Şənbə , 2 İyul 2022
Home » Siyasət » Samir Adıgozəlli: Şuşa bəyannaməsi həm də qardaşlıq əhdidir

Samir Adıgozəlli: Şuşa bəyannaməsi həm də qardaşlıq əhdidir

Türkiyə ilə Azərbaycan arasında imzalanmış tarixi Şuşa Bəyannaməsinin bir ili tamam olur. 2021-ci il 15 iyunda iki qardaş ölkənin liderlərinin Şuşada imzaladığı sənəd müttəfiqliyin daha da yüksəlməsidir. Ötən bir il ərzində Türkiyə-Azərbaycan qardaşlığı, müttəfiqliyi daha da inkişaf edib.

Biz bu yaxınlaşmanı Bakıda keçirilən möhtəşəm Teknofestlə bir daha gördük. Hər iki ölkənin “şahin”ləri Bakı səmasında qürurverici uçuşlar etdi, mənzərələr yaratdı. Cənab Ərdoğanın Bakıya gəlişi və festivalda iştirakı, Prezident İlham Əliyevlə birgə verdikləri açıqlamalar dünya ictimaiyyətinə bir siqnal idi. Bununla bir daha iki qardaşın bərabər olduğu nümayiş etdirildi. Ümumiyyətlə, Türkiyə və Azərbaycan arasında hərbi müttəfiqlik günbəgün yüksəlməkdədir. Bunu birgə təlimlər, Türkiyə müdafiə naziri Hulusi Akarın bəyanatları da təsdiqləyir.

Bu əhəmiyyətli səmədin bir ilinin tamam olması ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən İctimai Siyasi Proseslər Beynəlxalq Əlaqələr Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli bildirdi ki, Şuşa Bəyannaməsi ilə ölkələrimiz arasında müttəfiqliyin yüksələcəyi gözlənilən idi: “İmzalanmış tarixi sənəddə qeyd olunur ki, ölkələrdən birinin ərazi bütövlüyünə təhdid digərinə təhdid kimi qiymətləndiriləcək. Bu da bizi bir sıra təsirlərdən, regional və qlobal təhlükələrdən qoruyur, sığortalayır.

Təbii ki, Ordumuz qüdrətlidir, güclüdür, bütün təhlükələri dəf etmək imkanına malikdir, lakin bizə qarşı olacaq hər hansı təhdid Şuşa bəyannaməsinə əsasən, bundan sonra həm də Türkiyəyə hədə sayılacaq və qardaş ölkənin müdaxiləsinə səlahiyyət verəcək. Bu, regionda Azərbaycana böyük dəstəkdir. Ona görə bir ili yaxınlaşan Şuşa bəyannaməsi həm də qardaşlıq əhdidir.  Şuşa Bəyannaməsi iki qardaşın gücünə güc qatan tarixi sazişdir.

Burada müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti, dərin erudisiyası, yüksək analiz qabiliyyəti və dünyadakı prosesləri diplomatik şəkildə qiymətləndirmə bacarağı xüsusi qeyd olunmalıdır. Ona görə Şuşa Bəyannaməsi yerində və zamanında imzalanan bir sənəddir”.

Samir Adıgözəllinin sözlərinə görə, Şuşa Bəyannaməsi əraziyə yeni sərmayə qoyuluşu prosesini stimullaşdıracaq: “Regionun artan investisiya potensialı yeni iqtisadi münasibətlərin formalaşmasına səbəb olacaq. Şuşa və Şuşa ətrafının gözəl turizm imkanları açılacaq.

Bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər ölkənin beynəlxalq nüfuzunu artıracaq. Bəyannamədə xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürk və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdi ki, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında isə Ulu Öndər Heydər Əliyev dedi ki, “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Samir Adıgözəlli: “Dünyanın hər bir yerində dənizlər ətrafında yerləşən ölkələr arasında iqtisadi əlaqələrin qurulması prioritet təşkil edir”

Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında Prezident İlham Əliyev Xəzəryani ölkələrin qarşılıqli əməkdaşlığına …