Çərşənbə axşamı , 9 Avqust 2022
Home » Təhsil » Xaricdə təhsil alan tələbələr ölkəyə qayıda bilmirlər

Xaricdə təhsil alan tələbələr ölkəyə qayıda bilmirlər

Ekspertlər hesab edir ki, hökumət problemi heç olmasa ucuz çarter reysləri ilə həll etməlidir

 2020-ci ilin mart ayında Azərbaycanda tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar müvəqqəti bağlanan quru sərhədləri hələ də açılmayıb. Bu səbəbdən xaricdə yaşayan vətəndaşlarımızın, o cümlədən tələbələrimizin xeyli hissəsi Vətənə qayıda bilmir. 


Xüsusən də Türkiyədə təhsil alan tələbələrin simasında bu məsələ ciddi narazılıq doğurur. Hazırda yay tətili olmasına rəğmən onlar evlərinə gələ bilmir. Buna səbəb kimi təyyarə qiymətlərinin baha və quru sərhədlərinin bağlı olmasını göstərirlər.


Naxçıvan-Türkiyə arasında olan quru sərhədlərin bağlanması isə vəziyyəti daha da pisləşdirib. Hazırda tələbələrin evlərinə necə qayıdacaqları sual altındadır.


Qeyd edək ki, rəsmi orqanlar sərhədə gediş-gəlişin məhdudlaşdırılmasına səbəb kimi koronavirus pandemiyasını göstəriblər. Halbuki, artıq qonşu ölkələr pandemiya ilə bağlı sərhədə tətbiq etdikləri məhdudiyyətləri ardan qaldırırlar. Üstəlik, Naxçıvanla Türkiyə arasında quru sərhəd pandemiyanın ən kəskin vaxtında belə açıq olub.

Ölkə ictimaiyyəti isə hesab edir ki, artıq əksər ölkələr pandemiya səbəbindən bağladıqları quru sərhədlərin açılması barədə qərar verirlər. “Nəzərə alsaq ki, ölkədə epidemioloji vəziyyət sabitdir, həm Azərbaycanda, həm də qonşu ölkələrdə koronavirusa yoluxma sayında kəskin azalma var, o zaman quru sərhədlərin açılması qərarı verilməlidir.   QHT sədri Seymur Verdizadə şəxsi hesabında Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin hazırda acınacaqlı vəziyyət yaşadığını deyib və onların problemlərinin həlli üçün real addımların atılmasını vacib hesab edib: “Quru sərhədlər bağlı olduğu üçün tələbələr Vətənə ancaq təyyarə ilə qayıda bilərər. AZAL isə biletin qiymətini ən ucuz 500 manat müəyyənləşdirib. Hətta bu məbləğ 800 manata qədər də yüksələ bilir. Buna görə də tələbələrimiz Türkiyə küçələrində ac-yalavac, əsir-yesir qalıblar”. 


İqtisadçı Məhəmməd Talıblı isə məsələni Rusiyada yaşayan 2 milyondan artıq azərbaycanlının problemi üzərindən qabardıb: “Rusiyada 10 minlərlə insan ağlagəlməz sıxıntılarla sərhəd bölgələrində tezliklə ölkələrinə qayıtmaq istəyirlər. Lakin onlar bu intizarla günlərini-günlərinə calayıb yaşayırlar. Rusiyada iş həyatı pozulub. Ölkə əvvəlki iqtisadi sistemdə çalışmır. Sanksiyalar iqtisadiyyatda daha dərindən hiss olunmağa başlayır. Bir şeyi başa düşməliyik ki, iş dalınca xarici ölkələrə gedən öz vətəndaşlarımızı başqa ölkədə zorən saxlamaq çıxış yolu deyil. Ölkədə məşğulluq siyasətində ciddi irəliləyişlər həyata keçirilməlidir. İnvestisiya mühiti yumşaldılmalıdır. Biznes iqlimi dəyişməlidir”.


Onu da bildirək ki, İrana da gediş-gəliş dayanıb, Gürcüstanda  yaşayan soydaşlarımız da eyni aqibəti  yaşayır. Təyyarə biletləri çox baha olduğundan bir çox insanlar hava yolu ilə Vətənə qayıtmaq imkanına sahib deyil.


Millət vəkili Aqil Abbas isə deyib ki, tələbələrin aqibətini düşünməli olan adamlar ayrı şeylər düşünürlər: 

“Onları tələbə və onların aqibəti maraqlandırmır. Sərhədləri bağlayanları, təyyarə qiymətini fantastik şəkildə qaldıranları heç vaxt tələbə maraqlandırmayıb. Dəfələrlə parlamentdə bu məsələni qaldırmışıq, amma bizi eşidən yoxdur. Turizmin ən şıdırğı vaxtında bütün dünya quru yollarla hərəkət edir. Ötən həftə Naxçıvan-Türkiyə quru sərhədinin bağlanması, görünür, kimlərəsə sərf edir. Hər dəfə təklif olunur, amma AZAL qiymətləri endirmir. AZAL dövlət içində dövlətdir. Hökumətin və heç kimin AZAL-a gücü çatmır. O, ayrıca dövlətdir və özünün Prezidenti, sərəncamları, qanunları var. Görünən odur ki, tələbələr evlərinə qayıda bilməyəcəklər. Belə çıxır ki, Azərbaycanda söz sahibi Cahangir Əsgərovdur. Ona da heç kimin gücü çatmır”.

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov da “Şərq”ə açıqlamasında bu qədər vaxt ərzində quru sərhədlərinin bağlı qalmasının çox ciddi məsələ olduğunu deyib. Onun sözlərinə görə, uzun zamandır quru sərhədlərin bağlı qalması ilə bağlı cəmiyyətdə ciddi narazılıqlar var: 


“Hər dəfə mətbuata açıqlamalarımızda biz də bu barədə danışır, sərhədlərin açılmasının labüd olduğunu dilə gətiririk. Amma müəyyən səbəblərdən sərhədlər hələ də açılmır. Hətta bu yaxınlarda Naxçıvan-Türkiyə arasında olan quru sərhədlərin bağlanması ilə bağlı da rəsmi qərar verildi. Hansı ki pandemiyanın gərgin  dönəmlərində belə insanlar həmin yol ilə gedib- gələ bilirdilər”. 


A.Allahverənovun sözlərinə görə, vətəndaş maraqlarının  qorunması dövlət üçün piroritet məsələlərdəndir. Quru sərhədlərin bağlanması isə elə bir məsələdir ki, az qala hamı bundan gileylənir: 

“Xüsusən də xaricdə yaşayan, doğmaları xaricdə yaşayan insanlar üçün bu problemin həlli çox mühüm şərtdir. Təyyarə biletləri həddindən artıq baha olduğu üçün hamının hava yolu ilə gəlmək imkanı yoxdur. Xaricdə yaşayan insanların çox az bir hissəsi ailəvi olaraq ölkəyə təyyarə ilə gəlmək imkanına sahibdir. Təsəvvür edin, Rusiyaya ikitərəfli bilet təxminən 1500-1600 manat məbləğindədir. Bu da haqlı olaraq insanların narazılığına səbəb olur. Bir halda ki ölkədə epidemioloji vəziyyət sabitdir, yoluxma sayı kritik həddə deyil, onda quru sərhədlərinin bağlı qalması hansı məntiqə dayanır?”. 

Şura sədri deyib ki, əgər quru sərhədlər bir müddət daha bağlı qalacaqsa, o zaman dövlət orqanları bu sahədəki problemlərin aradan qaldırılması üçün real addımlar atmalıdır. Ən azı müəyyən kateqoriyalardan olan insanlar üçün gediş-gəliş imkanları əlçatan olmalıdır. Tələbələr və digər həssas qruplara daxil olan şəxslər  müvafiq qurumda qeydiyyatdan keçməklə ölkəyə daha ucuz  yolla gələ bilsinlər. 


Konkret olaraq xaricdə oxuyan tələbələrin ölkəyə qayıda bilməmələrinə gəldikdə isə A.Allahverənov qeyd edib ki, bu problemin açarı çarter  reysləridir: 

“Türkiyədə və başqa ölkələrdə təhsil alan, maddi səbəblərdən evlərinə qayıda bilməyən tələbələri qeydiyyata alıb müxtəlif reyslərlə onların Azərbaycana gətirilməsini təmin etmək olar. Hesab edirəm ki, aidiyyəti strukturlar bu məsələ üzərində ciddi düşünməli, ölkədə və xaricdə yaşayan vətəndaşların maraqlarını təmin etməlidir”.

Check Also

Hərbi liseylərə qəbul imtahanı keçiriləcək

Bu gün Dövlət İmtahan Mərkəzi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi liseylərinə qəbul imtahanı keçirəcək. Mərkəzdən …