Cümə , 12 Avqust 2022
Home » Siyasət » Saatlı rayon 62 saylı dairənin Millət Vəkili Əziz Ələkbərli vətəndaşların problemlərinin Respublika səviyyəsində həllinə start verdi

Saatlı rayon 62 saylı dairənin Millət Vəkili Əziz Ələkbərli vətəndaşların problemlərinin Respublika səviyyəsində həllinə start verdi

Hər il olduğu kimi, bu il də pambığın suvarma dövründə Saatlı əhalisi çətin günlər yaşayır. İnsanlar aylarla çəkilən əziyyətin, torpağa qoyulan xərcin bir neçə günün içində havaya sovrulması təhlükəsi ilə üz-üzədir. Bunun arxasınca ailələrin müflisləşməsi, pambıq zavodlarına borclanması gəlir.

Demək olar ki, bütün rayon ayaq üstədir – əhali də, rayon rəhbərliyi də, su idarəsi də. Belə məqamda təbii ki, neqativ hallar da qaçılmazdır, hamı çalışır ki, hansı yollarlasa pambıq sahəsini suvarsın və belə olan surətdə, təbii ki, bəzi işbazların fürsətdən istifadə maraqları da istisna deyil. Lakin düşündürücü odur ki, hər il yay aylarında başlanan bu prosesə müvafiq qurumlar niyə vaxtında hazır olmur?

Məsələn, Saatlı rayonunda pambıq sahələrinin əksəriyyəti kanallarda, kollektorlarda suyun azlığı səbəbindən nasoslar vasitəsilə suvarıldığı və bunu hamının bildiyi halda, mövsüm başlayanda rayonda su nasosları niyə çatışmır və ya bəzən nasoslar niyə nasaz vəziyyətdə olur? Meliorasiya və Su Təsərrüfatı ASC niyə vaxtında rayonların tələbatını nəzərə alıb, mövsümə hazırlıq işlərini tamamlamır?

Digər bir səbəb. Əhali bir hektar, beş hektar pambıq sahəsini suvarmağa su tapmır, amma respublikadakı bəzi işbazlar, onların arxasında duranlar bu ərazidə 100 hektarlarla sahədə özünə kənd təsərrüfatı imperiyası qurur, hətta balıqçılıq, çamışçılıq təsərrüfatları, pambıqçılıq, nar bağı plantasiyaları yaradır və beton kanallarla əhaliyə çatmalı olan suyu öz “imperiyalarına” daşıyır. Bu adamların hamısının adı bəllidir.

Dəyərmi? Dəyərmi üç-beş oliqarxın daha da varlanması naminə on minlərlə kənd əhalisinin bu qədər gərginlik yaşamağa məhkum edilməsi, dövlətdən, dövlət qurumlarından narazı salınması? Vallah, dəyməz! “Ölkədə su qıtlığıdır” deyən müvafiq qurumların rəsmiləri deyə bilərmi necə olur ki, yüz hektarlarla ərazidə pambıq əkən birisi sahəsini 3-4 dəfə suvarır, imkansız kəndli heç bir dəfə də suvarmağa su tapmır? Bunun izahı varmı?

Saatlı rayon Çolpu kənd əhalisinin çağırışı ilə kənddə oldum və Çolpu kəndinin, ətraf kəndlərin əhalisi ilə yaranmış vəziyyəti bir daha müzakirə etdik, çıxış yolları axtardıq, tələblərini rayon rəhbərliyinə, rayon su idarəsi rəhbərliyinə bir daha çatdırdım.

Rayondakı bütün qurumlara bir məsləhətim var: kabinetlərdən çıxın, kəndlərə dağılışın, sahələri gəzin, hər idarə rəhbəri təhkim olunduğu kəndin əhalisinin yanında olsun, onlara kömək etsin, suyun insanlar arasında ədalətli bölgüsünə nəzarət eləsin. Yaddan çıxarmayın ki, onlar bizim ata-analarımız, qardaş-bacılarımızdır, onlar bizim millətin övladlarıdır, bizim canımız-ciyərimizdir! Xalqımız daim dövlətimizin yanındadır, siz də daim xalqın yanında olun.

Check Also

Gənclər təşkilatlarının yeni PR strategiyası Şamaxıda müzakirə olundu

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə 6-9 …