Bazar , 1 Dekabr 2024
Drone Cameras

Sabirabadda doğuş zamanı ana ölümü: “Qızımın evini Gültac həkim yıxdı”

Ailə həkimi günahlandırır, TƏBİB məsələnin araşdırıldığını deyir

Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Regional Perinatal Mərkəzin Doğum şöbəsində ana ölümünün qeydə alındığı bildirilir.

Məlumata görə, rayonun Qalağayın kənd sakini, 2000-ci il təvəllüdlü Zəhra Qara qızı Zamanova oktyabrın 26-da doğuş sancıları ilə xəstəxanaya gətirilib.

Zəhra Zamanova reanimasiya şöbəsinə yerləşdirilib, lakin uşaq dünyaya gətirən ananın həyatını xilas etmək mümkün olmayıb.

Ailəsinin sözlərinə görə, mama-ginekoloq Gültac Əsədovanın səhlənkarlığı ucbatından Zəhra Zamanova həyatını itirib.

Mərhumun anası Sevda Ağayeva deyib ki, bu, Zəhra Zamanovanın üçüncü hamiləliyi olub.

Gültac doktor uşağımı məndən xəbərsiz, icazə almamış, deməmiş, əməliyyat edib. Axırda da uşağımın ölüsünü mənə verdi. Deyir ki, uşağın böyrəyində, qaraciyərində problem varmış. Qızım sağlam idi, böyrəyində və qaraciyərində heç bir problem yox idi. Üçüncü uşağıdır. İki uşağı salamat doğmuşdu. Niyə indi xəstə oldu? Qızımın evini yıxan Gültac həkim oldu”, – mərhumun anası deyib.

Zamirə Zamanovanın qayınanası Tacirə Zamanova gəlininin qanaxmadan həyatını itirdiyini deyib:

“Səhər saatlarında gəlinimin sancısı tutub, xəstəxanaya gətirmişəm. Həkim baxıb, deyib ki, yaxşı doğuş olacaq. Saat 11-in yarısında həkim doğuş otağından bayıra çıxıb, soruşmuşam ki, gəlin necədir? Deyib ki, gəlin yaxşıdır, get evə. Sən demə, gəlin qanaxmadan gedirmiş. Biz də çıxıb evə getdik. Saat 2-nin yarısı idi, gəlinin əri xəstəxanaya zəng etdi, cavab vermədilər. Təkrar xəstəxanaya gəlib, öyrəniblər ki, Zəhra qanaxmadan əməliyyata salınır. Bizə heç nə deməyiblər. Həkimi də tapmırıq. Mənim evimi yıxan Gültac doktordur. Uşaq normal yolla dünyaya gəlməyəcəkdisə, deyərdin ki, qeysəriyyə ilə uşağı götürürəm. İki uşağı var, sağlam idi”.

Zəhra Zamanovanın nənəsi Nuridə Qarayeva deyir ki, nəvəsinin doğuş öncəsi ultrasəs müayinəsinin və analizlərinin cavabları əllərindədir və nəvəsi sağlam olub:

Üçüncü hamiləliyində də müayinələrdən keçib, əlimizdə sənədlər var. Özlərini sığortalamaq üçün deyirlər ki, nəvəmin qaraciyəri problemli olub, zəhərlənmə verib. Ümumiyyətlə, qızı doğuş stolunda öldürüblər. Niyə bizə xəbərdarlıq edib, icazə almadan Zəhranı əməliyyat ediblər? Heç bilmirik ki, əməliyyat nədən olub. Göstərmirlər ki, əməliyyatın səbəbi, göstərişi nə imiş. Zəhra ailənin yeganə övladı idi”.

Zəhra Zamanovanın həyat yoldaşı Cavan Zamanovun sözlərinə görə, həyat yoldaşı həkimlərin səhlənkarlığı nəticəsində həyatını itirib:

Saat 6-ya işləmiş yoldaşımın doğum sancıları başladı, xəstəxanaya gətirdim. Saat 8-ə qalmış uşaq doğulub. 10-a işləmiş xəstəxanaya girmişik ki, uşaq və ana necədir? Həkim bizə dedi ki, uşaq da, anası da yaxşıdır. Bizə dedi ki, gedin, birinci gün gələrsiniz. Oktyabrın 26-dan Gültac həkimi gəzirik, tapa bilmirik. Xahiş edirəm, Sabirabad Rayon Mərkəzi Xəstəxanasına nəzarət olunsun, bura bazardır. Bu gün (oktyabrın 27-də) xəstəxanaya getmişəm, deyirəm ki, uşağımı görmək istəyirəm. Həkimlər mənə deyirlər ki, uşaq burada yoxdur. Bir saatdan sonra yuxarıdan həkim zəng edir ki, valideyn uşağını görmək istəyir. Nəyə görə ona demisiniz ki, uşaq yoxdur? Bundan sonra uşağı tapıb, mənimlə görüşdürürlər. Bunların xəbəri yoxdur ki, ana uşağı doğub, hara yerləşdirilib, necədir”.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Sabirabad Regional Perinatal Mərkəzin Doğum şöbəsinə yerləşdirilən anaya 40-41 həftəlik hamiləlik diaqnozu təyin edilib.

Çəkisi 4 kiloqram, boyu 52 santimetr olan körpə doğulub.

Sonradan ananın halı pisləşib və vəfat edib.

Ölümün dəqiq səbəbini patoloji-anatomik təşrih nəticəsində dəqiqləşdirmək mümkün olacaq.

Məsələ ilə əlaqədar Meydan TV-nin Baş Prokurorluğa ünvanladığı sorğuya cavab verilməyib.

APA yazır ki, meyit müayinə olunmaq üçün Sabirabad morquna yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Check Also

Türkiyədə tutulan 70 kiloqram qızılla bağlı detallar: Dubaydan necə gəlib, hava limanından kim keçirib…

DTX Qəhrəman Məmmədovun həbsilə bağlı detalları açıqlayıb Azərbaycanın ABŞ-dəki hərbi attaşesinin baş köməkçisi, polkovnik-leytenant Qəhrəman …