Cümə , 19 İyul 2024
Drone Cameras

XİN Fransanı Azərbaycan və Ermənistan arasında sülhə mane olmamağa çağırıb

“16 iyun 2023-cü il tarixində Fransanın Avropa və xarici işlər nazirliyinin mətbuat katibi tərəfindən Azərbaycan-Ermənistan sərhəd bölgəsində baş vermiş təxribatlarla əlaqədar bəyanat bölgədəki mövcud vəziyyəti təhrif edir və qərəzlidir”.

Boyukmillet.com xəbər verir ki, bu fikirlər Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransanın Avropa və xarici işlər nazirliyinin mətbuat katibi Ann-Kler Lejandrın iyunun 16-da səsləndirdiyi bəyanatına dair şərhində əksini tapıb.

“Fransa tərəfinə xatırlatmaq istərdik ki, Azərbaycan beynəlxalq norma və qaydalara uyğun olaraq təsis etdiyi Laçın dövlət sərhədindən buraxılış məntəqəsindən hər iki istiqamətə yüzlərlə erməni sakininin tənzimlənən şəkildə, sərbəst və təhlükəsiz hərəkətini təmin edib. Bu səylərə baxmayaraq, 15 iyun tarixində məhz Ermənistan tərəfindən sərhəd keçid məntəqəsinin atəşə tutulması nəticəsində sərhədçimiz yaralanıb. Hazırda, sərhəddən keçid üzrə təhlükəsizlik və istintaq tədbirləri həyata keçirilir.

Ermənistan tərəfindən Laçında qeyd edilən təxribata və digər istiqamətlərdə ərazilərimizin atəşə tutulmasına baxmayaraq, Fransa tərəfinin məsələyə birtərəfli yanaşması təəssüf doğurur.

Bununla yanaşı, Ermənistanın 2021-ci ildə istehsal etdiyi minaları Azərbaycan ərazisində basdırması da daxil olmaqla mülki əhalini mina təhdidinə məruz qoymasına, 30 ilə yaxın işğal dövründə mülki əhalini daim hədəfə almasına, eləcə də güc yolu ilə qovduğu azərbaycanlıların öz yurd-yuvalarına ləyaqətli və təhlükəsiz şəkildə geri dönməsinə bir sıra təxribatları ilə maneçilik törətməsinə Fransa tərəfinin indiyə qədər heç bir reaksiya verməməsi də sual doğuran məqamlardandır.

Ermənistan tərəfi sülh prosesinə mane olan təhrikçi hərəkətlərə son qoymalı, erməni silahlı qüvvələrini tam olaraq Azərbaycan ərazilərindən çıxarmalı, bölgədə maneəsiz kommunikasiyaların bərpa olunması üzrə öhdəliklərini yerinə yetirməlidir.

Azərbaycanın bölgədə sülh, sabitlik və inkişafı təmin etmək, ərazi bütövlüyü və suverenlik kimi beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında Ermənistanla münasibətləri normallaşdırmaq əzmindədir.

Qeyd edilənlər nəzərə alınmaqla, Fransa tərəfini bir daha bu kimi mövqe sərgiləməklə, prosesə maneçilik cəhdlərinə şərait yaratmamağa çağırırıq”, – XİN-dən bildirilib.

Check Also

İlham Əliyev Oksfordda Almaniya kansleri ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 18-də Oksfordda qarşı tərəfin müraciətinə əsasən Almaniya Federativ Respublikasının Kansleri …