Cümə , 27 Noyabr 2020
Home » Siyasət » Samir Adıgözəlli:Ermənistan uduzur və onun sonu heç də yaxşı görünmür

Samir Adıgözəlli:Ermənistan uduzur və onun sonu heç də yaxşı görünmür

Samir Adıgözəlli: “Çox yaxşı olardı ki, Ermənistanın havadarları ona sülh yoluna uyğun addımlar atmağı məsləhət görsünlər”

Prezident İlham Əliyev “Fox News” televiziya kanalına müsahibəsində jurnalistin “Siz bu böhranın diplomatik həllinin olduğuna inanırsınızmı” sualına cavabında deyib ki, əgər müharibəyə mən başlamışamsa, niyə 17 il gözləyirdim?

Dövlət başçısı bildirib: “Bəli, inanıram. Əks halda mən 17 il ərzində danışıqlarda iştirak etməzdim. Siz deməyə çalışırsınız ki, müharibəni mən başlamışam. Əgər müharibəyə mən başlamışamsa, niyə 17 il gözləyirdim? Azərbaycan Ordusu artıq azı 10 ildir ki, yaxşı hazırlaşıb. Ona görə də, diplomatik həll masa üzərindədir. Ermənistan Dağlıq Qarabağ ətrafındakı əraziləri boşaltmalıdır. Azərbaycanlılar həmin ərazilərə qayıtmalıdırlar, sonra ermənilərlə sülh və ləyaqət şəraitində yaşamalıdırlar. Bizim mövqeyimiz bundan ibarətdir”.

Göründüyü kimi, xarici medianı təmsil edən jurnalist sualı vasitəsilə diqqəti, güya müharibəni Azərbaycanın başlamasına yönəltmək istəyib. Prezident isə ona çox məntiqli cavab verib. 

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli  “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, son vaxtlar ölkə başçısından müsahibə götürən jurnalistlərin ona qərəzli suallar ünvanladığının şahidi oluruq: “Zəngin diplomatik  təcrübəsi olan Prezident həmin sualları lazımi şəkildə cavablandırır. Dediyiniz suala gəldikdə isə, onlar çox gözəl bilir müharibəni kim başlayıb. Prezident 17 ildir gözləyirəm deyəndə özünün hakimiyyətdə olduğu dönəmi nəzərdə tutur. Ermənistan isə 30 ilə yaxındır ki, bu məsələni konservləşmiş şəkildə saxlayır. Azərbaycan istər əvvəlki dönəmdə, istərsə də İlham Əliyevin hakimiyyəti zamanı sülh danışıqlarına sadiqlik nümayiş etdirib. Ancaq həmsədrlər bu məsələyə ciddi yanaşmayıblar. Çalışdıqları bu olub ki, proses donmuş vəziyyətdə qalsın. Azərbaycan hər zaman  Ermənistana təzyiq göstərilməsini tələb edib. Bunu etməyiblər. Bəyanatlarında bizim məsuliyyətlərimizi bərabərləşdiriblər. İşğalçı ilə işğala məruz qalana eyni gözlə baxıblar. Hətta vəziyyət o həddə çatdı ki, Ermənistanın yeni rəhbərliyi bizə yeni ərazi iddiaları irəli sürməyə başladı. Danışıqlar formatını dəyişib, bizi qondarma rejimin başçısı ilə masada əyləşdirmək istəyirdilər. Ən sonda isə hərbi təcavüzə cəhd etdilər. Azərbaycan hazırda əks-hücumla müharibəyə qoşulub və bütün beynəlxalq qanunlara uyğun səviyyədə ərazilərimizi işğaldan təmizləyir. Ermənistan isə belə vəziyyətində belə sülh istəmir. Humanitar atəşkəslərin tələbini  kobud şəkildə pozur. Azərbaycanın tələblərini yerinə yetirməməklə uzunmüddətli atəşkəsə nail olmaq istəyir. Biz sülh yolu ilə məsələnin həll edilməsini istəyirik. Bunun üçün Ermənistan  torpaqlarımızı nə vaxt tərk edəcəyilə bağlı öz üzərinə öhdəlik götürməlidir. Prezidentin xalqa etdiyi son müraciətin mətnində də bu müddəaların hər biri yer alıb. Çox yaxşı olardı ki, Ermənistanın havadarları ona sülh yoluna uyğun addımlar atmağı məsləhət görsünlər. Hərb meydanında onsuz da Ermənistan uduzur və onun sonu heç də yaxşı görünmür”.

Müsahibimiz hesab edir ki, bu cür qərəzli müsahibələr götürən jurnalistlər bəlli ermənipərəst mərkəzlər tərəfindən idarə edilir.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Ermənistanın quldur ordusu yaxşı bacardığı “su terroru”nu Şuşada son anda başqa formada törətdi

Samir Adıgözəlli: “Şuşanın su xəttini məhv etməklə öz vəhşi xislətlərini bir daha ortaya qoyublar” Düşmən …