Bazar ertəsi , 18 Oktyabr 2021
Home » Siyasət » Samir Adıgözəlli:Azərbaycan Prezidentinin Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü təşəbbüslər bəşəri əhəmiyyət daşıyır.

Samir Adıgözəlli:Azərbaycan Prezidentinin Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü təşəbbüslər bəşəri əhəmiyyət daşıyır.

Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Yüksək Səviyyəli Toplantısında videoformatda çıxışı zamanı deyib ki, Qoşulmama Hərəkatına üzv dövlətlər artıq təsisatlanma ideyası üzərində düşünməlidir.

Dövlət başçısı bildirib: “Biz COVID-19-dan sonrakı dövr üçün fikir mübadiləsinin aparılması və Hərəkatın mövqeyinin formalaşdırılması məqsədilə Qoşulmama Hərəkatına üzv dövlətlərin yüksək səviyyəli iclasının keçirilməsini təklif etmişik.

BMT-nin COVID-19-dan sonra Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılması təklifinin Qoşulmama Hərəkatı tərəfindən təşviq edilməsi məqsədəuyğun olardı.

Azərbaycan Qoşulmama Hərəkatına üzv dövlətlərin parlamentariləri arasında əməkdaşlığın inkişafı ilə bağlı addımlar atır. Bir həftə bundan əvvəl Azərbaycan sədr kimi Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin təsis iclasını keçirdi. Mən təklif edirəm ki, Qoşulmama Hərəkatına üzv dövlətlər artıq təsisatlanma ideyası üzərində düşünsünlər. Azərbaycan sədr qismində məsləhətləşmələr apararaq, Hərəkata üzv dövlətlərin bununla bağlı mövqeyini öyrənəcəkdir”.

Göründüyü kimi, Azərbaycan sədr ölkə kimi Qoşulmama Hərəkatındakı ölkələrə təsisatlanma üzərində düşünməyi təklif edir. Bu təklifin mahiyyətini necə anlamaq olar?

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan bütün beynəlxalq təşəbbüslərdə uğurla çıxış edir:

“Azərbaycan Respublikası Qoşulmama Hərəkatına  sədrlik etdiyi iki illik müddət ərzində xeyli işlər görüb. Prezident İlham Əliyevin COVID-19 pandemiyasına qarşı mübarizə üzrə BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsünü qeyd edə bilərik. Bununla yanaşı, QH-nin sədri qismində Azərbaycan Prezidentinin təşəbbüsü ilə həyata keçirilmiş bir sıra başqa uğurlu addımlar da olub. 4 may 2020-ci il tarixində keçirilmiş QH-nin COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü formatında iclası, 3-4 dekabr 2020-ci il tarixlərində baş tutmuş BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizə üzrə xüsusi sessiyası, eləcə də BMT-nin İnsan Hüquqları Şurası tərəfindən 22 mart 2021-ci il tarixində qəbul edilmiş pandemiyaya qarşı peyvəndlərin ədalətli və bərabər bölüşdürülməsinə dair qətnamənim qəbulunu qeyd edə bilərik. Qoşulmama Hərəkatının tarixində ilk dəfə olaraq Azərbaycan sədrliyinin təşəbbüsü ilə təşkil olunmuş QH Modeli Beynəlxalq Simulyasiya Təlimini də  xatırlada bilərik. Azərbaycan tərəfinin təklifinə uyğun olaraq, QH üzv dövlətlərində post-münaqişə dövrü bərpa, yenidənqurma və reinteqrasiya fəaliyyəti ilə də bağlı qərar qəbul olunub. Bütün bu təşəbbüslər quruma üzv ölkələr tərəfindən yüksək qiymətləndirilib. Qlobal miqyasda, belə bir mürəkkəb dövrdə QH-yə uğurlu sədrliyinə görə bizim rəhbərlik dönəmimiz bir il də artırılıb. Azərbaycan QH-yə 2023-cü ilin sonuna qədər sədrlik etməyə hazır olduğunu bəyan edib.

Azərbaycanın Hərəkata sədrliyinin təşəbbüsü ilə Gənclər Şəbəkəsinin təsis edilməsi isə tarixi bir hadisədir. Şəbəkənin təsis edilməsi hələ Qoşulmama Hərəkatının Bakı Zirvə Görüşü zamanı Hərəkata üzv dövlətlərin dövlət və hökumət başçıları tərəfindən qərara alınıb.

Şəbəkə vasitəsilə Hərəkata üzv dövlətlərin gəncləri öz davamlı inkişaflarının təmin edilməsi istiqamətində qarşılaşdıqları çətinliklər və həmin çətinliklərin vətəndaşları olduqları ölkələrin hökumətləri tərəfindən birgə şəkildə necə həll edilə biləcəyi barədə fikir mübadiləsi aparmaq imkanı əldə edəcəklər.

Azərbaycan Prezidentinin Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü təşəbbüslər bəşəri əhəmiyyət daşıyır. Prezidentin quruma üzv ölkələrə təsisatlanma ilə bağlı etdiyi çağırış çox ciddi əhəmiyyətə malikdir. Bunun anlamı odur ki, qurumun daxilində digər mühüm sahələrə dair də əməkdaşlıq platformaların yaradılması təşəbbüslərini irəli sürsünlər. Azərbaycan bu missiyanın da öhdəsindən uğurla gəlməklə yetkin, məsuliyyətli bir dövlət olduğunu bir daha sübut etmiş oldu”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Samir Adıgözəlli”Ermənistanın insanlıq əleyhinə cinayətlərinin beynəlxalq məhkəmələrdə araşdırılması prosesi fəallaşdırılır..”

30 ilə yaxın torpaqlarımızı işğalda saxlayan, yüzlərlə vətəndaşımızı amasızlıqla qətlə yetirən, sülh, insanlıq, bəşəriyyət əleyhinə …