Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Əfqanıstanda 3 milyon azərbaycanlı – indiyədək diaspor təşkilatı niyə qurulmayıb?

Əlimizdə olan statistikaya görə, Əfqanıstanda 3 milyondan artıq azərbaycanlı yaşayır. Elə təkcə 16 min azərbaycanlı Herat sakinidir. Tarixin müxtəlif dövrlərində, çağlarında Azərbaycanın ayrı-ayrı şəhərlərindən indiki Əfqanıstana köç edən, yaxud köçürülən azərbaycanlılar əsrlərdur ki, burada yaşayırlar. Heç bir zaman öz milli kimliyini, azərbaycanlılığını, türklüyünü unutmayan soydaşlarımız “Taliban”ın bu ölkəni ələ keçirməsi səbəbindən çıxılmaz vəziyyətə düşüblər. Bizimlə əlaqə saxlayan oradakı ziyalılar, elm adamları, ictimai və mədəni fəallar bildirirlər ki, Əfqanıstanda Azərbaycan diasporu yoxdur, ayrı-ayrı vaxtlarda diaspor quruculuğuna dəstək almaq məqsədilə Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət etsələr də, hələ də onlara lazımı dəstək göstərilməyib.

Soydaşlarımız deyir ki, Vətən müharibəsi dövründə bu ölkədə yaşayan ziyalılar, icma rəhbərləri, nümayədələri bir araya gələrək  “Qarabağ Azərbaycandır” şüarı ilə tədbirlər keçiriblər, Azərbaycanın ədalətli mövqeyini dəstəkləyiblər.

İndiyə qədər Əfqanıstanda Azərbaycan diasporu niyə qurulmayıb?

“3 milyon soydaşımızın yaşadığı Əfqanıstanda Azərbaycan diasporunun hansı səbəbdən yaradılmaması hələ də sual olaraq qalmaqdadır”

Beynəlxalq Diaspor Mərkəzinin sədr müavini, Dünya Azərbaycanlıları Konqresinin icra aparatının rəhbəri Samir Adıgözəllinin sözlərinə görə, indiyə qədər Əfqanıstanda Azərbaycan diasporunun qurulmamasının bir neçə səbəbi var. S.Adıgözəlli hesab edir ki, oradakı müxtəlif Azərbaycan icmalarının rəhbərləri, siyası, mədəni, elmi fəallar bu diasporun yaradılmasında maraqlı olub. “Əfqanıstandakı soydaşlarımızın məsələsi bu ölkədə yenidən “Taliban” hakimiyyəti ələ aldıqdan sonra qabardılmağa başlayıb. Oradakı azərbaycanlıların ən müxtəlif problemləri gündəmə gəlib. Təəssüflər olsun ki, biz illər boyu Əfqanıstandakı soydaşlarımızı özümüzdən uzaq tutmuşuq. Orada yaşayan soydaşlarımıza yaxından diqqət, münasibət göstətə bilməmişik. Bəlkə də buna bir tərəfdən o ölkənin daxilində baş verənlər, qeyri-stabillik və sair səbəb olub. Müstəqillik dövründə Əfqanıstanda Azərbaycan diasporunun yaradılmaması bir yana, heç bu dövr ərzində orada Azərbaycan ədəbiyyatının, mədəniyyətinin tanıdılması, təbliği baxımından ciddi işlər görülməyib, tədbirlər keçirilməyib. Sanki biz Əfqanıstanda olan türkləri yaddan çıxarmışıq. Bizim də, Türkiyənin də Kərkük türklərinə göstərdiyimiz diqqəti Əfqanıstan türklərinə, azərbaycanlılarına göstərə bilməmişik. Hətta Doğu Türküstandakı türklərin problemləri ilə bağlı göstərdiyimiz diqqəti, həssaslığı biz, etiraf edim ki, Əfqanıstandakı soydaşlarımıza göstərə bilməmişik. Onlar hamısı bizimdi, canımızın parçasıdır.

Təkcə  Diaspor Komitəsi deyil, elm, mədəniyyət, ədəbiyyat, təhsil qurumları, ictimai-siyasi təşkilatlar tərəfindən Əfqanıstandakı azərbaycanlılara kompleks yanaşma nümayiş olunmayıb.  Kiçik əlaqələr istisna olunmaqla, çox təəssüf ki, Əfqanıstandakı soydaşlarımızla elə də dərin əlaqələr, təmaslar qura bilməmişik”.

S.Adıgözəlli qeyd edir ki, biz daha çox Rusiyada, Avropada, ABŞ-da və başqa ölkələrdə diasporumuzun aktiv fəaliyyətinə çalışırıq, amma dünya siyasətinə, dünya düzəninə ciddi təsir edə bilən Əfqanıstanda diaspor quruculuğuna diqqət yetirməmişik. “Bizim Əfqanıstanda diasporumuz olardısa, biz burada olan soydaşlarımızla bu və digər formada əlaqələrimizi qurmuş olardıqsa, bu gün soydaşlarımız bu cür işgəncələrlə, təhdidlərlə üzləşməzdi. Bu gün oradakı soydaşlarımız həqiqətən də güclü təzyiq altındadır. Biz Əfqanıstanda diaspor quruculuğuna əhəmiyyət verməmişik, bu gün bunun mənfi nəticələrinini “Taliban”çıların soydaşlarımıza qarşı davranışlarında görürük. Biz Əfqanıstanda diaspor qurmaq əvəzinə İsveçdə, Avropanın başqa şəhərində qurmuşuq. Bizim indiyə qədər Əfqanıstanda diaspor təşkilatımızın qurulmaması doğrudan da mənfi haldır. Sözün düzü, 3 milyon soydaşımızın yaşadığı Əfqanıstanda Azərbaycan diasporunun hansı səbəbdən yaradılmaması hələ də sual olaraq qalmaqdadır. Biz yalnız ehtimallar üzərində dayanır və müxtəlif səbəblər gətiririk. Amma Diaspor Komitəsi buna bir aydınlıq gətirməlidir”-deyə bildirdi.

Ekspert qeyd etdi ki, biz baş verənlərdən nəticə çıxarmalı və soydaşlarımızın gələcəkdə təşkilatlanması istiqamətində addımlar atmalıyıq.

Məsələyə Diasporla İş üzrə Dövlət Komitəsinin münasibətini öyrənə bilmədik.

İradə SARIYEVA

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …