Çərşənbə , 25 May 2022
Home » İqtisadiyyat » Rusiya-Ukrayna müharibəsi Azərbaycanın xarici ticarətində yeni mənzərə yaradır

Rusiya-Ukrayna müharibəsi Azərbaycanın xarici ticarətində yeni mənzərə yaradır

Hazırda bir-birilə siyasi və hərbi qarşıdurma şəraitində olan Rusiya və Ukrayna Azərbaycanın xarici ticarət əlaqələrində xüsusi rola malik ölkələrdir.

Bəs müharibə Azərbaycanın bu ölkələrə qeyri-neft ixracına necə təsir edib?

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) departament rəhbəri Nicat Hacızadə “Report”a açıqlamasında bildirib ki, Azərbaycanın qeyri-neft sektoru ticarətində hər iki ölkənin əhəmiyyətli payı var.

Alıcılıq qabiliyyətinin azalması gözləniləndir

“Rusiya və Ukrayna Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarıdır. Geosiyasi hadisələr fonunda Azərbaycanın sözügedən ölkələr ilə ticarətində əməliyyatların azalması yüksək ehtimaldır. Habelə, hər iki ölkənin digər ölkələr ilə münasibətdə üstünlüyü azad ticarət faktoru ilə birbaşa əlaqəlidir. Rusiya Federasiyası ilə ticarətdə əsas üstünlük meyvə-tərəvəz məhsullarının payına düşür, Ukrayna ilə ticarətdə isə əsas hərəkətverici qüvvə neft və neft məhsullarıdır. Belə ki, meyvə-tərəvəz və bir sıra aqrar məhsullar Rusiya Federasiyasına ixracın 60 %-a yaxın hissəsini əhatə edir. Ukraynaya ixracın 82,5 %-ini neft və neft məhsulları təşkil edir. Hər iki ölkəyə ixrac məhsulları davam etsə də, alıcılıq baxımından azalması gözləniləndir”.

N.Hacızadə bu vaxta qədər prioritet olan bazarlarda alıcılıq qabiliyyətinin azalması ixrac üçün yeni bazarların tapılmasını zəruri etdiyini vurğulayır.

Rusiya və Ukraynaya ixrac çeşidimiz azdır

Onun sözlərinə görə, ixrac üçün yeni bazarların tapılması və ya ixrac coğrafiyasının diversifikasiyası geoiqtisadi situasiyanın sabit və qeyri-sabit olmasından asılı olmayaraq hər zaman aktualdır: “Diversifikasiyanın əsas məqsədi baş verə biləcək fövqəladə və ya münaqişə zəminində risklərin minimuma endirilməsidir. Rusiya Federasiyasına ixracda meyvə-tərəvəz məhsullarının yüksək payının olduğunu nəzərə alsaq, həmin məhsulların digər ölkələrə ixracında ətraf ölkələrin logistika baxımından yaxın olması daha sərfəlidir. Lakin regional nöqteyi-nəzərdən Mərkəzi Asiya regionu kənd təsərrüfatı üzrə özünü təmin etmə səviyyəsinin yüksək olması ilə bərabər, sözügedən məhsullar üzrə əsas ixracatçıdır. Ərəb körfəzi ölkələrinin meyvə-tərəvəz bazarında biznes mühiti daha fərqlidir. Belə ki, Ərəb körfəzinin meyvə-tərəvəz idxalında ABŞ, Birləşmiş Krallıq, Çin, Braziliya, Tayland və qardaş Türkiyə Cümhuriyyətinin əhəmiyyətli payı var. Habelə, BƏƏ ilə Türkiyə arasında 2022-ci ilin əvvəlindən etibarən azad ticarət sazişinin bağlanılması müzakirə edilir.

Eyni zamanda, Azərbaycanın Rusiya və Ukraynaya ixrac etdiyi məhsulların çeşidliyi daha azdır: Belə ki, Rusiya Federasiyasına ixrac edilən 546,6 milyon ABŞ dolları civarında meyvə-tərəvəzin cəmi 84 %-i 9 məhsulun payına düşür”.

Müsahibimiz qeyd edib ki, Azərbaycanın qeyri-neft ixracının diversifikasiyası yerli istehsalın çeşidliliyi, müxtəlifliyi, nadirlik prinsipi və sofisitifikasiyasından birbaşa asılıdır.

Məhsullarımızın diversifikasiya potensialı arta bilər

Nicat Hacızadə hesab edir ki, preferensial və azad ticarət prinsiplərinin əhatə dairəsinin genişləndirilməsi qiymət rəqabətliyinə təsir edərək, diversifikasiya potensialını artıra bilər:

“Qeyd edilən ölkələr üzrə ixrac riski yalnız Rusiya Federasiyası ilə birbaşa əlaqəli olsa da, Rusiya və Ukraynaya göndərilən məhsulların çeşidliliyi və müxtəlifliliyi, habelə sənaye və texnoloji tutuma malik olmaması şaxələndirmə potensialını zəiflədir. Habelə, Mərkəzi Asiya regionunda yerləşən MDB ölkələri ilə azad ticarət münasibətlərinin olmasına rəğmən həmin ölkələrə meyvə-tərəvəz ixracı son 5 il ərzində hərəkətliliyi ilə seçilməyib. Başqa sözlə, keyfiyyət tələblərinin yüksək olmadığı, azad ticarət və yaxın sərhəd logistika ilə yaranan qiymət üstünlüyü belə əvvəlki illərin ixracında tətikləyici rola malik olmayıb. Ticarət statistikalarına nəzər yetirdikdə, sözügedən region üzrə ticarət əməliyyatlarının ümumi xarici ticarətdə yüksək payını müşahidə etmirik”.

İİTKM-in departament rəhbəri vurğulayıb ki, müharibə sözügedən ölkələrdən idxal proseslərində də çətinliklər yaradıb. Beynəlxalq təcrübədə belə fors-major durumlarda idxalın əvəzedilməsi strategiyası izlənilir. N.Hacızadə qeyd edib ki, idxalın əvəzedilməsi siyasətinin bir sıra ölkələrdə uğurlu və uğursuz halları müşahidə edilib.

Preferensial və azad ticarət müqavilələrinin bağlanılması əsas çağırışlardır

Onun sözlərinə görə, idxalın əvəzedilməsi onu məhdudlaşdırmaq anlamına gəlməməlidir: “İstehlakçı hüquqları və zövqləri qanunvericiliklə tənzimlənir və azad bazar şəraitində, həmçinin iki tərəfli ticarət həcmlərinin artırılması istiqamətində əhəmiyyətli sənədlər məhdudlaşdırma yanaşmasına tamamilə ziddir. İdxal məhsulları qarşısında keyfiyyətli və qiymət üstünlüyünə malik məhsulların olması, habelə yerli istehsalda dəyər zəncirinin daha ucuz resurslar vasitəsilə həyata keçirilməsi və markalaşma vacib çağırışdır.

Aparılan hesablamalara əsasən, sənaye istehsalı olan ərzaq, içki və tütün məhsulları üzrə yerli istehsalın payı daxili tələbdə 70-80 % civarında dəyişir. Amma həmin faizi formalaşdıran məhsulların aralıq istehlakının yüksək əksəriyyəti idxal edilən xammal, avadanlıqlar və onlara göstərilən bir sıra xidmətlərdir. Bundan əlavə, yerli istehsalın yüksək əksəriyyətinin xarici tələbə yönləndiyini, amma eyni məhsulun bir sıra ölkələrdən idxalını da görə bilərik. Belə halları nəzərə alaraq, preferensial və azad ticarət müqavilələrinin bağlanılması əsas çağırışa çevirilir. Başqa sözlə ifadə etsək, yerli istehsalın daxili və xarici bazarda rəqabət qabiliyyətliyi aşağı tarifli aralıq məhsulların idxalı ilə birbaşa əlaqəlidir”.

Check Also

Azərbaycan iqtisadiyyatı 7 %-dən çox böyüyüb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 39 milyard 554,8 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə …