Cümə axşamı , 2 Fevral 2023

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN 100 İLLİYİNƏ LAYİQLİ TÖHFƏ

Azərbaycanı dünyaya tanıdan və dünyanın tanıdığı ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar təkcə Azərbaycanda deyil, postsovet məkanında, xüsusilə türkdilli ölkələrdə tədbirlər silsiləsinə artıq start verilmişdir.
Bu baxımdan Qırğızıstanın paytaxtı Bişkek şəhərində fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun həyata keçirdiyi tədbirlər təqdirəlayiqdir.
Fondun rəhbəri Nüsrət Məmmədovun təşəbbüsü və təşkilatçılığı ilə Bişkekdə rus dilində çapa hazırlanmış “Xalqa bağışlanmış ömürdən anlar” adlı irihəcmli (416 s.) kitab ulu öndərin 100 illik yubileyinə layiqli töhfədir. Kitab, 2023-cü ilin “Heydər Əliyev ili” elan olunması barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamından sonra, Gəncə Dövlət Universitetinin dosenti, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Bayram Apoyevin “Heydər Əliyev – tolerantlıq və multikulturalizmin alovlu carçısıdır” adlı 29 səhifəlik elmi məqaləsi ilə başlayır. Daha sonra ulu öndərin xalqa bağışladığı ömrünün əsas anlarına həsr olunmuş materiallar xronoloji ardıcıllıqla verilmişdir.
Həmin materiallarda həm ulu öndərin özünün müsahibə və çıxışları, həm də tanınmış dövlət və hökumət başçıları, görkəmli elm və mədəniyyət xadimlərinin Heydər Əliyevlə bağlı fikirləri geniş əks olunmuşdur. Kitabın hər bir səhifəsi ümummilli liderin Azərbaycan dövlətinin müstəqillik və demokratik inkişaf tarixində, beynəlxalq nüfuzunun yüksəldilməsində , Qafqazda sülhün qorunub saxlanılmasında, ölkə iqtisadiyyatının dirçəldilməsində, təhsil, elm və mədəniyyətin inkişafında müstəsna rolunu sübut edən dəlillərlə zəngindir.
Ulu öndərin fenomenal şəxsiyyətinin fərqli cəhətləri ilə bağlı fikirlər də kitabda geniş yer tutur.
Gənc nəslin milli dövlətçilik ideyalarına sədaqət və vətənpərvərlik ruhunda tərbiyələndirilməsində böyük rolu olan bu dəyərli kitab Rusiya, Azərbaycan və Gürcüstan Yazıçılar Birliyinin üzvü şair Giya Paçxataşvilinin “Atasını itirən oğul (İlham Əliyevə)” adlı şeirlə yekunlaşır.
Kitabdakı bütün rəsmi sənədlər Azərbaycan Dövlət İnformasiya Agentliyinin (Azərtacın) materialları əsasında verilmişdir.
Kitabın elektron vaiantı artıq fondun saytına yüklənmişdir. Kitabı buradan oxumaq olar: https://turktoday.info/biblioteka-russkiy.html
Qeyd edək ki bu, artıq ulu öndərin 100 illik yubileyinə Fond tərəfindən edilmiş ikinci töhfədir. Birinci töhfə isə “Müzəffər Ali baş Komandan:-Sən azadsan əziz Şuşam” adlı kitabdır. Bu kitabın da elektron variantı artıq sayta yüklənərək oxucuların ixtiyarına verilmişdir.
Xüsusi ilə vurğulamaq lazımdır ki Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu Ulu Öndər Heydər Əliyevin 100, Dahi qırğız yazıçısı Çingiz Aytmatovun 95 illiyi ilə əlaqədar Bişkekdə silsilə tədbirlər keçirməyi planlaşdırır.
Xatırladaq ki Fondun sifarişi ilə çəkilmiş “İki dahi şəxsiyyət…” filminin mərkəzi teleekranlarda nümayişi də nəzərdə tutulur.
Film haqqında qısa məlumat verək: 2022 ci il Oktyabr ayının 11-də Qırğız Respublikasının Prezidenti Sadır Japarovun adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi qəbul təşkil edilmişdi. Həmin qəbulda “İki dahi şəxsiyyət…” filminin fraqmentləri əsasında videoçarx hazırlanmışdır. Videoçarxı izləyən Prezident İlham Əliyev qürurla demişdir: – “Hörmətli Sadır Nurqojoyeviç. Belə xatirə hədiyyəsinə görə sağ olun. Biz burada videokadrlarda Heydər Əlirza oğlunun “Manas”ın minilliyi təntənələrində iştirakını gördük və bizim nümayəndə heyətimizin bütün üzvləri, – mən onların hisslərinə şərikəm, – eyni hissləri, fəxarət hisslərini, onun Azərbaycan və Qırğız xalqlarının qardaşlıq yolunu davam etdirdiyimizlə bağlı hissləri keçirdik. Lakin Siz mənə hələ bir kitab da bağışlamısınız”.
Heydər Əliyev ilində filmin tam versiyasına baxmaq tamaşaçılara nəsib olacaq. Artıq bir neçə mərkəzi telekanallar filmin nümayişində maraqlıdırlar. Qırğızıstan Milli TeleRadiokompaniyasının bədii şurası filmin telekanalda nümayiş etdirilməsini bəyənib.

Check Also

Gələn ilin dövlət büdcəsi layihəsinin tərtibinə start verilib

Baş nazir Əli Əsədov Azərbaycanın 2024-cü il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial …