Çərşənbə axşamı , 23 İyul 2024
Drone Cameras

Qiymət artımı nələrə səbəb olacaq?

Ərzaq bahalaşması gözlənilir

İyunun 30-da Tarif Şurası ölkədə bir sıra xidmətlərin və məhsulların qiymətinin artırılmasına qərar verib.

Aİ-92 benzini, dizel yanacağı, metro və avtobusda gediş haqqı artırılıb, məişət tullantılarının daşınması tarifi əvvəlki qiymətinə baxanda 2-3 dəfə qalxıb.

Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 10 qəpik artırılaraq 1,10 manat, dizel yanacağının isə 1 litr üçün 20 qəpik artırılaraq 1 manat müəyyən edilib.

Gediş haqları isə 0.40 qəpikdən 0.50 qəpiyə yüksəlib.

Bahalaşmanın təsiri necə gözlənilir?

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli bildirir ki, yanacağın qiymətinin artması yaxın günlərdə ərzaq bahalaşması ilə qarşımıza çıxacaq:

“Nəqliyyat xərcimiz 25 faiz bahalaşdı. Bu, kəndlinin belini qırmaq deməkdir. Çünki nəticəsi kənd təsərrüfatında istehsal xərclərini artıracaq. Növbəti aylarda kəskin ərzaq bahalaşması gözlənilir”.

Seçki ərəfəsi verilən bahalaşma qərarı

Başqa bir iqtisadçı Natiq Cəfərli bildirir ki, heç bir hökumət seçkilərdən öncə qiymət qaldırmaz, qeyri-populyar qərar verməz, əgər hökumət bu addımı atıbsa, deməli, hətta iki ay gözləmək istəmir, imkanlar məhduddur:

“Xərclər artır, gəlirlər sürətlə azalır və onu da deyim ki, bu, başlanğıcdır, yaxın aylarda kommunal xidmətlər də bahalaşacaq, 2025-ci ildə manat da ucuzlaşacaq”.

Qiyməti qalxan xidmətlərdən biri də məişət tullantılarının daşınması tarifidir.

İqtisadçı Rövşən Ağayev bildirir ki, qiyməti birdən-birə 2,3 dəfə artırıblar.

“İndiyədək Abşeron ərazisində əhali kateqoriyası üçün tariflər aylıq adambaşına 0,3 manat idi, indidən sonra 0,7 manat ödəməli olacağıq. Başqa əraziləri bilmirəm, Xırdalanda bu xidmət 10 qəpik olsa belə, bahadır. Zibillər vaxtlı-vaxtında daşınmadığı üçün küçə və məhəllələrdə antisanitariya baş alıb, gedir. Xüsusilə küləkli havada küçələrdə göydə uçuşan polietilen paketlərin, kağız və karton qutuların əlindən hərəkət etmək olmur. Hələ bunun üfunət qoxusu da var”.

“Zibillərin daşınması ilə bağlı alınan ödəniş qeyri-şəffafdır”

İqtisadçı deyir ki, bu ödənişləri həm də nağd alırlar. Niyə? Bu suala cavab verən yoxdur:

“Reytinq tərtib edilsə, ən qeyri-şəffaf ödəniş növüdür. Üstəlik, bu ödənişi ən qeyri-şəffaf strukturlar toplayanda vəziyyət daha da tündləşir”.

Ölkədaxili müntəzəm şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tarifləri də yüksəlib. Əvvəl Bakıdan Sumqayıta avtobusla 60 qəpiyə gedilirdisə, indi bu qiymət 70 qəpikdir.

Bakı-Naxçıvan/Naxçıvan-Bakı təyyarə biletlərinin qiymətinin yuxarı həddi isə 70 manat müəyyən edilib.

Beləliklə, bilet yerlilər üçün 60, xaricilər üçün 70 manat olub.

Check Also

“Kərə yağı” etiketi altında satılan “xəstəliklər”

Mütəxəssislər deyir ki, işbazlar ölkədə müstəqil laboratoriyanın olmamasından istifadə edirlər “Sıxılmış, ikinci dərəcəli, atılmalı, heyvan …