Şənbə , 27 Fevral 2021
Home » Cəmiyyət » “Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı törədilən ən dəhşətli cinayətdir”

“Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı törədilən ən dəhşətli cinayətdir”

Cəlil Xəlilov: “Vətən müharibəsi dönəmində Gəncə və Bərdəyə endirilən raket zərbələri bu cinayətin davamıdır”

“Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı törədilən ən dəhşətli cinayətdir və buna görə də cinayətkarların öz layiqli cəzasını almasında bütün bəşəriyyət maraqlı olmalıdır”.

Boyukmillet.com xəbər verir ki bunu Moderator.az-a açıqlamasında Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Ermənistanın Xocalı faciəsinə görə hüquqi müstəvidə cəzasını almaması, onun Vətən müharibəsində yeni soyqırımlara cəhd etməsinə səbəb oldu:

“1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan tərəfindən həyata keçirilən Xocalı soyqırımının dünyada tanınması istiqamətində dövlətimiz ardıcıl iş aparmaqdadır. Ölkə başçısının, hörmətli I vitse-prezidentin bu yöndə atdığı sistemli addımlar sayəsində Xocalı faciəsi dünyanın 10-dan çox ölkələrində, o cümlədən ABŞ-ın 20-yə qədər ştatında tanınıb. Xocalı soyqırımının dünyada təbliğində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya ədalət” kampaniyasının önəmi xüsusi ilə qeyd edilməlidir. Məhz bu kampaniya nəticəsində milyonlarla insan Xocalıda törədilən erməni vəhşiliyi ilə tanış oldu, insanlığa qarşı necə dəhşətli cinayətə yol verildiyi bildi.

Ermənistanın törətdiyi Xocalı soyqırımına görə beynəlxalq hüquq qarşısında cavab verməsi, cinayəti törədənlərin məsuliyyətə cəlb edilməsi bu gün də öz aktuallığını qoruyan mühüm məsələlərdən biridir. Dünyanın aparıcı dövlətləri, beynəlxalq təşkilatlar bu məsələdə dövlətimizin səylərini dəstəkləməli, erməni cinayətkarlarının hüquqi müstəvidə törətdikləri əməllərə görə cavab verməsini təmin etməlidirlər.

Təsadüfi deyil ki, Xocalı soyqırımı törədənlərin cəzasız qalması Vətən Müharibəsi dönəmində yeni cinayətlərə səbəb oldu. Əslində müharibə dönəmində Gəncəyə, Bərdəyə, respublikamızın digər şəhərlərinə atılan raketlər, mülki insanların məqsədli şəkildə atəşə məruz qoyulması Xocalı soyqırımının davamı kimi qiymətləndirilməlidir.

Azərbaycan ordusu Vətən müharibəsində işğalçı dövlətin ordusunu darmadağın edərək ona öz yerini göstərdi. Qarşıda Ermənistanın son 30 il ərzində törətdiyi bütün cinayətlərə görə beynəlxalq hüquq çərçivəsində məsuliyyətə cəlb edilməsi, Azərbaycana təzminat ödəməsi kimi mühüm məsələlər dayanır. Əminəm ki, dövlətimizin bu istiqamətdəki səyləri yaxın gələcəkdə öz nəticəsini verəcək, Azərbaycan ordusu tərəfindən darmadağın edilən düşmən beynəlxalq hüquq qarşısında da ədalətli şəkildə cəzalanacaq”.

Seymur ƏLİYEV

Check Also

Ermənistan dağıdılmış tarixi-dini abidələrə görə beynəlxalq hüquq qarşısında cavab verməlidir

Xalqımıza məxsus maddi-mədəni irsin məhv edilməsi siyasəti yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri sivilizasiyaya qarşı …