Çərşənbə , 5 Oktyabr 2022
Home » Müsahibə » Rübabə Səməndər: Atam özgələrin sevincinə, öz sevinci kimi sevinməyi bacarırdı

Rübabə Səməndər: Atam özgələrin sevincinə, öz sevinci kimi sevinməyi bacarırdı

Elə peşələr var fədakarlıq tələb edir. Hətta xəstə olsan belə işini icra etmək məcburiyyətindəsən. Jurnalistlər, polislər, həkimlər, hərbiçilər və aktyorlar həmin peşə sahiblərindəndir. Onların hər biri öz peşələrinin çətinliklərinə yaxşı bələd olduqları halda sevərək onu seçirlər. Öz işinə vurğun olanlardan biri də mərhum sənətkarımız, aktyor Səməndər Rzayev idi. Keçdiyi sənət yolundan bir an belə yorulmadı. Teatra bağlı adam elə “Beynəlxalq Teatr Günün”-də də dünyadan köçdü.

Boyukmillet.com- un növbəti müsahibi aktyor Səməndər Rzayevin qızı teatrşünas və jurnalist Rübabə Səməndərdir.

Səməndər Rzayevin adı çəkiləndə yaratdığı obrazlara görə gözümüz önündə zəhimli insan canlanır. Real həyətda da zəhmli idi atanız?

  • Əslində bu sualı çox verirlər mənə. Yəni onu şəxsən tanımayan, sadəcə sənətinə pərəstiş edən insanlar deyir ki, zəhmli, yaşından böyük, görünürdü. Yaşından böyük görünməyinin əsas səbəbi artıq çəkili olması, bir də daxili olğunluğu idi. Xarakter baxımından isə çox sadə, səmimi, hətta mən deyərdim, sadəlöhv insan idi. Düşüncə tərzi, dünyaya baxışı, savadı, səviyyəsi, insani kefiyyətləri ilə seçilirdi. Atam olduğu üçün demirəm. İnsanları ideallaşdırmağı xoşlamıram. Onu şəxsən tanıyan insanlar yəgin ki, dediklərimi təsdiqləyər.
  • Atamın rolları da yaşından böyük idi. Görünür həmin rollar ona fakturasına görə verilirdi. Əksərən hansısa tamaşada, yaxud filmdə onun övladı rolunda çıxış edən aktyorlar, ya ondan yaşca böyük, ya da demək olar, yaşıdı olurdular. Misal üçün,”Od içində vahə” filmində atamın oğlunu canlandıran mərhum sənətkarımız Yalçın Rzazadə atamdan bircə yaş kiçik idi. Televiziya tamaşalarından birində atamın oğlu rolunda çıxış edən Tariyel Qasımov atamdan 7 yaş böyükdür. “Babamın babasının babası” filmində onun oğlunu oynayan Eldəniz Rəsulov isə atamdan 7 yaş kiçikdir.
    Atam daxilindəki uşağı öldürməyən insanlardan idi. Özü də elə böyük uşaq idi.
  • Anam həmişə deyirdi ki, mənim üç övladım var Onlardan ən kiçiyi isə Səməndərdir. Həssas və olduqca ürəyi yumşaq, kövrək insan idi atam. Təbii ki, onun da özünə görə mənfi cəhətləri vardı. Hərçənd, mən o mənfi cəhətlərin heç birini görməmişdim. Yeganə mənfi cəhəti sağlamlığının qayğısına qalmaması idi. “Harda qırılar-qırılar” prinsipi ilə yaşayırdı. Doğrudan da günlərin bir günü, çox təəssüf ki, 41 yaşında qırıldı. Təkcə özü həyatdan köçmədi. Tək özünün yox, bütün ailəsinin faciəsi oldu. Çox guman, tale, qismət məsələsi də rol oynadı.
  • Mən yaradana asi çıxmıram. Düşünürəm, görünür, belə olmalı imiş. Bütün ağrı-acılara, haqsızlıqlara baxmıyaraq, çox sənətkarın qibtə edə biləcəyi sənətkar taleyi yaşadı. Xalqın sevgisini qazanmağı, özünü təsdiq etməyi bacardı. Onun sənətinin böyüklüyünü qəbul etdilər. Əgər bu gün xatırlanırsa, deməli doğurdan da özündən sonra iz qoya bilib. Mənə görə, sənətkar üçün bundan böyük xoşbəxtlik ola bilməz. Bu mənim üçün ən böyük bir təsəllidir.
  • Atanızın ən çox sevdiyi obrazı hansı idi?
  • Təbii ki, atamın yerinə bu suala cavab verə bilmərəm. Amma düşünürəm ki, ən çox sevdiyi rollarından biri sonuncu rolu idi. Mərhum rejissorumuz Hüseynağa Atakişiyevin Qorkinin eyniadlı pyesi əsasında hazırladığı “Həyatın dibində” tamaşasında yaratdığı Satin obrazını deyirəm. Hüseynağa Atakişiyev o zaman Akademik Milli Dram teatrına baş rejisor təyin olunmuşdu. Atamla bir çox maraqlı işləri olacaqdı. Artıq planlaşdırmışdılar. İstədiyi rolları oynayacaqdı.
  • Eşitdiyimə görə, növbəti tamaşa Molyerin “Falstaf” əsəri olmalı idi. Atam həmin səhnə əsərində ən çox arzuladığı Falstaf obrazını canlandıracaqdı. Amma təəssüf ki, ömür vəfa etmədi. Əslində çox planları vardı. Əgər yaşasaydı, həyatında müsbətə doğru çox dəyişikliklər olacaqdı. Amma alınmadı. Görünür qismət deyilmiş.

  • Atam 41 illik ömründə çox çətinliklərlə, ağrı-acı ilə, haqsızlıqlarla üz-üzə gəldi. Səhhətində problemlər vardı. İstədiyi rolları vermirdilər. Filimlərə az çəkirdilər. Çəkmək istəyəndə də alınmırdı. Çünki teatrda 3 növbə tamaşa salırdılar. Üstəlik, dublyor da vermirdilər. Bir gündə eyni tamaşada üç dəfə səhnəyə çıxmağa məcbur olurdu. Bu da ona qarşı çox böyük haqsızlıq idi. Bilmirəm, niyə belə edirdilər.

  • Atam insanları çox sevirdi. O adamın qəlbində paxıllığa, kin-küdurətə zərrə qədər yer yox idi. Mən şikayətlənməyi xoşlamıram. Hər şeyi olduğu kimi qəbul etməyə çalışıram. Onun vəfatı ailəmiz üçün çox ağır dərd oldu. Amma nə yaxşı ki, rol aldığı tamaşalar, filimlər var. Radioda səsi qorunur. Hər dəfə həmin tamaşalara, filmlərə baxanda onun yoxluğunu unuduram. Bütün övladlara ataları doğma və əzizdir. Amma heç də hər kəs mənim qədər şanslı deyil ki, darıxanda atasının səs yazılarını dinləyib, görüntülərini izləyə bilsin.
  • Sizi özü ilə film çəkilişlərinə, məşqlərə aparırdı?
  • Bəli, aparırdı. Akademik Milli Dram teatrında dəfələrlə tamaşaların məşqində olmuşam. Yazıçı, dramaturq Nahid Hacızadənin “Məhəbbət yaşadır” əsəri əsasında hazırlanan eyniadlı tamaşanın məşqlərində 3-4 dəfə iştirak etmişəm. Kiçik səhnədə məşq edirdilər.
  • Tamaşa iki tərkibdə oynanılırdı. Amma nədənsə bütün aktyorların dublyoru olduğu halda, atamın dublyoru yox idi. Bunu bəzi insanlar atama verilən yüksək dəyər kimi qiymətləndirir. Amma bilmirlər ki, bir aktyor üçün dublyorsuz işləmək çox çətindir. Bu aktyoru çox geri salır. Vaxtını və enerjisini alır. Sənət baxımından inkişafına çox manə olur. Amma nə edə bilərdi? Məcburdu oynamağa.

  • Bir də radioya aparırdı məni. Bulağın yazılışında bir neçə dəfə olmuşam. Ümumiyyətlə yaradıcılıq prosesini izləməyi uşaqlıqdan xoşlayıram. Atamla harasa getmək, onunla vaxt keçirmək olduqca maraqlı və əyləncəli idi.
  • Xalq artisti adını ala bilməmək məyusluğunun səhhətində ciddi problemlər yaratdığı fikri nə dərəcədə doğrudur?
  • Bu fikir tamamilə yalnışdır. Bilmirəm bunu kim uydurub. Gərək nə qədər cılız adam olasan ki, hansısa fəxri adı ala bilmədiyinə görə səhhətində problem yaransın. Atam o cür cılız insanlardan deyildi və xırda arzularla yaşamırdı. Təbii ki, haqsızlıq insanı incidir. Söhbət təkcə fəxri addan getmir.
  • Atam 41 illik ömründə dəfələrlə haqsızlığa uğrayıb. Elə ən böyük haqsızlıq taleyin haqsızlığı idi ki, uşaq vaxtı yıxılıb ayağını sındırmışdı. Buna görə Mərdəkanda sümük sanatoryasında anadan-atadan, ailədən uzaq qalmalı oldu və uzun illər ağrı çəkdi. Artıq çəkili olmasının səbəbi də elə aldığı zədə idi. Çünki sümüyündə çürümə gedirdi. Həkim bildirmişdi ki, mütləq kökəlməlisən. Artıq çəki bir yandan sümük çürüməsinin qarşısını alırdı, digər tərəfdən isə xəstə ayağına ağrı və ağırlıq verirdi. Səhər işə gümrah getsə də, axşam evə çox halsız qayıdırdı. Çalışırdı səhnədə axsamasın, amma həyatda onu tanıyanlar ayağını çəkdiyini aydın şəkildə görürdülər. Ayağında ciddi ağrılar olurdu. Saatlarla qıcolmadan əziyyət çəkirdi.

  • Təbii ki, bu tale-qismət məsələsidir. Amma insanlar tərəfindən də çox haqsızlıqlara məruz qalıb. Dəfələrlə bizə şəhərin çox gözəl yerlərində mənzil verilib. Biz isə illərlə birotaqlı mənzildə yaşamışıq. Çünki order verilən ərəfədə kimlərsə irəli keçib müxtəlif yollarla mənzilimizi mənimsəyirdi. Sonra bizə Günəşlidə 4 otaqlı mənzil verdilər. Anam ora getmək istəmədi. Ən sonuncu təklif olunan ev isə 9-cu mikrorayonda oldu. Darısqal mənzildə yaşamaqdan yorulmuşduq. Ona görə anam bu təklifi qəlub etdi və biz həmin mənzilə köçdük.
  • Sonra bizimlə eyni blokda yaşayan bütün aktyorlar ya evlərini satdılar, ya da hökümətdən başqa ev alıb oradan köçdülər. Amma atam dünyasını dəyişdiyinə görə, biz elə köhnə mənzilimizdə qalası olduq.
    Fəxri adla bağlı da eyni vəziyyət yaşanırdı. Dəfələrlə atama fəxri ad verilən ərəfədə kimsə siyahıda irəli keçirdi. Nəhayət, 1986-cı ilin 27 martında, Beynəlxalq Teatr Günü atama “xalq artisti” fəxri adı veriləcəkdi. Amma o, martın 26-dan 27-nə keçən gecə dünyasını dəyişdi.

  • Atam heç vaxt heç nədən gileylənməzdi. Amma məncə bütün bu haqsızlıqlar onu incitməyə bilməzdi. Sadəcə o, ağrı-acısını heç kimə bildirmirdi. Problemlərini ətrafına yansıtmırdı. Evə özü ilə heç bir problem gətirmirdi. Daim üzü gülürdü. Həmişə bizimlə çox səmimi, mülayim, xoş rəftar edirdi. Onunla bir yerdə olmaq çox böyük xoşbəxtlik idi. İnanıram ki, bu təkcə bizim üçün deyil, onu tanıyan hər kəs üçün belə idi.
  • Rübabə xanım, mümkünsə, atanızın rəssamlıq qabiliyyəti haqda danışardınız.
  • Atam rəsm çəkməyi çox sevirdi. Əlinə kiçik kağız parçası və sadə qələm düşən kimi şəkil çəkməyə başlayırdı. Daha çox dostluq şarjları çəkirdi. O qədər sənət dostlarının şarjlarını çəkmişdi ki. Tanınmış əcnəbi aktyorların şarjlarını da çəkirdi. Evimizdə bir qovluq şarj var idi.

  • Akademik Milli Dram teatrının o zamanki turuppa müdiri, mərhum Qürbət Qurbanovla çox yaxın idilər. Allah rəhmət etsin, Qürbət əmi çox gözəl insan idi. Onun otağında oturanda da atam həmişə cızma-qara edirdi. Qürbət əmi də o rəsmləri bir yerə toplayırdı. Kimin zavalına gəldiyini bilmirəm. Amma hər yeri araşdırıb, axtarmağıma baxmayaraq, o şarjların heç birini tapa bilmədim.

  • Çox gözəl yazı xətti vardı. Tərtibat verməyi xoşlayırdı. Kitabın, qapının, divarın üzərində şəkillər çəkməyi, yazı yazmağı xoşlayırdı. Həcvlər də yazırdı. Mülayim təbiətli, insansevər, mərhəmətli adam olsa da, həcvləri çox iti idi.

  • Vokal səs sahibi idi. Səhərlər atamın səsinə yuxudan oyanardıq. Hansısa məhşur bir ariyanı oxyardu. Atam ümumilikdə nikbin insan idi. Oxumağı, gülməyi, danışmağı, insanları öz ətrafına toplamağı, onlara xoş əhval-ruhiyə bəxş etməyi sevirdi. Məclis adamı idi. Atam özgələrin sevincinə, öz sevinci kimi sevənməyi bacarırdı.
  • Ailənizdə atanızın xəstəliyi ilə bağlı şübhələr yaranmışdı?
  • Şübhərlər deyəndə ki, 1985-ci ildə xəstəliyi haqda öyrənmişdi. Amma bizə heç nə deməmişdi. Dediyim kimi, atam sağlamlığının qədrini heç bilmirdi. “Harda qırılar-qırılar” düşüncəsi ilə yaşayan adam idi. Bilmirəm, bu nə ilə əlaqədar idi. Bəlkə də gənc yaşlarında qarşılaşdığı qaraçının dediyi sözlər onu çox yaşamayacağına inandırdığı üçün belə edirdi. Həmin qaraçı ona 35 yaşında dünyadan köçəcəyini söyləmişdi. Anam deyirdi ki, atamın 35 yaşı tamam olanadək səksəkə içərisində yaşadım, qorxurdum ki, birdən Səməndər həqiqətən 35 yaşında dünyasını dəyişər. 35 yaşını atlatanda bir az rahatladım, amma 41 yaşında getdi.

  • Atam daha çox ətrafındakı insanlara qayğı göstərir və özündən çox onları düşünürdü. Hətta özünü heç düşünmürdü. Ümumiyyətlə sevdiyi insanlarla bağlı pis bir hadisə baş verəndə çox sarsılırdı. Anası rəhmətə gedəndə onun başını divara döyərək neçə hönkürərək ağladığının şahidi olmuşam. Bir anası dünyasını dəyişəndə, bir də kurs rəhbəri Rza Təhmasib vəfat edəndə ağladığını görmüşəm.

  • Bəzən evdə yaşanan xırda məişət problemləri ilə əlaqədar hansısa sənət dostu bir neçə gün teatrda gecələməli olurdu. Atam bunu faciə kimi qəbul edirdi. Bir aktyor var idi, adını çəkməyəcəyəm. Necə olmuşdusa, inzibati xəta ilə bağlı bir neçə günlük həbsə düşmüşdü. Azadlığa buraxılanda ailəsi evə qəbul etməmişdi. Atam onu bizim yaşadığımız birotaqlı mənzilə gətirmişdi. Özünün divandakı yerini həmin aktyor yoldaşına verib özü yerdə yatırdı. Düz üç gün o adam atamın təkidi ilə bizdə qaldı. Daha sonra atam onu ailəsi ilə barışdırdı. Yəni, insanlara qarşı bu cür münasibəti vardı. Sevirdi insanları.

  • Səhhətində yaranan problemləri düz bir il hərkəsdən gizlətdi. Amma bir müddət sonra artıq gizlətmək münkün olmadı. Xəstəliyi getdikcə irəlləmişdi və özünü aydın şəkildə biruzə verirdi. Həmin il “Həyatın Dibində” tamaşasında halı pisləşmişdi. Ayaqları şişmişdi. Mən kiçik idim, amma həmin gecəni xatırlayıram. Atamın qapını döydüyünü eşidib yuxudan oyandım. Həmişə ayıq yatıram. Atam onu qarşılayan anama dedi ki, bu gün işdə ”ç.p.” baş verib.

  • Ertəsi gün mərhum sənətkarımız Həsən Əbluç evimizə həkim gətirdi. Həkim onu müayinə etdi və vəziyyətin çox ciddi olduğu üzə çıxdı. Amma anam bizi qorxutmamaq üçün dedi ki, hər şey yaxşıdır. Sonra atamı xəstəxanaya yerləşdirdilər. Əvvəl o vaxtkı Ekspirminital Xəstəxanaya yerləşdirildi. Yaxın dostu həmin xəstəxananın kardiologiya şöbəsinin müdiri olduğundan məhz həmin şöbədə 1 ay müalicə olundu. Hərçənd, ürəklə bağlı problem yox idi. 10 gün komada qaldı, amma həkimlər onu həyata qaytarmağı bacardı. Sonra da o vaxtkı Müalicə Komissiyasına apardılar. Orada beyninə qan sızdı və martın 26-dan 27-nə keçən gecə dünyasını dəyişdi.
  • Səməndər bəy həm də gözəl qiraətçi idi. Daha çox hansı şairlərin şeirlərini səsləndirməyə üstünlük verirdi?

  • Onun yerinə bu suala cavab vermək çətindi, amma bilirəm ki, gəncliyindən həm klasikləri, həm də müasiri olan istedadlı şairlərin şeirlərini sevə-sevə səsləndirib.
  • Rübabə xanım, atanız “Mozalan” satirik kinojurnalı ilə də əməkdaşlıq edirdi. Bu haqda nə deyə bilərsiniz?
  • Doğrudur, atamın “Mozalan” satirik kinojurnalı ilə əməkdaşlığı olub. Bir neçə qısametrajlı bədii filmdə çəkilib, sənədli filmləri səsləndirib. Yaradıcılığında önəmli yeri vardı həmin qısametrajlı filimlərin. Ətrafdakı nadürüstlükləri cəmiyyətə təqdim etmək baxımından çox əhəmiyyətli bir iş idi.
  • İxtisas seçiminizdə atanızın təsiri olub?
  • Əslində mən aktrisa olmaq istəyirdim. Çünki uşaqlıqdan aktyorluğa böyük marağım vardı. Amma anamı məyus etməmək üçün bu istəyimi gerçəkləşdirmədim. Halbuki, illər sonra bunu anama deyəndə, çox təəccübləndi və “nahaq istədiyin peşəni seçmədin” dedi. Bir də atamın Arif adlı yaxın dostu vardı. Radioda rejissor kimi çalışırdı. Rəhmətliyi doğma əmi qədər sevirdik qardaşımla. Sirrimi ona açdım. Mənə dedi ki, əgər aktrisa olsan, ömrümün sonunadək səninlə kəlmə kəsmərəm. Onu itirmək istəmədim.

  • Əslində teatrşunas olmağım anamın arzusu idi. İstəyirdi ki, atamın yaradıcılığı haqda yazım. Amma əvvəldən anama dedim ki, bunu etməyəcəyəm. Çünki obiyektiv ola bilmərəm.

  • Atamla ixtisas seçimi barədə danışmamışdıq. Çünki atam dünyasını dəyişəndə biz uşaq idik. Mənim heç 12 yaşım tamam olmamışdı. Bircə onu bilirəm ki, atam məni həkim, qardaşımı isə diplomat görmək istəyirdi. Bunu öz dilindən eşitmişdim. Amma anam mənim teatrşunas, qardaşımın isə aktyor olmağını istədi. Biz heç vaxt onun istəyinə qarşı çıxmazdıq, hətta istəməsək belə, onun dediyini edərdik. Çünki anam bizi min bir əziyyətlə, atasız böyütmüşdü. Biz də istəyirdik, onu arzusuna çatdırıb üzünü güldürək. Amma təbii ki, özümüzün də ədəbiyyata, incəsənətə çox böyük meylimiz, sevgimiz vardı.
  • Rübabə xanım, maraqlı söhbətə görə təşəkkür edirəm.

  • Mən də atamı andığınız üçün sizə öz minnətdarlığımı bildirirəm.

Ayna Fərhad

Check Also

Sabir Rüstəmxanlı: “30 ildir haqqımda qara piar aparılır” – Müsahibə

Boyukmillet.com Kulis.az-a istinadən Xalq şairi Sabir Rüstəmxanlı ilə müsahibəni təqdim edir. – Sabir bəy, yenə …