Bazar , 1 Dekabr 2024
Drone Cameras

Zəka Mirağayevə hökm oxunub

İctimai fəal Vilayət Eyvazov haqqında tənqidi statuslarına görə narkotiklə şərlənərək cəzalandırıldığını deyib

Həbsdə olan ictimai fəal Zəka Mirağayevin 9 aydır davam edən məhkəməsi yekunlaşıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il azadlıqdan məhrum edilib.

İstintaq vaxtı Zəka Mirağayevə Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama – satış məqsədilə törədildikdə) maddəsilə ittiham verilmişdi. Prokuror da bu maddə ilə onun 7 il 6 ay azadlıqdan məhrum edilməsini istəmişdi.

Lakin Kamran Muxtarovun sədrlik etdiyi hakimlər kollegiyası “satış”ı çıxarıb və ittihamı Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsinə tövsif edib. Bu maddənin sanksiyası 3 ildən 8 ilə qədərdir.

Zəka Mirağayev isə özünü ümumiyyətlə, təqsirli bilmir, narkotiklə yaxından-uzaqdan heç bir əlaqəsi olmadığını deyir. O bildirib ki, sosial şəbəkələrdə polislər, o cümlədən daxili işlər naziri Vilayət Eyvazov haqqında tənqidi statuslarına görə narkotiklə şərlənərək cəzalandırılıb.

Zəka Mirağayev məhkəmədə hökmdən əvvəl son sözündə bildirib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi İslam Hümbətovun göstərişi ilə ona işgəncə verilib. Cibinə narkotiki Nəcəf adlı polis əməkdaşı qoyub. Təzyiq altında sənədlərə imza atdığını deyən Zəka Mirağayevin sözlərinə görə, Səbail Rayon Polis İdarəsi və bu rayonun 9-cu polis bölməsindəki videokameraların görüntülərinə məhkəmədə baxılsaydı, onun hansı vəziyyətdə olduğunu görərdilər:

“Məhkəmə məhkəmə olsaydı, o görüntüləri alardı. Təəssüf ki, məhkəmə məhkəmə deyil. İşi araşdırmaqda yox, verilən sifarişi canla-başla yerinə yetirməkdə maraqlıdır. Burada prokuror da, hakimlər də mənə münasibətdə Cinayət Prosessual Məcəlləsinin 100-ə qədər maddəsinin tələbinin pozdular. İndi hansı hüquqdan danışım mən? Onsuz da bilirdim, amma həbsxanaya düşəndən sonra daha da yaxından gördüm ki, polislər insanların başına nələr gətirir. Prokurorluq da, məhkəmə də kölə kimi baş əyir”.

Zəka Mirağayevin son sözündən sonra hökm oxunub.

Onun yaxınları Meydan TV-yə bildirib ki, hökmü qanunsuz və ədalətsiz hesab edirlər, apelyasiya şikayəti verəcəklər.

Zəka Mirağayev məhkəmədə ifadə verərkən bildirib ki, onu polislər gəlib evdən aparıblar. Amma cinayət işinin materiallarında küçədə saxlandığı göstərilib:

“9-cu bölmədə gəlib mənə qol çəkdirənlərdən biri soruşdu ki, “sən neyləmisən cənab nazirə?” Mən yazmışdım ki, nazirliyi kafe kimi işlədirlər, hamını yükləyirlər. Adi narkomanları 1 qramla tutub, külli miqdarla yükləyirlər”.

Daxili İşlər Nazirliyi Zəka Mirağayevin həbsindən sonra onun polislərlə bağlı yazılarına, o cümlədən nazirə açıq məktubuna görə şərlənərək cəzalandırılması barədə yaxınlarının dediklərini təkzib etmişdi. Nazirliyin mətbuat xidmətindən bildirilmişdi ki, bu barədə iddialar əsassızdır, onun yaxınlarının şəxs mülahizələridir: “Zəka Mirağayev barəsində araşdırma aparılır. O, araşdırma çərçivəsində saxlanılıb”.

Zəka Mirağayev oktyabrın 1-də “Facebook” hesabında bunları yazmışdı:

“Cənab polislər, cənab rəislər, cənab generallar məni zənglərlə narahat etməyin. Onsuz da prosedur üzrə işləmirsiniz. Öz bildiyiniz kimi nə istəyirsiniz edin. Prosedur ünvana məktub göndərməkdir. Necə ki, bir vaxt Qəbələnin rəis müavini olmuş Azər deyirdi ki, məktub atanın cibindən çıxacaq. Bu kimi möcüzələrə artıq cəmiyyət alışıb…”.

Check Also

Səhv analiz yoxlaması ilə hamilə qadının QİÇS-ə yoluxdurulduğu bildirilir

İddiaya görə, şöbə müdiri analizi tam yoxlamamış sertifikat verib Naxçıvan Muxtar Respublikası QİÇS-lə Mübarizə Mərkəzində …