Çərşənbə , 13 Noyabr 2019
Home » Siyasət » Samir Adıgözəlli: Səni kim məcbur edib ki, deputat vəsiqəni girov qoyasan?

Samir Adıgözəlli: Səni kim məcbur edib ki, deputat vəsiqəni girov qoyasan?

Vətəndaşlardan külli miqdarda borc aldığına görə qalmaqala düşən və mövzu ictimailəşəndən sonra millət vəkilliyindən könüllü imtina edən R.Cəbrayılov yenə qalmaqalın mərkəzindədir.

R.Cəbrayılov Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin onun həyat yoldaşının erməni olması haqqında səsləndirdiyi fikirlərə də sərt formada cavab verib: “Hər kəs bilir ki, Hafiz Hacıyev Azərbaycan siyasətinin klounudur. Düşünürəm ki, bunu bilməyən yoxdur. Təxminən üç il bundan əvvəl Hafiz Hacıyev Xalq artisti Aygün Kazımova və digər bəzi səhnə xanımları haqqında ağzına gələni danışmışdı. Həmin vaxt A.Kazımova ona tutarlı cavab vermişdi, H.Hacıyevin özü və arvadı haqqında təhqiramiz fikirlər demişdi. Əgər H.Hacıyevin bir damla namusu, qeyrəti olsaydı, o, bir daha bu söhbətə qayıtmazdı. Bilirsiniz, kişi kişi ilə vuruşar, amma kişi bu söhbətə qadını, ailəni qatmaz. Söhbət əsl kişidən gedir. Düşünürəm ki, son vaxtlar mənim başıma gələn bəlaların dirijoru həm də H.Hacıyevi maliyyələşdirir və buna görə də o, belə danışır. Mənim həyat yoldaşım əslən Yevlax rayonundandır. Onun nəslində belə erməni yoxdur və olmayıb. Amma mən buradan üzümü H.Hacıyevə tutub deyirəm: H.Hacıyev, sən ermənidən əmələ gəlmisən. Əgər sənin bir damla şərəfin, namusun, qeyrətin varsa, məni ver məhkəməyə və mənim vəkillərim tutarlı dəlillərlə sübut etsinlər ki, sən ermənidən əmələ gəlmisən. Cəsarətin varsa, məni ver məhkəməyə, gözləyirəm!”.

R.Cəbrayılovun H.Hacıyevə verdiyi cavabda diqqətçəkən məqamlardan biri bu cümlə olub: ”Düşünürəm ki, son vaxtlar mənim başıma gələn bəlaların dirijoru həm də H.Hacıyevi maliyyələşdirir və buna görə də o, belə danışır”. Sanki R.Cəbrayılov özü ətrafında baş verən məsələdə kiminsə ona qarşı qurma qurduğunu iddia etmək istəyir. Yəni öz başına gələn bəlaları deputat vəsiqəsini kiminsə yanına girov qoyub, külli miqdarda pul götürüb qaytara bilməməsi ilə deyil, H.Hacıyevi maliyyələşdirən adamda axtarır. Hər halda, vurğunu məhz bu məsələyə qoymaqla R.Cəbrayılov özünün etdiyi günahları başqasının üstünə yükləmək niyyətini güdə bilərmi?

“Etdiyi hərəkəti kiminsə üstünə atması da qəbuledilməzdir”

İctimai-Siyasi Proseslər və Beynəlxalq Əlaqələr Mərkəzinin rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, R.Cəbrayılov həmin hadisədən sonra gərək bir müddət proseslərdən kənara çəkilsin: “Belə çıxmasın ki, mən onu təhqir edənlərə də haqq qazandırıram. İctimai qınaq olmalıdır, amma heç kimi təhqir etmək olmaz. R.Cəbrayılov da bunu etməməlidir. Bu ritorikanı birmənalı olaraq pisləyirəm. Ancaq R.Cəbrayılovun etdiyi hərəkəti kiminsə üstünə atması da qəbuledilməzdir. Necə yəni, mənim başıma bu oyunu filankəs açdı? Sən bəyəm azyaşlısan ki, aldanasan? Səni kim məcbur edib ki, deputat vəsiqəni girov qoyasan? Bütün bunlar absurddur. Mən hesab edirəm ki, R.Cəbrayılov etdiyi utanc hərəkətdən sonra çıxıb mediada gündə bir söz danışmamalıdır. Onun etdiyi hərəkətə heç nə haqq qazandıra bilməz. Mən dünyanın çox ölkəsini gəzirəm. Bəlkə də heç yerdə deputata bu qədər hörmət qoyulmur. Dövlətimiz tərəfindən onlara kifayət qədər yüksək əməkhaqqı, imtiyazlar verilir. Bundan əlavə,  sadə xalq da harada deputat görürsə, onu yuxarı başa keçirir. Bu hörmətin qabağında onlar nə edirlər? Birmənalı şəkildə millət vəkili satusundan sui-istifadə edib həm özlərinin, həm də mandatlarının adını rüsvayçı şəkildə batırırlar. Sizi əmin edirəm ki, R.Cəbrayılov kimi deputatlar yenə var. Bəzilərinin özləri, övladları ilə bağlı ortaya çıxan qalmaqalların şahidi olmuşuq. Müəyyən səbəblərdən hansılarsa məsuliyyətdən yayına biliblər. Ancaq bilsinlər ki, xalqın gözü tərəzidir. Qoy R.Cəbrayılov hadisəsi onlar üçün bir örnək olsun. Ola bilər ki, onlar bu aqibəti yaşamadı, ancaq əmin olsunlar, növbəti parlamentdə oturmağa xalqdan mandat ala bilməyəcəklər. Qısası, hesab edirəm ki, R.Cəbrayılovun məsuliyyətdən yayınmaq üçün kimlərinsə ünvanına atmacalar atması tam yersizdir. İnsan özünə bəraət axtarmaqdansa, səhvləri üzərində düşünüb, onlardan nəticə çıxarmağı bacarmalıdır. Bir daha qeyd edirəm ki, kimsə millət vəkilini məcbur edə bilməz ki, gedib külli miqdarda borc alsın. Bizim parlamentdə elə nüfuzlu deputalar var ki, onların adı bu cür məsələlərdə niyə hallanmır? Çünki mandatın nə olduğunu gözəl bilirlər. R.Cəbrayılov fikirləşməlidir ki, yalnız özünə pislik etməyib, həm də bütöv bir dairədən ona verilən səslərə xəyanət edib. Bundan əlavə, yaxşı olardı ki, R.Cəbrayılov onu bu vəziyyətə saldığını iddia edən şəxsin adını açıq çəksin. Hər halda, o, sıradan bir adamı nəzərdə tutmur. O deməyibsə, mən kiminsə adını çəkməklə məsuliyyəti üzərimə götürə bilmərəm. Ancaq söhbətin kimdən getdiyini təxmini bilirəm”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

İslahatların daha bir üstünlüyü – yeni dünya böhranına qarşı Azərbaycanın müqaviməti artır…

Son dövrlərdə dünya iqtisadiyyatında baş verən proseslər yeni böşranın baş verə biləcəyinə dair çoxsaylı xəbərdarlıqlar …