Bazar ertəsi , 26 Avqust 2019
Home » Siyasət » Türkiyəni “ələ keçirmək” uğrunda savaş qızışdı, Trampa təzyiqlər artdı

Türkiyəni “ələ keçirmək” uğrunda savaş qızışdı, Trampa təzyiqlər artdı

Türkiyənin Rusiyadan S-400 “Triumf” zenit-raket komplekslərini almasına cavab olaraq ABŞ-ın Ankaraya qarşı sanksiyalar tətbiq etməsinə dair müzakirələr gedir.

Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, respublikaçı senatorlar Ankaraya qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsini Senata təqdim edib. Demokrat senator Bob Menendez də Türkiyənin F-35 qırıcıları proqramından çıxarılmasının yetərli olmadığını, bu ölkəyə qarşı sanksiyaların tətbiq edilməsinin zəruriliyini bildirir.

Senata təqdim edilən qərar layihəsinin altında respublikaçı senatorlar Rik Skott və Tod Young-un imzaları var. Layihədə göstərilir ki, Türkiyənin Rusiyadan S-400 kompleksləri alması ABŞ-ın milli təhlükəsizlik maraqlarına “birbaşa və qorxunc təhdid” yaradıb. Bu səbəbdən Türkiyəyə qarşı CAATSA Aktı-ABŞ-ın rəqiblərinə sanksiyalarla təsir göstərmək haqqında qanun işə düşməlidir.

Habelə layihədə göstərilir ki, Rusiyanın yaratdığı təhdid və Türkiyənin NATO üzvlüyünə yenidən baxılması müzakirə edilməlidir, bu məqsədlə alyansın xüsusi sammiti çağırılmalıdır.

Senator Bob Menendez də qanun layihəsinə dəstək verərək Türkiyənin F-35 qırıcıları proqramından çıxarılmasının yetərli olmadığını, Ankaraya qarşı CAATSA Aktı çərçivəsində sanksiyaların tətbiq edilməsinin vacibliyini deyib. O bildirib ki, əgər prezident Tramp Türkiyəyə qarşı CAATSA Aktını tətbiq etməsə Konqres onun sanksiyaları əngəlləməsini çətinləşdirən xüsusi qanun layihəsini müzakirəyə çıxaracaq.

Xatırladaq ki, Rusiya Türkiyəyə S-400 komplekslərinin ardınca özünün 5-ci nəsil Su-35 qırıcılarını təklif edib. Qərb mediası və analitikləri Rusiyanın Türkiyəyə S-400 kompleksləri verməsini Kremlin çox mühüm geosiyasi qələbəsi adlandırır. Çünki bu addım Türkiyə ilə onun ənənəvi müttəfiqi ABŞ arasında ciddi çatlar yaradıb, hətta NATO-nun dağılmasına səbəb ola bilər. Belə ki, ABŞ tərəfindən sanksiyalarla üzləşərsə Türkiyənin alyansı tərk etmək məsələsini gündəmə gətirəcəyi istisna deyil. 

Türkiyə kimi mühüm müttəfiqin NATO-dan çıxması isə Rusiyanın soyuq müharibə dövründən bəri ən ciddi qələbəsi olardı. Bu baxımdan ABŞ administrasiyası Türkiyəni necə cəzalandırmaq məsələsində çox çətin situasiya ilə üzləşib. Hələlik müəyyən olanı budur ki, ABŞ Türkiyəyə F-35 qırıcıları satmayacaq. Lakin bu da Rusiya üçün yaxşı fürsət yaradır və göründüyü kimi Moskva daha da irəli gedərək ləngimədən Türkiyəyə Su-35 qırıcılarını təklif edib.

Check Also

İnamı satışa çıxarıb qanunu heçə sayan İuda

Siyasətlə məşğul olmaq həvəsdən savayı, məntiq, ağıl və ən başlıcası, hadisələri qismən də olsa, dəqiq …