Bazar ertəsi , 7 Oktyabr 2024
Drone Cameras

Samir Şərifov: “Azərbaycan S&P və “Moody’s”dən də investisiya reytinqi almaq niyyətindədir”

Azərbaycan “Standard & Poors” və “Moody’s” beynəlxalq reytinq agentliklərindən də investisiya reytinqini almaq niyyətindədir.

Bunu “Report”a müsahibəsində maliyyə naziri Samir Şərifov bildirib.

“Ona görə ki, son illər ərzində Azərbaycan iqtisadiyyatında köklü müsbət dəyişikliklər baş verməkdədir. Bir tərəfdən Azərbaycanın valyuta ehtiyatları artmaqdadır, digər tərəfdən isə borc öhdəlikləri azalmaqdadır. Nəticə etibarı ilə bu, xalis maliyyə aktivlərinin artımına gətirib çıxarır. Bu da heç şübhəsiz ki, hər bir investor üçün Azərbaycan qiymətli kağızlarına, borcuna investisiya etmək istəyənlər üçün olduqca müsbət və etibarlılığı göstərən bir faktordur”, – deyə o qeyd edib.

Nazir reytinq agentliklərinin Azərbaycana kifayət qədər həssas yanaşdığı fikrindədir: “Reytinq agentlikləri Azərbaycana qarşı müəyyən mənada xəsislik nümayiş etdirirlər. Ancaq buna baxmayaraq ilkin olaraq “Fitch Ratings” Azərbaycanın uzunmüddətli xarici valyuta emitentinin defolt reytinqini bir pillə artıraraq investisiya kredit reytinqi səviyyəsinə yüksəltdi. Güman edirəm ki, “Standard & Poors” və “Moody’s” də oxşar addımlar atacaqlar. Bu əsnada “Moody’s” beynəlxalq reytinq agentliyinin Azərbaycan hökumətinin emitent və yüksək təminatsız xarici valyutada reytinqləri üzrə proqnozunu “sabit”dən “müsbət”ə dəyişməsi bunun daha tez zamanda baş verəcəyinə dair bizə ümid verir. Yəni bu proseslərin öz ədalətli həllini tapacağına dair kifayət qədər nikbinik”.

Xatırladaq ki, bu ilin iyul ayında “Fitch Ratings” Azərbaycanın uzunmüddətli xarici valyuta emitentinin defolt reytinqini “BB+” səviyyəsindən “BBB-” səviyyəsinə yüksəltdiyini və sabit perspektivlə qiymətləndirdiyini açıqlayıb. Reytinq agentliyinə görə, yüksəliş ölkənin güclü xarici balans hesabatını, davam edən cari hesab və fiskal profisitlərini, azalan xarici valyuta həssaslığını, aşağı dövlət borcunu və inkişaf edən monetar siyasəti əks etdirir.

Samir Şərifov ilə müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Check Also

Banklar Azərbaycan Qiymətləndiricilər Cəmiyyətində təmsil olunacaq

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) tərkibində Bank Ekspertlər Şurası yaradılıb. Bu barədə “Report”a AQC sədri Vüqar Oruc …