Cümə , 12 Avqust 2022
Home » Siyasət » Qəzetlərin bizneslə reklam müharibəsi, Hacının 57 min rublu… – Aydın QULİYEV yazır…

Qəzetlərin bizneslə reklam müharibəsi, Hacının 57 min rublu… – Aydın QULİYEV yazır…

Dövlət Vergi Xidmətinin tanınmış və dövlətin dəstəyi ilə çap edilən gündəlik qəzeti gəlirə görə(?) 4 min manat cərimələdiyi şəraitdə “Allah bir daha Prezidentə, onun insafına və iradəsinə versin” deyərək məsələnin üstündən keçmək də olardı. Məsələ isə odur ki, iş adamlarımız və xeyriyyəçilərimiz niyə 19-cu əsrin sonlarında Hacı Zeynalabdinin etdiyi, olduğu kimi ola bilmir, mətbuata dəstəyə milli mənafelərə xidmət kimi baxa bilmir və sair.

Ölkənin Prezidenti qəzetlərin dövlətçilikdəki vacib roluna rəğmən onların fəaliyyətinə bacardığı həddə dəstək verdiyi halda, Vergi Xidməti Prezidentin yardım olaraq qəzetlərə ayırdığı vəsaitdən sanki qarşısındakı fabrik, zavod imiş kimi davranaraq böyük məbləğdə cərimələyib pulunu tutur, iş adamları isə  “əndamını düzəltmək” istəyən bir müğənninin plastik əməliyyatına və özünün pul gətirən  məhsulunun kommersiya reklamına böyük həvəslə pul ayırır, Prezidentin mətbuata dəstəyindən heç bir dərs çıxarmayaraq beş-üç manat şəxsi qazancı və şou-müğənnilərə cəlbedici bədən yığdırmağı daha üstün tuturlar. Bax buna görə lap əvvəldən yazdım ki, Allah Prezidentin işlərinə qüvvət versin və o da mətbuatı dəstəkləməkdə davam etsin… Bəlkə heç Vergi Xidmətinin rəhbərliyi Prezidentin qəzetlərə ayırdığı yardımı mənfəət sayaraq ondan iri məbləğdə cərimə tutmağın ən azı qəbahət olduğunu sonadək anlamayacaqlar?! İş adamları isə öz mal və xidmətlərinin TV-lərdə

reklamından gələn pullara və ora-burası yığdırılmış “sənətkar xanımlara” baxaraq məsti-xumar olmaqdan heç ayılmayacaqlar?!.. Çap media elə batmalıdır? Məgər Prezidentdən başqa qəzetlərin bir yiyəsi-sahibi olmalı deyilmi? İş adamlarının “sosial məsuliyyəti” deyilən bir anlayış yoxdurmu? Aydın məsələdir ki, reklama yönəltdiyi hər manatdan real gəlir götürmək və ideal estetika ilə yığdırdığı bədənlərdən mənəvi zövq almaq barədə düşünən biznesmenin nə sosial məsuliyyəti, nə də milli burjuaziya sayılmağa mənəvi haqları var. Belələri “bir ətək pul xərcləyərək ancaq aldığı malın necəliyini görmək üçün yanıb-yaxılan ideyasız, konfortist Məşədi İbadlardan heç fərqlənməyən davranış nümayiş etdirə bilərlər, vəssalam. Ancaq biz buyuqmu? Axı pulunu ancaq “mala” qoymaqdan həzz alan Məşədi İbadlardan savayı 19-cu əsrin sonlarından başlayaraq milli mənafelərə ən unikal xidmət üsulları tapan Hacı Zeynalabdinlərimiz də var idi…

İstedadlı jurnalist, alim Natiq Məmmədli AZ.TV-nin efirində olduqca maraqlı ideya irəli sürdü. Natiq müəllimin zahirən ritorik görünən sualının içində özünü sponsor, ya xeyriyyəçi sayan iş adamlarını sözün yaxşı mənasında silkələyən, silkələməli olan  mətləb gördüm. Natiq Məmmədli sual etdi – “Məgər 1897-ci ildə 57 min rubl qoyaraq “Kaspi” qəzetini satın alan Zeynalabdin Tağıyev qazanc barədə düşünürdü?”… Tağıyev bilmirdi ki, qəzet pul qazandıran iş deyil?.. Neft maqnatı olan şəxsin qəzet puluna ehtiyacı ola bilərdimi? Tağıyev satın alandan sonra “Kaspi” qəzetinin işinə heç müdaxilə etmədi, ona sərbəstlik və daha azad fəaliyyət imkanı verdi, deməli, o 57 min rublu “Kaspi”nin yaşaması üçün vermişdi, adını da ona görə satın almaq qoymuşdu ki, qurd kimi ağız-ağıza yatmış erməni maqnatlar milli mətbuatımızı ələ ala bilməsinlər. Gördünüzmü, Tağıyev milli mənafelərə hansı unikal xidmət nümunəsi yaratdı?!.. Neft biznesini də qurmuşdu, xaricdə tələbə də oxutdururdu, sponsorluq və xeyriyyəçilik də edirdi, bu cür milli mənafelərə fədakar xidmət nümunələri də ortaya qoyurdu.

İstehsal olunmuş malın və xidmətlərin TV-lərdə, saytlarda reklamı təbii ki, çox pul qazanmağa xidmət edir. Malı nə qədər çox adam görsə, müştərinin bir o qədər çoxalması ehtimalı var. Ancaq gətirdiyi qazancın müştəri sayı ilə ölçülməyən “mal və xidmət” növləri də var axı… Tağıyevlərin mətbuata dəstəyinin əzəməti və böyüklüyü məhz onda idi ki, burada müştəri sayı rol oynamırdı, müştəri də, alınan-satılan bir şey də yox idi, milli mənafe və ona xidmət var idi ki, onun da ən klassik “mətbuat nümunəsini” Tağıyev yaratdı. Məhz bunlara görə tarixdə qaldı. Neft pullarını Paris restoranlarında, özləri ilə uzaq ellərə götürdükləri “xanımların” yolunda son qəpiyinə qədər daşa vurub başa  çıxanların bircəciyi tarixdə qaldımı?!..

Başa düşürük ki, iş adamlarını ilk növbədə kommersiya reklamı, yəni adamların gözünə görünən kimi gəlir gətirən və gəlir artıran reklamlar maraqlandırır. Bu cəhətdən onların TV və onlayn medialara üstün meyllənmələri başa düşüləndir. Bəs çap medianın dövlət və ictimai mənafelər üçün son dərəcə vacib və heç bir TV və onlayn medianın görə bilmədiyi işlərini kim görsün? Çap medianın funksiyalarında elə ştrixlər var ki, bunları yalnız onun özü etməlidir. Bu, “whatsapp”da xəbər yazmaq və ya mobil telefonda canlı yayım açmaq deyil ki… Məhz həmin vacib funksiyalara görədir ki, hələ dünyanın heç bir dövləti çap mediadan imtina etməyib. Oxucu sayı azalsa da, köklü çap medialar fəal saytlar, canlı TV yayımları kimi yeni üsullarla informasiya məkanında yeni duruş üsulları tapıblar. TV və onlayn medialar yalnız özləridir, çap media qurumlarının bir çoxu isə həm qəzet, həm də sayt və internet TV yayımından ibarət mürəkkəb struktur halına gəlib. Onların gücü hələ bununla məhdudlaşmır. Azsaylı oxucular dediyi bu kontingenti çoxsaylı tamaşaçılar kontingentindən aşağı tutan reklamçıların unutduğu böyük bir məqam var. Onların azsaylı oxucu yarlığı vuraraq “bizim malımızı çox adama göstərməkdə qəzetlərin imkanları məhduddur” deməsi müqabilində çap media bir gün onlara öz gücünü göstərmək fikrinə düşsə nə baş verəcəyi məlumdur. Öz reklamlarını çap mediadan əsirgəyən “sponsor və xeyriyyəçi” biznesmenlər qazanclarının birini özləri yeyib ikisini İlham Əliyevin adından nəzir-niyaz paylasınlar ki, onların qismətinə belə Prezident düşüb. Elə Prezident ki, çap medianın bütün qayğılarını öz çiyninə çəkərək iş adamları ilə onların reklam üçün yararsız saydıqları qəzetlərin arasında mövqe tutur. Əks halda bu qəzetlər o iş adamlarının “cıbrığını” çıxardar və tək reklam üçün yox, çox şeylər üçün hansı gücə və haqqa sahib olduqlarını sübut edərlər…

Siz bir bunların radio-TV-lərdə verdirdikləri reklama baxın. “Aa, nə gözəl bağ evin var? Bəs otaqda bu nə səs-küydür? -Əşi, demə, qonşunun filan borusundan səs gəlməsin deyə televizorun səsini yüksək edirik” və bu biabırçı reklam mətninin davamı da var. Hansısa borunu guya reklam edib daha çox adamın eşidib görməsini istəyirlər. Ancaq əslində daha çox adamın gözündə mallarını dəyərdən salırlar. Camaat deyir, ay əbləh, o hansı bağ evidir ki, qonşuların mənzil divarları ortaqdır? Bina mənzillərində bu ola bilər. Bəs o halda reklam mətninin ilk cümləsinə “nə gözəl bağ evin var” ritorikasını hansı ağılla salıbsan? O tərifli borunu elə bu ağıllamı reklam edirsən?..

Görürsünüzmü, adi bir vəziyyətdir, TV və onlayn mediada kommersiya reklamları ilə milyonlarla qazancın dalınca qaçanları bir anda küllü-kufan etmək olar. Bax buna görə, yazıram ki, İlham Əliyev kimi Prezidentə çap mediaya dəstəyinə görə jurnalistlər, qəzetlərin haqlı qəzəbindən yan keçə bildikləri üçünsə “sponsor-xeyriyyəçi” iş adamları minnətdar olmalıdır.

Niyə olmaz ki, elmi dildə sosial məsuliyyət, sadə dildə cəmiyyət, millət qarşısında vicdan deyilən şeyə sahib olasınız? Hər şey pulla ölçülə bilməz ki… Yenə Natiq Məmmədlinin sözləri, yenə Hacı Zeynalabdinin 57 min rublu… Kommersiya reklamlarınızı onun-bunun müalicəsi adı altında dələduzluqla pul toplayan şou TV proqramlara yönəldə bilərsiniz, üstəlik şou aparıcılarla “bu gün sənə 50 min verib ayın başında 150 min alacam, qondarma xəstələri tapıb efirə çıxarmaq da sənin işindir” kimi murdar sövdələşmələrə gedə də bilərsiniz. Ancaq millətə, dövlətə, həqiqi insanlara lazım sosial reklam layihələri üzərində çap media ilə qəzetlərin misilsiz əməkdaşlıq formatlarını qurmaq olar. Sosial reklam mövzuları saysız qədərdir. Ekologiya, narkomaniya, fanatizm, erkən nikahlar, boşanmalar, övlad laqeydliyi, valideyn məsuliyyətsizliyi, cəhalət və sair kimi nə qədər sosial reklam üçün “yanan” mövzular var… Fotolar, karikaturalar, bir-iki sözlük “adamı evdən çağıran” qısa cümlələr, samballı və sensasiyalı məqalələr, sənədli povest və oçerklər və sair…

Yol uzun, üsul çoxdur. Çap media onsuz da yaşayacaq. Çünki Prezident özü onun qarantı olmaq missiyasını çiyninə çəkib. Ancaq çap media ilə biznesin sosial reklam əməkdaşlığı problem kimi həllini tapmalıdır. Tapmalıdır ki, hamıya yaxşı olsun, iş adamları sosial məsuliyyətin nə olduğuna işdə alışsınlar, çap media daha təminatlı fəaliyyət göstərsin, cəmiyyət öz həyatını sosial reklamlarda daha geniş görsün, Prezident də bir daha əmin olsun ki, uğrunda onun da çox səylər göstərdiyi ölkənin sosial məsuliyyətli iş adamları zümrəsi nəhayət formalaşmağa və çap medianı da əhatə etməyə başlayır… Əks halda…

Nə vaxtsa çap media ilə biznes strukturlarının amansız sosial reklam davaları qaçılmaz ola bilər…

Aydın QULİYEV

Check Also

Gənclər təşkilatlarının yeni PR strategiyası Şamaxıda müzakirə olundu

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə 6-9 …