Bazar ertəsi , 16 İyun 2025
Drone Cameras

UNICEF-in də Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti dayandırılır

Təşkilatın fəaliyyəti mərhələli şəkildə dayandırılacaq

UNICEF-in Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti dayandırılır.

“Report”un məlumatına görə, bunu  UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə Kommunikasiya İdarəsinin regional rəhbəri İrina Mazur (Iryna Mazur) təsdiqləyib.

Onun sözlərinə görə, UNICEF-in Azərbaycandakı fəaliyyəti qarşıdakı aylarda mərhələli şəkildə dayandırılacaq:

“UNICEF Azərbaycanda tərəfdaşlarla əməkdaşlığı regional ofisi və baş qərargahı vasitəsilə davam etdirəcək”.

“Son 30 il ərzində əməkdaşlığımız uşaq ölümlərinin azalmasına, keyfiyyətli təhsilə çıxışın genişlənməsinə və uşaq müdafiəsi sistemlərinin gücləndirilməsinə töhfə verib”, –  İrina Mazur belə deyib.

Dünyanın 190 ölkəsində uşaq hüquqlarını dəstəkləyən və qoruyan təşkilat Azərbaycanda 1993-cü ildən fəaliyyyət göstərirdi.

Azərbaycanda bəzi beynəlxalq təşkilatların fəaliyyətinin məhdudlaşdırılması fonunda bu qərar da siyasi səbəblərlə bağlı bir hadisə kimi dəyərləndirilir.

Bu ilin martında “Caliber.az” yazmışdı ki, BMT-nin İnkişaf Proqramı (UNDP), Qaçqınlar üzrə Ali Komissarlığının İdarəsi (UNHCR), Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) və BMT-nin Uşaq Fondunun (UNICEF) Bakı nümayəndəliklərinə əməkdaşlıq formatına yenidən baxılması zərurəti ilə bağlı xəbərdarlıq edilib.

Bu təşkilatlara Azərbaycanı tərk etməli olduqları bildirilib və bu qərar müvafiq səviyyədə onlara çatdırılıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) 2025-ci il martın 3-də yaydığı məlumatda isə deyilirdi ki, nazir Ceyhun Bayramov Azərbaycanda səfərdə olan BMT-nin İnkişafı Əlaqələndirmə Ofisinin Avropa və Mərkəzi Asiya üzrə Regional direktoru Qui-Yeop Sonla görüşdə bildirib ki, Bakı BMT ilə əməkdaşlıqları yeni dövrün reallıqlarına uyğun nəzərdən keçirir.

“Bu xüsusda, bəzi BMT qurumları ilə bundan sonrakı tərəfdaşlığın milli prioritetlərə uyğun şəkildə layihə əsaslı əməkdaşlıq mexanizmi vasitəsilə davam etdiriləcəyi müqabil tərəfin diqqətinə çatdırılıb. Azərbaycan artıq yardım qəbul edən dövlətdən qlobal gündəliyə töhfə verən bir ölkəyə çevrilib”, – Azərbaycan XİN-nin məlumatında bildirilib.

2025-ci ilin martında Azərbaycanda Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndəliyi bağlanıb.

Bir neçə gün öncə, mayın 2-də BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycandakı nümayəndəliyinin fəaliyyətinin başa çatması xəbərləri yayılıb.

Mayın 5-də də BMT-nin Əhali Fondu (UNFPA) da Azərbaycanda fəaliyyətini dayandırıb.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İdarəsi (UNHCR) isə mayın 6-dan Azərbaycanda fəaliyyətini dayandırıb.

Check Also

Türkiyə XİN: Azərbaycanla həmrəyliyimiz əbədi davam edəcək

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan xalqını Qurtuluş Günü münasibətilə təbrik edib. Boyukmillet.com-un xəbərinə görə, …