Çərşənbə , 25 May 2022
Home » Siyasət » ZƏFƏR QURULTAYINDA PREZİDENT İLHAM ƏLİYEVİN NİTQİNDƏKİ MESAJLAR

ZƏFƏR QURULTAYINDA PREZİDENT İLHAM ƏLİYEVİN NİTQİNDƏKİ MESAJLAR

Aprelin 22-də Dünya Azərbaycanlılarının V Zəfər Qurultayının Şuşa şəhərində keçirilməyi özü bir mesajdır. Ermənilərə mesajdır, onların havadarlarına mesajdır. Azərbaycanın dövlət və millət olaraq hərbi-siyasi iradəsinin, gücünün və torpaqlarına sahib çıxmağı bacarmağının mesajıdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəfər Qurultayında geniş nitq söylədi və nitqinin hər abzasında, hər cümləsində mesajlar verdi. Cənab Prezident bir daha bəyan etdi ki, “bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq”. Bu, Ermənistanda və dünyada “bəlkə də qaytardılar” ümidi ilə yaşayan bütün revanşist qüvvələrə “qulaqlarınızı açın, yaxşı eşidin” mesajı idi.

Cənab Prezident “30 ilə yaxın davam edən danışıqlar, sadəcə olaraq, bu işğalı əbədiləşdirmək, Ermənistanın işğalçılıq siyasətini pərdələmək və bizi bu acı vəziyyətlə barışdırmaq məqsədi güdürdü” fikri ilə 30 il siyasi oyunbazlıqla məşğul olan beynəlxalq güclərin və təşkilatların siyasi riyakarlığını onların üzünə çırpdı, “ikili standartlara son qoyun” mesajını verdi. Və bu kontekstdə 44 günlük Vətən Müharibəsinin Azərbaycan üçün tarixi mahiyyətini elan etdi: “Biz təkcə dünya erməniliyi ilə müharibə aparmamışıq. Biz Ermənistanın himayədarları ilə müharibə aparmışıq və bu müharibədə Qələbə qazanmışıq”.

Prezident İlham Əliyev Minsk qrupunun bu prosesdə oynadığı şərəfsiz rola da öz qəti mövqeyini bildirdi: “Bu qrupun tarixçəsinə və hərəkətlərinə, verdiyi təkliflərə nəzər yetirərkən bir daha görmək olar ki, bu qrup məsələni həll etmək üçün yaranmamışdır. Bu qrup məsələni həll etmək üçün yox, işğalı əbədiləşdirmək üçün yaradılmışdır”.

Bu, artıq Minsk qrupunun mövcudluğuna Azərbaycan Prezidentinin xitam fərmanıdır. Cənab Prezidentin Valdayda “Qarabağ Azərbaycandır!” tezisindən sonra sonuna nida işarəsi qoyduğu növbəti tezisidir.

Prezident İlham Əliyev Şuşadakı nitqində bir daha dünyanın diqqətini Ermənistanın, erməni xalqının və dünya erməniliyinin faşist mahiyyətinə çəkdi: “30 il ərzində binaları daş-daş söküb, daşıyıb satmışdılar. Qəbirləri qazırdılar, ölülərin qızıl dişlərini çıxarırdılar. Yəni, Ermənistan və erməni xalqı bu vəhşiliyə görə dünya miqyasında rəzil oldu. Ona görə gələn hər qonaq, azad edilmiş torpaqlara gedən hər qonaq erməni vəhşiliyini görür və görməlidir. Görməlidir ki, biz təkcə işğalçını yox, faşistləri məhv etdik. Onların Birinci Qarabağ müharibəsində, İkinci Qarabağ müharibəsində, iki müharibə arasındakı dövr ərzində bütün əməlləri faşist əməlləridir”.

Beləliklə, bu vəhşi toplumu dəstəkləyən hər dövlət, hər bir siyasətçi, politoloq, jurnalist mahiyyətcə faşizmi və terroru dəstəkləyir və deməli, özü də faşistdir, terrorçudur.

Vətən Müharibəsindən bir qədər əvvəl cənab Prezident beynəlxalq tribunadan dünyanı xəbərdar etmişdi ki, ermənilər yeni müharibəyə hazırlaşır, “yeni torpaqlar uğrunda yeni müharibə” şüarı irəli sürür, bu işğalçı dövləti durdurun. Lakin bu xəbərdarlığa böyük dövlətlər heç bir əhəmiyyət vermədi və nəticədə ermənilər müharibəyə başladı və Azərbaycan əks-hücum əməliyyatına keçmək məcburiyyətində qaldı.

Şuşada cənab Prezident yenə xəbərdarlıq etdi: “Biz faşizmi məhv etdik. Biz Cənubi Qafqazı faşizmdən xilas etdik. Ancaq hələ də faşizmin təzahürləri baş qaldırır, hələ də Ermənistanda bəzi dairələr və dünya erməniliyi, xarici ölkələrdə yaşayan ermənilər bizi hədələməyə çalışırlar”. Lakin təəssüf ki, dünya erməni revanşistlərinin əməllərinə bu dəfə də laqeyd qalmaqda davam edir. Bununla belə, Azərbaycan Prezidenti öz mesajını verdi: “Ancaq hər kəs bilməlidir, bu gün Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər. Həm döyüş qabiliyyəti, həm milli ruh, həm mənəvi ruh, silah-sursat, texnika, yeni döyüşkən hərbi birləşmələrin yaradılması – bütün bunları biz məhz ona görə edirik ki, erməni faşizminin hələ də təzahürləri var və biz hər an erməni faşizmini, – əgər bir daha baş qaldırsa, – əzməyə hazır olmalıyıq və hazırıq”.

Prezident İlham Əliyev nitqində dünyanın diqqətini yenidən Azərbaycanın bölgədə yeritdiyi sülh siyasətinə cəlb etdi, ermənilərin xalqımıza qarşı etdiyi bütün vəhşiliklərə baxmayaraq, Azərbaycanın bölgənin gələcəyi naminə Ermənistana sülh təklif etdiyini, beş baza prinsipi irəli sürdüyünü xatırlatdı. Onu da xatırlatdı ki, “Ermənistanda baş qaldıran revanşist qüvvələr bilməlidirlər ki, bu, Ermənistan üçün yeganə çıxış yoludur və bəlkə də son şansdır. Əgər bundan imtina etsələr, onda biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq, bunu rəsmən bəyan edəcəyik”.

Cənab Prezidentin bu xəbərdarlığı, heç şübhəsiz, Ermənistanda şok effekti yaradacaq, çünki ermənilər nə qədər ağılsız olsalar da, yəqin ki, başına çıxıb, dörd tərəfə daş atdıqları ağacın köksüz və çürük olduğunu anlamayacaq qədər axmaq deyillər. Etiraf etməsələr də, yaxşı bilirlər ki, üzərində dövlət qurduqları torpaqlar tarixi Azərbaycan torpaqlarıdır və o torpaqların əsl sahibləri öz dədə-baba yurdlarına qayıtmaq niyyətindən bir an belə imtina etməyiblər və hər an buna hazırdırlar. Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü tanımayacağı təqdirdə həmin insanlar hər an öz dədə-baba ocaqlarına qayıda bilərlər və bu zaman heç kəs onların qarşısını saxlaya bilməz.

Görünür, cənab Prezidentin Zəfər Qurultayındakı nitqində verdiyi növbəti mesajın ermənilərin indiki Ermənistan ərazisində – tarixi Azərbaycan torpaqlarında soydaşlarımıza qarşı son iki yüz ildə törətdiyi deportasiya və soyqırımlarla bağlı olması da təsadüfi deyildir: “XIX əsrdə, XX əsrin əvvəllərində ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi, 1920-ci ildə sovet hakimiyyəti tərəfindən Zəngəzurun Azərbaycandan qoparılıb Ermənistana verilməsi, bunlar da tarixi faktdır. Ondan iki il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin İrəvanı Ermənistana bağışlaması, bu da sənədlərlə təsdiq olunan faktdır… Ondan sonra 1940-1950-ci illərdə azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası, – bu da xalqımız üçün böyük faciə və böyük ədalətsizlik idi. Azərbaycanlılar öz tarixi torpaqlarından Azərbaycanın Mil-Muğan zonasına zorla köçürülmüşdür”.

Cənab Prezident bildirdi ki, xalqımıza qarşı bu ədalətsizliklər heç bir mənəviyyata sığmır və diaspora təşkilatları bütün Azərbaycan həqiqətlərini yaşadıqları ölkələrin xalqlarına çatdırmalıdır. Çünki “müharibə başa çatsa da, bizə qarşı olan ərazi iddiaları hələ ki, başa çatmayıb”.

Prezident İlham Əliyevin Zəngəzur, İrəvan və bütün Qərbi Azərbaycan torpaqları ilə bağlı verdiyi mesajlar erməni faşizminə qarşı, tarixi ədalət uğrunda mübarizəmizin yeni hədəfini nişan verir və bundan hər kəs öz hesabını götürməlidir, hər kəs – nazir də, sıravi vətəndaş da!

Əziz Ələkbərli
Milli Məclisin deputatı

Check Also

Yasəmən Möhübbətqızı:”Qətiyyətli siyasəti, cəsarətli nitqi ilə fərqlənən BÖYÜK LİDER”

28 May Milli Müstəqillik Günüdür! Hər bir lider həm də anında cəsarətli qərarları ilə lider …