb

COP29-un prezidenti Muxtar Babayev Azərbaycanda səfərdə olan ATƏT-in baş katibi Helqa Mariya Şmid ilə görüşüb. …