Bazar , 1 Dekabr 2024
Drone Cameras

Yol qəzası 6 can aldı, ölənlərin 5-i hərbçidir

Bir yeniyetmə xəstəxanaya yerləşdirilib

Tovuzun Ceyrançöl adlanan ərazisində ölümlə nəticələnən yol-nəqliyyat qəzasının baş verdiyi bildirilir.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, “Mercedes” markalı minik avtomobili ilə “VAZ 2106” markalı minik avtomobili toqquşub.

Nəticədə deformasiyaya uğramış nəqliyyat vasitələrində sıxılı vəziyyətdə qalanların olduğu müəyyən edilib.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə “Mercedes” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan yeniyetməni xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Yol-nəqliyyat qəzası zamanı həyatını itirmiş altı nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Yanğınsöndürənlər tərəfindən ərazidə zəruri təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

TƏBİB-in məlumatına görə, baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 13 yaşlı yeniyetmə saat 20:40-da aqonal vəziyyətdə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

“Başın, döş qəfəsinin, bədənin müxtəlif nahiyələrinin qapalı və açıq zədələnməsi diaqnozu ilə ona zəruri tibbi yardım göstərilib və pasiyent əməliyyat blokuna alınıb. Hazırda vəziyyəti ağır qiymətləndirilir”, – qurumun məlumatında deyilir.

Müdafiə Nazirliyi Tovuzda yol qəzasında ölənlərdən beşinin hərbçi olduğunu açıqlayıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, noyabrın 27-də axşam saatlarında Tovuz rayonu ərazisində, xidmətdən kənar vaxtda şəxsi avtomobilin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun 5 hərbi qulluqçusu – baş gizir Qurbanov Ruslan Əhliman oğlu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları baş çavuş Alıyev Qabil Qaybalı oğlu, çavuş Əliyev Bəhlul Aydın oğlu, çavuş Əhmədov Qələndər Mail oğlu və kiçik çavuş Mehdiyev Turan Cavad oğlu vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Check Also

DTX: Türkiyədə 70 kq qızılla saxlanılan polkovnik-leytenant barəsində cinayət işi başlanılıb

Diplomatik statusdan istifadə edilməklə Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Türkiyəyə daşınan külli miqdarda qızıl külçələrini qaçaqmalçılıq …