Cümə axşamı , 1 Dekabr 2022
Home » Siyasət » Sabir Rüstəmxanlı: “İran bütün diplomatik etiketlərin hamısını ayaqlayıb, keçib, heç birini nəzərə almır”

Sabir Rüstəmxanlı: “İran bütün diplomatik etiketlərin hamısını ayaqlayıb, keçib, heç birini nəzərə almır”

“Azərbaycan səfiri Azərbaycanın mövqeyini müdafiə edir. Nə deyilsə, qarşısına hansı arqumentlər qoyulsa, hansı narazılıqlar bildirilsə, Azərbaycan səfiri də buna adekvat cavab verəcək, bizim mövqeyimizi bildirəcək. Ona görə də elə bir narahatlıq yoxdur. Əksinə, hətta görüşlər daha tez-tez olmalıdır. Güman edirəm, bu, yaxın vaxtlarda olacaq. İranın müəyyən rəsmiləri Azərbaycana səfər edəcəklər, Azərbaycandan da ora gedənlər olacaq. Bu məsələ televiziya, mətbuat dialoqlarından diplomatik müstəviyə keçiriləcək”.

Boyukmillet.com xəbər verir ki, bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Sabir Rüstəmxanlı Azərbaycanın İrandakı səfirinin İranın Xarici İşlər Nazirliyinə çağırılması ilə bağlı danışarkən deyib.

Deputat bildirib ki, İran Ermənistanla olan, əslində İran əhalisinin böyük hissəsini narahat edən münasibətləri dəyişmək, terrorçu, xristian, işğalçı dövlətə yardımı dayandırmaq əvəzinə yenə də Ermənistana dəstək verir və onun yanındadır: “İran Qafanda Konsulluq açır, hətta Konsulluğun yanında polis dəstələri saxlamaq istəyir. Sanki polis dəstələri, silahı, hərbi gücü ilə Ermənistana qoşulub Azərbaycanla vuruşmaq istəyir. Son vaxtlar baş verən proseslər göstərir ki, artıq İran tərəfi bütün diplomatik etiketlərin hamısını ayaqlayıb, keçib, heç birini nəzərə almır. Azərbaycan 30 il İranın buna bənzər bütün hərəkətlərini izləyir, amma səbirlə dözüb, qonşuluq münasibətlərini pozmaq istəmir. Azərbaycan, hətta İrandakı 40 milyona yaxın azərbaycanlı ilə münasibəti belə ancaq İran dövlətinin istəyi səviyyəsində qurur, İran dövlətinin qonşuluq, dost münasibətini dəyişəcək heç bir addım atmaq istəmir. Amma İran, təəssüf ki, bundan nəticə çıxartmır. Qeyri-Hökumət Təşkilatı kimi, Dünya Azərbaycanlıları Konqresinin həmsədri, eyni zamanda bir yazıçı, qələm adamı kimi onsuz da cavanlıqdan üzü bəri İranda yaşayan qardaşlarımızın hüquqları, onların taleləri, yaşadıqları ilə bağlı həmişə sözümüzü demişik. Həmişə inanmışıq ki, günün birində bu söhbətlər artıq rəsmi xarakter alacaq. Asiya partiyalarının görüşündə də, İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqının yığıncaqlarında da İranın mövqeyini demişəm. Bu, mənim şəxsi mövqeyim, yaxud başçılıq etdiyim Dünya Azərbaycanlıları Konqresinin mövqeyi idi. Amma bu gün İran münasibətləri elə bir yerə gətirib ki, artıq dövlət səviyyəsində müzakirə olunmağa başlayıb. Azərbaycan Prezidenti də bu məsələ ilə bağlı çox diplomatik qaydada, qonşuluq münasibətlərinə hörmətlə, eyni zamanda insanlarımızın taleyini nəzərə alaraq fikrini deyib. Güman edirəm, İran bundan nəticə çıxaracaq. Mübahisələrə yox, məsələləri diplomatik yolla, düz, rahat məcraya yönləndirməyə çalışmalıdır. Bu qədər deyilənlərə, yazılanlara baxmayaraq, İranın “Səhər” proqramı yenə də əleyhimizə çalışır, İranın müxtəlif deputatları Azərbaycan əleyhinə çıxışlar edirlər. Bu, məncə, iki dövlət arasındakı münasibətləri gərginləşdirir. İran bizi balaca dövlət sayır. Nə olsun ki, balaca dövlətik, 11 milyon əhalimiz var? Hər halda bunun İrana da heç bir xeyri yoxdur. İran münaqişələri gərginləşdirməklə əslində öz içində anti-hökumət hərəkatını bir az da gücləndirir”.

Check Also

Bir də gördün, İranda ordu xalqın tərəfinə keçdi…. – Sabir Rüstəmxanlı ilə MÜSAHİBƏ

“MƏZHƏB SEVGİSİ KOMMUNİSTLƏRIN PARTİYA SEVGİSİ KİMIDİR” Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı Bakupost.az -a müsahibə …