Çərşənbə axşamı , 16 İyul 2024
Drone Cameras

Türkiyənin “Demokratiya və Milli Birlik Günü” ilə əlaqədar Bakıda anım tədbiri keçirilib

İyulun 15-də Bakıda Türkiyənin “Demokratiya və Milli Birlik Günü” ilə əlaqədar anım tədbiri keçirilib.

Boyukmillet.com xəbər verir ki, əvvəlcə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib.

2016-cı il iyulun 15-də baş verən hadisələrdə həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra film nümayiş olunub.

Tədbiri giriş nitqi ilə açan Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Türkiyədə dəfələrlə dövlət çevrilişinə cəhdlərin olduğunu, ancaq 2016-cı il iyulun 15-də baş verən çevriliş cəhdinin digərlərindən fərqləndiyini diqqətə çatdırıb.

Diplomat vurğulayıb ki, Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə türk xalqı FETÖ-nün xain hücumunu dəf etməyi bacardı. Türkiyə xalqın birliyi sayəsində bu ağır sınaqdan da üzüağ çıxdı.

“Çevrilişə qarşı mübarizə zamanı 44 günlük Vətən müharibəsində olduğu kimi Türkiyə bayrağı ilə yanaşı, Azərbaycan bayrağı da dalğalandırılıb. Bu, iki qardaş xalqın bir-birinə bağlılığının bariz nümunəsidir”, – deyə C. Bağçı vurğulayıb.

Türkiyənin qlobal problemlərin həllində fəal iştirak etdiyini və haqsızlığa uğrayanlara öz dəstəyini göstərdiyini diqqətə çatdıran səfir Azərbaycan və Türkiyənin bundan sonra da hər zaman bir-birini dəstəkləyəcəklərini qeyd edib. “Biz bizi istəməyənlərə qarşı gücümüzü birləşdirməkdə davam edəcəyik”, – deyə Cahit Bağçı əlavə edib.

Türkiyənin Azərbaycandakı səfirliyinin daxili işlər müşaviri Mustafa Çakır FETÖ terror təşkilatının nümayəndələrinin Türkiyə və Azərbaycanı istəməyən bütün qüvvələrlə əlbir olduqlarını diqqətə çatdırıb. O, erməni diasporu ilə də sıx əlaqə saxlayan bu təşkilatın üzvlərinin dünyanın 170 ölkəsində fəaliyyətlərini davam etdirdiklərini bildirib.

Diplomat qeyd edib ki, 15 iyul hadisələri FETÖ terror təşkilatının iç üzünü göstərdi. Onların məqsədi Türkiyədə çevrilişə cəhd edərək siyasi idarəetməni ələ keçirmək idi. Amma istəklərinə nail ola bilmədilər.

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri Araz Aslanlı dəfələrlə dövlət çevrilişi cəhdləri ilə üzləşən Azərbaycanın 15 iyul hadisələrində Türkiyənin yanında olduğunu deyib. Bildirib ki, FETÖ nümayəndələrinin məqsədi Türkiyədə vətəndaş müharibəsi yaratmaq və onu daxildən sarsıtmaq idi. Amma xainlər istəklərinə nail ola bilmədilər. Türkiyə xalqının milli iradə nümayiş etdirməsi xainlərə dərs oldu.

Milli Məclisin deputatı, parlamentin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu Əhliman Əmiraslanov qeyd edib ki, bu yaxınlarda Türkiyədə keçirilən prezident və parlament seçkilərinə xalqın münasibəti bütün dünyaya verilən daha bir mesaj idi. Türk xalqı öz seçimi ilə dövlətçiliyinin keşiyində olduğunu nümayiş etdirdi.

Sonda 15 iyul şəhidlərinin ruhuna “Qurani-Kərim”dən ayələr oxuyub.

Check Also

Prezident İlham Əliyev: Donald Trampa qarşı siyasi zorakılıq aktını şiddətlə qınayırıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ-ın Pensilvaniya ştatında Respublikaçılar Partiyasının builki prezident seçkilərində namizədi Donald …