Cümə , 12 Avqust 2022
Home » Cəmiyyət » VƏTƏN XİLASKARI

VƏTƏN XİLASKARI

Həyat hər insana qucaq açır. Ancaq hər insan həyatda layiqli yaşaya bilmir. Bir dəfə gəldiyimiz bu dünyada yaşamaq yerinə yaşatmağı seçənlərə “Şəhid” deyirik. Şəhidlər ömrünün gənclik çağında həyata vida deyib cənnətə üz tuturlar.

Bir də elə şəhidlər var ki, ömrünün gənc çağında həyatın sınaqları, çətinlikləri, ayrılıqları ilə mücadilə edə-edə ürəkləri nurani insan kimi yorğun düşür. 28 il ömür yaşayan Toğrulun nəinki ruhu, cismi də sanki qocalmışdır. O, həyatın ən böyük itkilərini gənc yaşında ard-arda yaşamışdır. Ailənin ilk övladı kimi o acının yükü ilə bərabər qardaş-bacısının yükünü də öz çiyinlərinə yığmışdır. Ata – ana itkisi ürəyini yandırsa da qardaş-bacısını qəlbinə sıxıb onlara nəinki qardaş qayğısı eyni zamanda ata-ana olmuşdur. Sonra isə vətənə can oldu vətən oğlu.


İllərdi gəlmək arzusunda olduğum Naxçıvana qədəm qoyarkən ilk gəldiyim müqəddəs ocaq Məmmədov Toğrul Səyyad oğlunun bir zamanlar yaşadığı müqəddəs ocaq oldu. Uzun illərdi qəhrəmanlığından sətir-sətir yazdığım Toğrul Məmmədovun evində onun adına guşəni gördüyümdə o əşyaların anıları göz önümdə canlandı. Erkən yaşlarında ata – anasını itirən və Toğrulu özünə dayaq bilən qardaşı Üzeyir Məmmədovun gözlərinin dərinliyindəki o hüznü, qardaşsızlıq həsrətini duymamaq mümkün deyildi. Mən bu həsrəti çox duymuşdum, ancaq bu dəfə o həsrəti kədərli gözlərdən sətir-sətir oxudum.


Mən Toğrulun həyatından çox bəhs etmişəm. Hər dəfə bu həyata nəzər saldığımda Toğrulsuzluğun acısını daha dərindən hiss edirdim. Bu dəfə isə həsrətimin rəngi tam ayrıdır. Bu dəfə Toğrulun bir zamanlar yaşadığı evdə Toğrulun ömür kitabını səhifələyib, qəhrəmanlığından bəhs edən səhifələrə birini də əlavə edəcəm.


1988-ci il Günəşin gur şəfəqləri ilə isitdiyi iyul ayında (26 iyul) nəfəsi ilə isitmişdi evini, ocağını. Ata-anasının ilk övlad kimi bağrına basdığı Toğrul dünyaya gəlişi ilə böyük-böyük ümidlərə, arzulara yelkən açmışdır. Görəsən o arzuların içində Babək rayonunun Şıxmahmud kəndində dünyaya gələn bu oğlun bütün Azərbaycanın oğlu olması arzusu da yer almışdırmı?


1994- cü ildə məktəbli kimi Babək rayon Şıxmahmud kənd tam orta məktəbinə qədəm qoyan Toğrulun bir gün o məktəbin şəhid şagirdi kimi tanınacağını heç kim təsəvvür etməyib. Ancaq ötən zaman Toğrulun ürəyindəki vətən sevgisini daha çox aşkara çıxarıb və vətən sevdalı oğul təhsilini 2002-ci ildən Cəmşid Naxçıvanski adına Hərbi liseydə (indiki Heydər Əliyev adına Hərbi lisey) davam etdirib. 3 il orada təhsil aldıqdan sonra hərbi təhsilini Azərbaycan Ali Hərbi Məktəbində davam etdirib.

2009-cu ildə bir hərbçi kimi AAHM – i leytenant hərbi rütbəsi ilə bitirib. İşinin peşəkarı olmaq yolunda atdığı addımları bununla da kifayətlənməyən Toğrul Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində 1 il ixtisasartırma kursu keçib. Qəhrəman şəhidimizin səngər həyatı 2010-cu ildə başlayıb. Hər zaman ön cəbhədə xidmət edən Toğrul dəfələrlə düşmən təxribatının qarşısını alıb. 2012-ci ildə baş leytenant hərbi rütbəsinə yüksələn Toğrul qısa zamanda taqım komandiri vəzifəsindən xidmət komandiri vəzifəsinə yüksəlib.


Toğrulun alnına iki döyüş görüb sonra şəhid olmaq yazılıbmış. 2014-cü ildə düşmən Ağdam istiqamətində təxribat törədən zaman vətənin müdafiəsinə qalxanlardan biri də Toğrul olmuşdur. Həmin döyüşlərdə Azərbaycan ordusunun müxtəlif rütbəli 13 hərbçisi şəhid olmuşdur.

Toğrul həmin döyüşlərdə ayağından və çiynindən yaralanaraq şəhidliyin bircə addımlığından dönmüşdür. Demək ki, onun qismətində ilk zəfər tariximiz olan Aprel döyüşlərinin iştirakçısı olmaq da yazılıbmış. Aprel döyüşləri neçə-neçə qəhrəmanlıq salnaməsi yazılmışdır. Həmin döyüşlər zamanı Toğrul illərlə arzusunda olduğu kimi vətənin azadlığına töhfə vermişdir. Azadlığın sevincini yaşasa da dost adlı uçmaz qalası yerlə yeksan olmuşdur.

Ağır yaralanan Nəcməddin Savalanov həyat mücadiləsi aparan zaman Toğrul Məmmədov onun həyata bağlanacağına ümid etmişdir. Ancaq o ümid puç olmuşdur.
Ölümün acısı Toğrula çox tanış idi. O tabutun necə ağır bir yük olduğunu yaxşı bilirdi. Həyatının ən gözəl çağında, 18 yaşı olan zaman ana tabutu daşıyan Toğrul cəmi dörd il sonra ata tabutu daşımışdır.

Əslində o tabutda bütün gənclik arzuları cəm olan o gənc həmin gündən sonra həyat yükünü çiyinlərinə yığmışdır. Bütün bu sınaqlar yetməzmiş kimi bir də dost tabutu daşıyan Toğrul o gün göz yaşları ilə torpağın köksünə dağ çəkmişdir. O an Toğrulun qəlbindən ucalan fəryad düşmənə olan intiqamını daha da alovlandırmışdır. Həmin gündən sonra gözləri dost axtaran qəhrəmanın ürəyi qisas üçün döyünmüşdür. Sosial şəbəkədə Nəcməddin haqqında paylaşım edib “Qardaşım, sən mənim canımı apardın.” yazan Toğrul əslində o cümlə ilə ruhunu dost məzarında dəfn etdiyini dilə gətirmişdir.


2016-cı il iyul ayının 14-də Toğrul Bakıya çağırılmış və kapitan hərbi rütbəsinə layiq görüldüyü xəbərini almışdır. Lakin o rütbəni daşımaq qəhrəmana qismət olmamışdır. Ağdama dönən Toğrul bilməmişdir ki, o gün ömrünün son günüdür. Elə həmin gün Ağdam rayonunun Baş Qərvənd kəndində düşmən yenidən atəşkəsi pozmuş və təxribata əl atmışdır. Toğrul Məmmədov yerindəcə düşmənin layiqli cavabını verməyə nail olmuşdur. Həmin vaxt snayper atəşinə tuş gələn Toğrulun ömür və döyüş yolu tamamlanmışdır.
“Toğrul şəhid olub.” Təsəvvür edirsiniz bir bacı, bir qardaş üçün tək dayaqlarını, ata-ana yerinə sığındıqları böyük qardaşlarını itirməkləri nə deməkdir?

Şəbnəm və Üzeyir o xəbərlə yaralı ürəklərindən təkrar yaralanmışlar. Axı bu yük çox ağır yükdür. Axı onlar Toğrul kimi güclü deyillər ki, tabut daşısınlar. Ancaq buna məcburdurlar. Necə ki, Toğrul bacı və qardaşı üçün ayaqda qalmağı bacarmışdır, Şəbnəm və Üzeyir də Toğrulu şəhid adına layiq qarşılamaq üçün güclü olmalı idilər.


Bütün ata və anaların oğul yerinə qoyduqları şəhid Toğrul 15 iyulda qürurla Naxçıvana gətirilib. Qəlbində yar deyil vətən sevgisi ilə izdihamla son mənzilə yola salınan Toğrul Məmmədov Babək rayon Şıxmahmud kənd məzarlığında ata və anasının məzarı yanında torpağa tapşırılıb. Xalqın qüruru olan şəhid ata – anasının əbədi dünyasına da qürurla gedib.
İllər öncə dost itkisi yaşayan Toğrulun əbədi gedişi çox dostlarının ən böyük acısı olmuşdur.

O dostlardan biri olan kapitan Daşqın Qədimov üçün Toğrulun şəhid olmağı qəbul edə bilməyəcəyi qədər ağır bir itki olmuşdur. Dostunun intiqamını alacağına söz verən Daşqın Vətən müharibəsində nəinki Toğrulun bütün şəhidlərimizin intiqamını almışdır. Qəfil ölüm Daşqını da bu dünyadan əbədi ayırmışdır. Beləcə cənnət əbədi dostluqların əbədi ünvanına çevrilmişdir.


Adının haqqını verən Toğrul elə hərbi xidməti zamanı da qoçaqlığı, zirəkliyi ilə seçilmişdir. Şahin kimi düşmənin üzərinə şığıyan qəhrəman hərbi xidməti zamanı “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı və “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı ilə təltif olunmuşdur. Kapitan Məmmədov Toğrul Səyyad oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə şəhadətindən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilmişdir.


Toğrulun şəhid olduğu tarixdən illər ötsə də nə özü, nə də sözü unudulmur. Son nəfəsində “Əsgərləri çıxarın.” deyən qəhrəman fəda olmağın necəliyini hər kəsə bəyan edib. Getdiyi yolu örnək götürən hərbçilər də hər an fəda ola biləcəklərini əməlləri ilə sübut etdilər və edirlər. Toğrul şəhid olduqdan sonra neçə-neçə Toğrullar doğulub. Onlardan sonuncusu Məmmədovlar ailəsinin son nümayəndəsidir. Üzeyir Məmmədov şəhid qardaşının adını öz övladına əmanət edib. Şəhid adını daşıyan körpə atasının ümididir. O evdə yenidən Toğrul böyüyür. Toğrul adını uca tutan bir atanın bütün addımları Toğrula nümunə olacaq. O da vətənin şəhid yaralarına əməlləri ilə təsəlli olacaq.

VƏTƏN XİLASKARI 

Elə vətən üçün gəldin dünyaya,
Sevginin ünvanı oldu bu vətən.
Vətən səngərində ötən illərin,
Hər anı min ilə sanki oldu tən.

Həyatda çəkdiyin bütün həsrətin,
Məlhəmi bilirdin sən azadlığı.
Qəlbində intiqam əkib – biçirdin,
Tapdaqda gördükcə sən Qarabağı.

Gözündə yox idi qorxudan əsər,
Kükrəsən düşmənin ruhu əsirdi.
Vətənə azadlıq bəxş eləməkçün,
Vətən qəhrəmanı, sən tələsirdin.

Avqust döyüşləri getdiyi zaman,
Sən döndün şəhidlər şahidi kimi.
On üç qəhrəmanın şəhid olmağı,
Həmin vaxt yandırdı Toğrul, qəlbini.

“Bir qarış torpaqdan keçmərəm!” deyib,
Aprel döyüşündə önə atıldın.
Qalib bir ordunun qəhrəmanı tək,
Həmin döyüşlərdə sən zəfər çaldın.

Ancaq qismətində şəhidlik vardı,
Torpağın köksünə damladı qanın.
Sinəni atəşə sipər elədin,
Toğrul, xilaskarı oldun Ağdamın.

MANYA SƏXAVƏTQIZI

Check Also

İrandan narkotik gətirən qaçaqmalçılar Azərbaycan sərhədçilərinə atəş açıb, yaralanan var

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri …