Çərşənbə axşamı , 23 İyul 2024
Drone Cameras

Ramiz Mehdiyevin kürəkəni sahibkarın bağ sahəsini zəbt etməkdə ittiham olunur

Məhkəmə keçmiş deputatın əleyhinə qərar çıxarıb

2010-2020-ci illərdə Milli Məclisin deputatı olmuş İlham Əliyev Şabranın kəndlərində sahibkar Mansur İbrahimovun 52 hektar bağ sahəsini zəbt etməkdə ittiham olunur. Sahibkar bununla əlaqədar onu məhkəməyə verib.

Sumqayıt Kommersiya Məhkəməsində hakim Fərman Həmidlinin sədrliyi ilə Mansur İbrahimovun iddiasına baxılıb. Mansur İbrahimov iddiada göstərib ki, İlham Əliyev “Turaz” şirkətinin 400 hektarlıq bağ torpaq sahəsinə ona məxsus 52 hektar ərazini də qataraq, zəbt edib:

“Halbuki, həmin torpaq sahəsi dövlət reyestrində mənim mülkiyyətimdədir”.

İyulun 4-də Sumqayıt Kommersiya Məhkəməsi onun iddiasını təmin edib – Mansur İbrahimova məxsus 52 hektarlıq torpaq sahəsinin boşaldılmasına qərar verib.

Lakin İlham Əliyev və vəkili bununla razılaşmır.

4 ildir ki, Azərbaycandakı müxtəlif məhkəmələrdə Mansur İbrahimovla İlham Əliyev arasında çəkişmə gedir. Sahibkar iddia edir ki, sabiq deputat əsassız vəsatətlərlə, məhkəməyə müraciətlərlə süni şəkildə prosesi uzadır. Onun sözlərinə görə, proses uzandıqca, bundan İlham Əliyev özü faydalanır:

“Zəbt olunan bağlar onun nəzarətində qalır, ağacların meyvələri yığılıb satılır, böyük gəlir götürür”.

İlham Əliyev 2011-ci ildə Mansur İbrahimovla birgə fəaliyyətə başlayıb, az sonra isə aralarındakı narazılığa görə ayrılıblar.

İlham Əliyev Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin kürəkənidir. Ramiz Mehdiyev və kürəkəni vəzifədən gedəndən sonra sahibkar Daxili İşlər Nazirliyinə şikayət edib. Şikayəti əsasında araşdırma aparılıb, “Turaz” MMC-nin Şabrandakı torpaq sahələri ölçülüb, kimin mülkiyyətində olması müəyyənləşdirilib.

“Məlum oldu ki, Ramiz Mehdiyevin kürəkəni mənə məxsus 83 hektar bağ torpaq sahəsini zəbt edib. Əvvəl 2020-ci ildə bu məsələyə Şabran Rayon Məhkəməsində baxıldı. Şikayətim təmin olundu. İlham Əliyev apelyasiya şikayəti versə də, qərar dəyişmədi. Ali Məhkəməyə də getdi, nəticə dəyişmədi”.

O əlavə edib ki, hazırda Ali Məhkəmədə “Turaz” şirkətindəki şərikliklərilə bağlı da şikayət var:

“Mən şirkətə 2 milyon 578 min 220 manat vəsait qoymuşam. Bu məbləği məhkəmə-mühasibatlıq ekspertizası müəyyən edib. O, həmin məbləği mənə ödəməlidir”.

İlham Əliyev isə sahibkarın dediklərinin əsassız olduğunu bildirir. Onun vəkili də məhkəməyə bununla bağlı etiraz təqdim edib.

Check Also

Əl-Caber: COP üçlüyü iqlim dəyişikliyi ilə mübarizədə siyasi impulsun saxlanmasında böyük rol oynayacaq

Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Braziliyadan ibarət COP üçlüyü iqlim dəyişikliyi ilə mübarizədə siyasi …