Çərşənbə axşamı , 16 İyul 2024
Drone Cameras

Qarabağ və Şərqi Zəngəzurda tibbi xidmətin təşkilində xüsusi fərqlənən bir qrup tibb işçisi təltif edilib

Səhiyyə nazirinin müvafiq əmrinə əsasən, 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü ilə əlaqədar işğaldan azad edilmiş ərazilərdə yeni yaradılan xəstəxanalarda peşə fəaliyyəti zamanı xüsusi fərqlənən, eyni zamanda Türkiyədə baş vermiş zəlzələ nəticəsində xəsarət alanlara tibbi yardım göstərmək məqsədilə qardaş ölkəyə ezam olunmuş bir qrup tibb işçisi qüsursuz və səmərəli fəaliyyətlərinə görə “Fəxri Fərman”la təltif olunub.

Boyukmillet.com xəbər verir ki, bununla əlaqədar iyunun 17-də Səhiyyə Nazirliyində təltif olunan tibb işçilərinin təqdimat mərasimi keçirilib.

Tədbirdə çıxış edən səhiyyə naziri Teymur Musayev vurğulayıb ki, müxtəlif ixtisaslar üzrə təsis olunan peşə bayramları həmin sənətin sahiblərinə cəmiyyətin və dövlətin yüksək dəyər verməsinin göstəricisidir: “Bu baxımdan, 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü bizim üçün ikiqat əhəmiyyət kəsb edir. Çünki bu peşə bayramı bir tərəfdən cəmiyyətin tibb işçilərinin əməyinə verdiyi yüksək qiymətin ifadəsidirsə, digər tərəfdən, Azərbaycanın tibb ictimaiyyətinə şəxsən Ümummilli Lider Heydər Əliyevin hədiyyəsidir”.

Nazir 105 illik bir dövrdə Azərbaycan səhiyyəsinin şərəfli və çətinliklərlə dolu bir yol keçdiyini qeyd edib: “Bu müddət ərzində həm müharibələr, həm epidemiya və pandemiyalar zamanı səhiyyəmiz öz hazırlıq və cavab imkanlarını yüksək peşəkarlıq səviyyəsində nümayiş etdirib”.

O söyləyib ki, Prezident İlham Əliyevin göstərişinə əsasən Türkiyəyə ezam olunan tibb heyətimizin fəaliyyəti qardaş ölkədə də yüksək qiymətləndirilib: “Tibb personalımız Kahramanmaraşda Türkiyə Səhiyyə Nazirliyinin nümayəndələri ilə qarşılıqlı əlaqədə yüksək peşəkarlıq nümayiş etdirərərək, zəlzələdən zərərçəkmiş vətəndaşlara tibbi yardım göstəriblər”.

T.Musayev bildirib ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində azad edilmiş ərazilərdə yeni xəstəxanalar və tibb mərkəzlərinin yaradılması istiqamətində genişmiqyaslı layihələr icra edilir.

Tədbirin sonunda T.Musayev bir qrup tibb işçisinə fəxri fərmanlar təqdim edib.

Check Also

TƏBİB rəsmisi: 2024-cü ilin ilk üç ayı ərzində vətəndaşlara 5 852 017 tibbi xidmət göstərilib

TƏBİB tərəfindən tabeli tibb müəssisələrində əhalinin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi, göstərilən ixtisaslaşdırılmış tibbi xidmətlərin …