Dünya Azadlıq Konqresi Tofiq Yaqublu ilə əlaqədar qətnamə qəbul edib
29 gündür həbsinə etiraz olaraq ölüm aclığı edən Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublunun getdikcə yaddaşını itirdiyi bildirilir.
Vəkili Nemət Kərimli aprelin 29-da Umbakı qəsəbəsində saxlanıldığı təcridxanada siyasətçi ilə görüşdən sonra bu barədə sosial şəbəkə hesabında yazıb.
O deyib ki, səhər saatlarında həkim tərəfindən müayinə olunan Yaqublu çəkisindən başqa digər göstəricilərini xatırlamayıb.
“Tofiq Yaqublunun çəkisi 80,3 kiloqrama düşüb. Özünü çox pis hiss edir, deyir ki, başı gicəllənir, yaddaşın tez-tez itirir. Tofiq bəyi 2002-ci ildən tanıyıram. Onu təsəlli etməyə, ümüd verməyə söz qalmayıb, gözümün qabağında “əriyir”. Heç vaxt başa düşməmişəm, insanı necə qanunsuz həbs etmək, ölümə sürükləmək olar? Kim nə deyir-desin məsuliyyət siyasi hakimiyyətin üzərindədir”,- Nemət Kərimli bildirib.
Aprelin 29-da ailə üzvlərinə zəng edən Yaqublu ölüm riskinə baxmayaraq aclığı dayandırmayacağını bildirib.
“Hakimiyyət elə düşünə bilər ki, Apelyasiya Məhkəməsilə bağlı bəzi ümidlərim var, mən də məhkəməyə qədər toparlanıb aclıq aksiyasına davam edəcəyəm. Onsuz da Apelyasiya Məhkəməsi də qərarını dəyişməyəcək və mən də ümidsizliyə qapılıb aclıq aksiyasını dayandıracağam. Belə şey olmayacaq. Aclığı sona qədər davam etdirəcəyəm. Sonu ölüm də olsa!”, – o deyib.
Aprelin 29-da Müsavat Partiyasının qərərgahında Tofiq Yaqublunun həbsxanada başlatdığı aclıq aksiyasına dəstək olaraq yeddi nəfər siyasi fəal aclıq aksiyasına qoşulub. Aksiyaçıların tələbi Tofiq Yaqubluya və digər siyasi məhbuslara azadlıqdır.
Aclıq aksiyasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləri Ceyhun Novruzov, Zəkərulla Nağıyev, Təvəkkül Həsənov, İsmayəddin Qasımov, Rövşən Səfərov, Müsavat Partiyasından Natiq İsrafilli, Azərbaycan Demokratiya və Rifah Partiyasından Hüseyn Məlik iştirak edirlər.
Dünya Azadlıq Konqresi aprelin 29-da Tofiq Yaqublu ilə əlaqədar qətnamə qəbul edib.
Konqres Yaqublunun həbsini pisləyib və onun dərhal sərbəst buraxılmasını tələb edib.
Tofiq Yaqublu 2023-cü ilin dekabrında həbs olunub. Martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dələduzluqda və saxta sənəd hazırlamaqda təqsirli bilinərək 9 il azadlıqdan məhrum edilib. Buna etiraz olaraq aprelin 1-dən ölüm aclığı edir.
Tofiq Yaqublunun apelyasiya məhkəməsi isə mayın 6-na təyin olunub.
Bu, siyasətçinin ilk aclıq aksiyası deyil.
O, 2020-ci il martın 22-də həbsinə etiraz olaraq 17 gün aclıq etmişdi. Sonradan vəziyyəti pisləşdiyinə görə 4 il 3 aylıq həbs hökmü şərti cəza ilə əvəzlənmişdi.
Müxalif siyasətçi 32 ildir Azərbaycana rəhbərlik edən Əliyevlər ailəsinin əsas tənqidçisidir və bu müddətdə 8 dəfə həbs olunub. O, vicdan məhbusu kimi tanınıb.