Bazar ertəsi , 13 İyul 2020
Home » Manşet » Seçicilərin verdiyi mandatla gedib özünə mal-mülk toplayan millət vəkili kimə lazımdır

Seçicilərin verdiyi mandatla gedib özünə mal-mülk toplayan millət vəkili kimə lazımdır

Qarşıdan gələn parlament seçkilərində iştirakla bağlı namizədlərin çoxluğu müşahidə edilir. Onların sırasında təkrar namizədliyini verən millət vəkilləri də az deyil. Maraqlıdır ki, məhz yenidən iddialarını ortaya qoyan köhnə millət vəkilləri ilə bağlı sosial şəbəkələrdə maraqlı məlumatlar paylaşılır.

Əsasən də konkret sənədlərə istinadən hazırda millət vəkili statusunu daşıyan şəxslərin əmlakları ilə bağlı sosial şəbəkələrdə və bəzi elektron KİV-də paylaşımlar olur. Həmin məlumatlara baxanda təkrar namizədliyini irəli sürən deputatların varidatı, sözün həqiqi mənasında, göz qamaşdırır. Söhbət dəyəri milyonlarla ölçülən mənzillərdən, şadlıq evlərindən və başqa “obyektlərdən” gedir. Adam bir anlıq təsəvvür edir ki, görəsən bu qədər var-dövləti sadə millət vəkili maaşı ilə toplamaq olarmı? Maraqlıdır, ortaya çıxan bu faktlara seçicilər hansı reaksiyanı verəcəklər?

  • Samir Adıgözəlli: “Onların bu dəfə seçiciləri aldatmaq taktikası baş tutan deyil”

İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, budəfəki seçkilərdə dediyiniz detala ciddi önəm veriləcək: “Artıq ölkədə yeni bir dönəm başlayıb. Rüşvət və korrupsiya ilə amansız mübarizə aparılır. Bu günlərdə bəzi rayonların fəaliyyətdə olan və sabiq icra hakimiyyəti başçıları ilə bağlı aparılan əməliyyatlar və onların həbsə atılması bir daha sübut etdi ki, xalqın malını talayanlara güzəşt olmayacaq. İslahatların fonunda, parlamentin də şəffaflaşması istənilir. Yəqin ki, budəfəki seçkilərdə biz oliqarx deputatların parlamentdə çox da təmsil olunduğunu görməyəcəyik. Maraqlıdır ki, sizin dediyiniz siyahılar iş adamı olan deputatlarla bağlı deyil, özlərini sadə siyasətçi kimi təqdim edənlərlə bağlı yayılır. Bu qənaətə gəlirsən ki, belə adamlar mandatdan yalnız öz mənfəətləri üçün istifadə ediblər. Bunun da nəticəsində elan olunan əmlaklara, var-dövlətə sahibləniblər. Təbii ki, seçkiqabağı təbliğatda rəqiblər bu faktları seçicilərin diqqətinə çatdıracaqlar. Əminəm ki, seçicilərin buna reaksiyası mənfi olacaq və kimsə həmin adamları deputat kimi görmək istəməyəcək. Çünki seçicilərin verdiyi mandatla gedib özünə mal-mülk toplayan millət vəkili onların nəyinə lazımdır? Onlara səslərini, problemlərini yuxarılara çatdıran, onların həllinə nail olan şəxslər gərəkdir. Düşünürəm ki, deyilən kateqoriya adamların dönəmi bitib. Onların bu dəfə seçiciləri aldatmaq taktikası baş tutan deyil”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

İSBAM polislər və həkimlərə həmrəylik nümayiş etdirdi -Video+Fotolar

Bu gün İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) əməkdaşları Azərbaycan Polisinə dəstək aksiyası keçiriblər. Boyukmillet.com onlar …