Şənbə , 21 Sentyabr 2019
Home » Siyasət » Samir Adıgözəlli: “Paşinyan Şişkinlə bağlı məsələni ictimailəşdirməklə Putinə cavab reaksiyasını nümayiş etdirir”

Samir Adıgözəlli: “Paşinyan Şişkinlə bağlı məsələni ictimailəşdirməklə Putinə cavab reaksiyasını nümayiş etdirir”

Ermənistanın Miqrasiya Xidməti Rusiya müxalifətçisi, ultrasağçı radikal Vitali Şişkinə qaçqın statusu və sığınacaq verib. Xidmətin bu barədə bəyanatında deyilir ki, Rusiya Federasiyasına qaytarılacağı təqdirdə Şişkinin həyatına real təhklükə yarana bilərdi.

Şişkin özü isə bu haqda belə deyib: “Mən Ermənistanda qaçqın statusunu Rusiyada siyasi motivlərlə təqib olunduğuma görə almışam. Qaçqınlığın müxtəlif növləri var. Məsələn, müharibə qaçqını kimi. Amma mən əvvəlcədən keçmiş siyasi məhbus kimi siyasi sığınacaq almağa çalışırdım”.

Şişkin 2019-cu ilin yanvarında həbsxanadan çıxan kimi Ermənistana gəlib. Özünün dediyinə görə, siyasi motivlərlə həbs olunaraq 4 il həbsxanada saxlanıb: “Mənim xarici pasportumun müddəti qurtarmışdı. Mən yeni pasport almaq istəyəndə pasport masasındakı qızlar mənə dedilər ki, mənə pasport müstəsna olaraq Federal Təhlükəsizlik Xidməti tərəfindən verilə bilər. Buna görə də mən Ermənistandan başqa heç yerə gedə bilməzdim. Burada bir il əvvəl çox gözəl hadisələr baş vermişdi. Mən də düşündüm ki, indi bura əvvəlkindən tamamilə fərqli ölkədir”.

Şişkinin dediyinə görə, ona hazırda Rusiyada axtarış elan olunub. Lakin Ermənistan Baş Prokurorluğundan bildiriblər ki, Şişkin bu axtarış əsasında aşkar olunub həbs edilmədiyinə görə onun təslim edilməsi barədə heç bir ölkədən müraciət olunmayıb.

Bununla belə, Rusiya müxalifətçisi deyir ki, Ermənistana gəldiyi günün ertəsi vətənində ona qarşı bir neçə maddə üzrə ittiham irəli sürülüb. Şişkin bildirir ki, bu ittihamlardan biri də onun qanunsuz olaraq Ermənistana gəlməsidir.

İndiki statusla Şişkin Ermənistandan başqa ölkəyə gedə biləcək. Ermənistanın Miqrasiya Xidməti Şiskin barədə təfərrüatlı məlumat vermək istəməyib. Xidmətdən bunun şəxsi informasiya olduğunu bildiriblər. Bildirilir ki, Ermənistan Respublikasının “Siyasi sığınacaq haqqında” Qanunu ilk dəfə Şişkinə tətbiq edilib.

Vitali Şişkin Ermənistanda qaçqın pasportu ala və istədiyi xarici ölkəyə gedə bilər. Lakin o buna qədər Ermənistanda Qaregin Njdeyə həsr edilmiş kitabının təqdimatını təşkil edəcək. Vitali Şişkin Rusiyada dəfələrlə icazəsiz aksiyalar təşkil etdiyinə görə saxlanıb.

Göründüyü kimi, Ermənistan daha bir faşist təmayüllü şəxsə qucaq açır. Qeyd edək ki, bu, faşizmin Ermənistan tərəfindən dəstəklənməsinə dair ilk fakt deyil. Rəsmi İrəvanın ən qatı faşist olan Qaregin Njdeyə heykəl ucaltması da ortada olan faktlardan biridir. Qeyd edək ki, Njdeyə ucaldılan heykələ Rusiya etiraz etmişdi. Ermənistanın Rusiyadan didərgin düşən müasir faşistlərdən birinə siyasi sığınacaq verməsi nəyin göstəricisi sayıla bilər?

İfrat rus faşisti Şişkinə tək Ermənistan sığınacaq verdi…

İctimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistanın faşizmi dövlət səviyyəsində dəstəkləməsi birmənalıdır: “Onların Tələt Paşanın qatili olan Solomona və Hitlerin ən yaxın silahdaşlarından sayılan Njdeyə ucaltdıqları heykəllərə baxmaq kifayət edir ki, bu barədə təsəvvür yaransın. Onlar yalnız heykəllə kifayətlənmirlər, eyni zamanda, həmin təhlükəli elementlərin ideya müəllifi olduğu kitablardan təbliğat vasitəsi kimi istifadə edirlər. Njde ilə bağlı Ermənistanda film çəkilib, qalaq-qalaq kitablar yazılıb. Ermənistanın həmin əqidəyə niyə sahib çıxması öz dövlət siyasətindən aydın görünür. Ermənistan bəlkə də dünyada yeganə monoetnik ölkədir. Orada ermənilərdən başqa millətlərin nümayəndəsi yaşamır. Onların Dağlıq Qarabağda törətdikləri faciələr əlamətlərinə görə Osvensimdən, Xatından heç nəyi ilə fərqlənmir. Bütün bu əlamətlər faşizmə xasdır. Bu baxımdan da Ermənistanın Rusiyanın ən təhlükəli ultrasağ siyasətçilərindən birinə sığınacaq verməsi təsadüfi deyil. Bəllidir ki, Ermənistan elə ölkə deyil ki, ora siyasi mühacirlər üz tutsun. Əksinə, Ermənistanın öz əhalisi oradan qaçır. Şişkinlə bağlı yaranmış vəziyyətdə Ermənistanın Rusiyaya adekvat reaksiyasını da görmək olur. Yadınızdadırsa, bir neçə gün əvvəl Rusiya Prezidenti həbsdə olan Köçəryana yubiley təbriki ünvanladı. Bu, Ermənistanın siyasi hakimiyyətinə bir siqnal idi. İndi də Paşinyan Şişkinlə bağlı məsələni ictimailəşdirməklə Putinə cavab reaksiyasını nümayiş etdirir. Yəni demək istəyir ki, sizin də siyasi rəqibiniz bizim əlimizdədir. Çünki Şişkin 6 aya yaxındır ki, Ermənistandadır. Hər halda, məsələnin məhz indi gündəmə çıxması maraqlı görünməyə bilməz. Yəni Şişkin məsələsində iki amil var. Birincisi, Ermənistanın dövlət səviyyəsində faşizm ideologiyasını dəstəkləməsi. İkincisi isə Putinin addımına adekvat cavab. İstənilən halda, bu, Rusiyanı qıcıqlandıra biləcək addımdır və yəqin ki, Ermənistana öz təsirini göstərəcək”.

img

Məhəmmədəli QƏRİBLİ

Check Also

Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə iştirak edib – YENİLƏNDİ

Sentyabrın 20-də Heydər Əliyev Mərkəzində “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə mərasim keçirilib. …