AMEA-nın Naxçıvan Bölməsində “Əqil Mehdiyev: tanınmış həkim və ictimai xadim” mövzusunda konfrans keçirilib.
Konfrans Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 17 sentyabr 2020-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Əqil Mehdiyevin 100 illik yubileyinin keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”na əsasən baş tutub.
Naxçıvan Bölməsi, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Naxçıvan Dövlət Universitetinin birgə iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açıb. Alim tanınmış həkimin 91 illik həyat yolundan və ictimai fəaliyyətindən danışıb, Əqil Mehdiyev ömrünün 50 ildən artıq bir dövrünü ölkə səhiyyəsinin inkişafına həsr etdiyini bildirib. Müəllim, sonralar isə həkim kimi fəaliyyət göstərən Əqil Mehdiyev müxtəlif illərdə Nehrəmdə müəllim və məktəb direktoru, Qahab və Nehrəm kənd xəstəxanalarında baş həkim, Naxçıvan Muxtar Respublika Xəstəxanasının baş həkimi, Səhiyyə naziri vəzifələrində çalışıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikası Ağsaqqallar Şurasının sədri seçilib.
Vurğulanıb ki, ölkə səhiyyəsinin inkişafındakı xidmətlərinə görə tanınmış həkimin əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, Azərbaycan Respublikasının “Əməkdar həkim” fəxri adına layiq görülüb, “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif olunub.
İsmayıl Hacıyev qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun müvafiq Sərəncamı Əqil Mehdiyevin əməyinə verilən yüksək qiymətin daha bir nümunəsidir. O, ziyalılar adından Ali Məclis Sədrinə minnətdarlığını bildirib.
Daha sonra Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini Samrat Gəncəyeva “Əqil Mehdiyev görkəmli səhiyyə təşkilatçısı kimi”,
Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli “Əqil Mehdiyevin ictimai fəaliyyəti” və Naxçıvan Dövlət Universitetinin müəllimi, tibb elmləri doktoru İsa Abdullayev “Əqil Mehdiyevin həyatı mübarizlik, prinsipiallıq və müdriklik nümunəsidir” mövzusunda məruzə ilə çıxış ediblər. Məruzələrdə həkim və ictimai xadim Əqil Mehdiyevin keçdiyi ömür yolundan söz açılıb, muxtar respublika səhiyyəsinin inkişafına böyük töhfələr verdiyi və bugünkü gənclərə örnək bir ömür yaşadığı qeyd edilib. Ali Məclis Sədrinin sözügedən Sərəncamı Əqil Mehdiyevin əməyinə və Naxçıvan səhiyyəsinə verilən yüksək qiymət kimi dəyərləndirilib.
Naxçıvan Bölməsinin mətbuat xidməti
Boyukmillet.com