Bazar , 21 İyul 2019
Home » Gündəm » Samir Adıgözəlli: Sadıxova kimi adamlar diasporumuzun adı ilə Rusiyanın dövlət maraqlarına qulluq edirlər.

Samir Adıgözəlli: Sadıxova kimi adamlar diasporumuzun adı ilə Rusiyanın dövlət maraqlarına qulluq edirlər.

“Rusiyada diasporumuzun yenidən qurulması və onunla bağlı ciddi işin ortaya qoyulması gərəkdir” Uzun müddətdir ətrafında qalmaqal yaradılan azərbaycanlı jurnalist Fuad Abbasov Moskvada saxlandığı təcridxanadan azadlığa buraxılıb, elə həmin gün də Rusiyadan Azərbaycana deportasiya olunub. Fuad Abbasov hansı səbəbdən saxlandığı, onunla olan rəftar barədə ətraflı müsahibə verib. Eyni zamanda, onun guya Rusiyada milli ədavəti qızışdırması ilə bağlı gəzən şayiələrə də aydınlıq gətirib. 

O qeyd edib ki, onunla bağlı bu söz-söhbəti “Azerros”adlı diaspor təşkilatının sədri Mehriban Sadıxova yayıb: “Mehriban xanım şəxsən mənə dedi ki, guya mən Rusiyada yaşayan ermənilərlə azərbaycanlıların arasında nifaq salıram. Açıq şəkildə bildirdi ki, məndən Rusiyanın əlaqədar orqanlarına şikayət edəcək. Maraqlıdır ki, onlar belə bir şikayəti orada bizim əleyhimizə təbliğat aparan ermənilərlə bağlı deyil, mənimlə bağlı edirlər”.

Jurnalistin açıqlamasından görünür ki, Azərbaycan diasporunda təmsil olunan bir xanımı ermənilərlə bağlı səsləndirilən fikirlər ciddi narahat edib, hətta vəziyyət o yerə çatıb ki, onlar öz soydaşımızdan Rusiyanın əlaqədar qurumlarına şikayət ediblər. Mehriban Sadıxova kimdir və onun ermənilərə olan aşırı sevgisi haradan qaynaqlanır?

DAK İcra Aparatının rəhbəri, İSBAM sədri Samir Adıgözəlli “Bakı-Xəbər”ə bildirdi ki, Mehriban Sadıxovanın ermənilərə böyük sayğı göstərməsi ilə bağlı faktlar çoxdur: “Fuad Abbasov bunu deyir. Mən də inanıram. Amma Fuadla bağlı onun tərəfindən belə bir şikayətin edilməsi ilə bağlı konkret nəsə deyə bilmərəm. Çünki əlimdə rəsmi sənəd yoxdur. M.Sadıxova Rusiyada yaradılan Azərbaycan Milli Mədəni Muxtariyyətinin rəhbəridir. Onun ermənilərə rəğbət bəslədiyini sübut edən ən bariz fakt həyat yoldaşı erməni olan, hətta qızını erməniyə ərə verən Ağadadaş Kərimov adlı diaspor rəhbəri ilə birgə fəaliyyət göstərməsidir. M.Sadıxovanın ətrafında bizim diasporu təmsil edən real adamlardan kimsə yoxdur. Bir möhür, bir özüdür. Amma Rusiya hakimiyyəti ona ciddi dəstək verir ki, status qorunub saxlansın. Çox təəssüf edirik ki, adı azərbaycanlı, özü azərbaycanlı olan, Azərbaycanla bağlı diaspor təşkilatına rəhbərlik edən şəxs belə mövqe tutur. Görünən budur ki, ondan elə məhz Azərbaycan diasporuna qarşı istifadə edirlər. İndiyə kimi siz onun adının hansısa ciddi bir iş görməsi ilə bağlı çəkildiyini eşidibsinizmi? Onun təmsil olunduğu təşkilat sırf Rusiyanın marağına uyğundur. Təbii ki, Rusiya istəməz ki, onun ərazisində milli münasibətlər kontekstində hansısa proseslər həyata keçirilsin. Hətta ermənilərlə azərbaycanlıların orada mehriban yaşamasını da arzulayır. M.Sadıxova kimi adamlar da bizim diasporumuzun adı ilə sırf Rusiyanın dövləti maraqlarına qulluq edirlər. Ora vətəndaşıdırlarsa, bunu etsinlər, ancaq soydaşlarımızla bağlı belə şikayətlərin edilməsi rəzalətdir. Nəinki diaspor rəhbəri, hətta sadə Azərbaycan vətəndaşı adına belə ləkədir. Bu baxımdan da hesab edirəm ki, Azərbaycanın ən böyük diasporunun cəmləşdiyi  Rusiyada diasporumuzun yenidən qurulması və onunla bağlı ciddi işin ortaya qoyulması gərəkdir. Bu cür adamlar ölkəmizin, diasporumuzun adına utanc gətirir”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Ermənilərin Naxçıvan panikası – İrəvan strateqləri odla oynayır

Məlumdur ki, Fonvizinin “Nadan” klassik komediyasının baş qəhrəmanı Mitrofanuşkanın anası xanım Prostakova hesab edirdi ki, …