Cümə , 22 Noyabr 2024
Drone Cameras

Əziz Ələkbərov: “Parlamentdə özümü qərib hiss etmirəm”

Parlamentin yeni deputatı : “Əli İnsanovu  Azərbaycan siyasətində görmürəm”

Milli Məclisin yeni üzvlərindən biridir budəfəki həmsöhbətimiz. Deputat Əziz Ələkbərov 62 saylı Saatlı seçki dairəsini – YAP-ın  siyahısı üzrə – təmsil edir. 1960-cı ildə Qərbi Azərbaycanda, Vedibasar mahalının Qaralar kəndində anadan olan Ə.Ələkbərov Bakı Dövlət Universitetində ali təhsil alandan sonra təyinatla dədə-baba yurduna qayıdıb. Lakin 1988-ci ildə ailəsi ilə birlikdə qaçqın düşüb və Bakıya köçməyə məcbur olub. Əvəz bəy son illərdə AMEA Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin elmi işçisi olmaqla yanaşı, Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının sədri kimi fəaliyyət göstərib, hazırda quruma rəhbərlik edir. Ə.Ələkbərovun “Yeni Müsavat”a müsahibəsini təqdim edirik:

– Əziz bəy,  Qərbi Azərbaycanla bağlı uzunmüddətli fəaliyyətiniz, araşdırmalarınız, tarixi kitablarınız çoxlarına məlumdur. Milli Məclisdə təmsil olunmaq niyyəti haradan yarandı?

– Əslində bu niyyət məndə əvvəldən olub. 2010-cu ildə yaşadığım Suraxanı rayonundan parlament seçkilərinə qatılmış və Əli Kərimli, Fərəc Quliyev kimi son dərəcə ziddiyyətli keçmiş AXC funksionerləri ilə bir dairədə uğurla mübarizə aparmışdım. Bu dəfə isə namizədliyimin mənsub olduğum partiyadan – ölkədə ən böyük siyasi təşkilat olan Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülməyi mənim üçün böyük bir şərəf və partiyanın siyasi rəhbərliyi tərəfindən yüksək etimad oldu. Təbii ki, mən bu etimadı doğrultmaq üçün əlimdən gələni etdim.

– Ömrünüzün 60-ında özünüzü parlamentdə qərib hiss etmirsiniz ki?

– Birincisi, mən belə bir fikirdəyəm ki, yaradıcılıqla məşğul olan insanın yazı masası arxasında keçirdiyi saatlar onun ömrünə yazılmır, yəni sanki həmin müddətdə o insanın ömrü üçün zaman durur və ya durdurulur. Mən buna gerçəkdən inanıram və siz də əmin olun ki, bu, belədir. Mən də 46 kitab müəllifiyəm. Bu kitabları yazmağa neçə saat, neçə il sərf etdiyimi deyə bilmərəm, amma onları hesablayıb, 60 yaşdan çıxsanız, yerində nə qalsa, bilin ki, o yaşdayam. İkincisi, bildiyiniz kimi, parlamentdə 80 yaşdan yuxarı da və 40 yaşdan aşağı da deputatlarımız var. 60 yaş isə bu iki rəqəm arasındakı qızıl ortadır. Bu, sizin yaşla bağlı atmacanıza cavabım. (Gülür). O ki qaldı parlamentdə özümü qərib hiss etməyimə, doğrusu, mən belə bir qəriblik hiss etmirəm, görünür, ona görə ki, parlamentin köhnə və yeni deputatları arasında əvvəldən də tanıdığım xeyli sayda dostlarım var.

– Milli Məclisdəki “parta yoldaşı” ürəyinizcədir?

– Tamamilə. Masa yoldaşım Ordubad-Culfa seçki dairəsindən Cəbi Quliyevdir, o da yeni deputatdır və bir-birimizi çox yaxşı başa düşürük.

– Parlamentin yeni rəhbərliyinə münasibətiniz necədir?

– Hörmətli Sahibə xanım Qafarova Yeni Azərbaycan Partiyasının Milli Məclisin sədrliyinə kifayət qədər uğurlu namizədidir. Sahibə xanım Qafarova öz elmi-intellektual səviyyəsi, idarəçilik bacarığı və beynəlxalq təşkilatlarla iş təcrübəsi baxımından bu vəzifəyə tamamilə layiqdir. Parlamentin ilk iclasları da sübut etdi ki, o, parlamenti çox peşəkarlıqla idarə edir.

– Seçki dairəsindəki rəqibləriniz barədə nə deyə bilərsiniz? Onlar sizin qələbənizi asanlıqla qəbul etdilərmi?

– Hamı bilir ki, budəfəki parlament seçkiləri bir çox məqamlarına görə əvvəlki seçkilərdən fərqlənirdi. Ölkə başçısının və seçki qanunvericiliyinin yaratdığı münbit şərait seçkilərin demokratikliyi üçün xeyli imkanlar açdı. Bizim dairədə də hamı üçün bərabər imkanlar yaradılmışdı və görünür, seçkinin nəticələrinə görə heç bir məntəqənin ləğv olunmadığı dairələrdən biri də bizim dairə oldu.

index.jpg (106 KB)

– İllər öncə belə bir fikir söyləmişdiniz ki, hər seçkiqabağı ictimai-siyasi proseslər fəallaşanda qərbi azərbaycanlıların adından istifadə edən qüvvələr ortaya çıxır. Necə hesab edirsiniz, qərbi azərbaycanlıların səsini Milli Məclisdə ucalda biləcəksinizmi?

– Mən indiyə qədər yazdığım bütün fikirlərin arxasında dururam, eyni zamanda bu fikrin. Sizə istədiyiniz qədər misal gətirərəm ki, ən müxtəlif bölgələrdən, ən müxtəlif partiyalardan olan namizədlər seçki kampaniyası zamanı dəfələrlə qərbi azərbaycanlıların adından istifadə etməyə çalışıblar. Belələrinin arasında Qərbi Azərbaycan əsillilər də az olmayıb. Mən həmişə bunun əleyhinə olmuşam. Doğrudur, Qərbi Azərbaycan və qərbi azərbaycanlı qaçqınları problemi Azərbaycan üçün Qarabağ məsələsi qədər önəmli bir məsələdir. Amma bu məsələdən sui-istifadə yolverilməzdir. Ömrü boyu Qərbi Azərbaycan məsələsini dilinə gətirməyənlərin birdən-birə qərbi azərbaycanlıpərəst  olmasını mən qeyri-səmimi hərəkət hesab edirəm. Şəxsən mən fəaliyyətimin böyük bir hissəsini bu ümummilli məsələyə həsr eləmişəm və elə hesab edirəm ki, Milli Məclisdə də bu məsələ ilə bağlı müəyyən iş görə biləcəm. Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının sədri kimi də bu, mənim borcumdur. Məncə,  Qərbi Azərbaycan İcması ilə Qarabağın Azərbaycanlı İcması gələcəkdə mütləq əlaqəli şəkildə işləməlidirlər.

“Ən müxtəlif bölgələrdən olanlar qərbi azərbaycanlıların adından istifadə etməyə çalışıblar”

– Bu illər ərzində “Zəngəzur”, “Ağrıdağ”, “Qərbi Azərbaycan Beynəlxalq Cəmiyyəti”, “İrəvan” kimi təşkilatlar yaranıb. Özünüz də, dediyiniz kimi, Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının sədrisiniz. Bu qurumların hansı qərbi azərbaycanlıları daha çox öz ətrafında birləşdirməyi bacarıb? Ümumiyyətlə, bir toplumun taleyi ilə bağlı bu qədər təşkilata ehtiyac var idimi?

– Bu təşkilatların adlarını belə sadalayanda adama elə gəlir ki, onların hamısı eyni vaxtda yaradılmış təşkilatlardır. Halbuki onlar müxtəlif vaxtlarda yaradılmasına cəhd edilmiş təşkilatlardır, yaradılıblar, ya vəzifələrini yerinə yetirib, ya da özünü doğrultmayıb, meydandan çıxıblar. Amma bir təşkilat var ki, o, həmişə olub və 30 ildir ki, qaçqınların problemləri ilə məşğuldur. Bu, 1989-cu ildə yaradılmış və həmişə rəsmi dövlət qeydiyyatında olan Azərbaycan Qaçqınlar Cəmiyyətidir. Bu cəmiyyət bu gün də fəaliyyətdədir və bir il əvvəl onun bazasında yaradılmış Qərbi Azərbaycan İcması bu cəmiyyətin fəaliyyətinə yeni nəfəs gətirmişdir. Elə bilirəm ki, Azərbaycanın ümummilli maraqları naminə bu cəmiyyət də, bu İcma da yaxın gələcəkdə daha böyük işlər görməyi bacaracaqdır.

– Vaxtilə mal-mülkünü satıb Azərbaycandan köçən ermənilər vaxtaşırı ölkəmizə qarşı iddialarla çıxış edirlər, hətta 500 min erməninin (?) hüquqlarının guya pozulduğunu əsas gətirən, onların haqlarını tələb edən erməni ekspertləri də vaxtaşırı mətbuata çıxır. Amma Ermənistandakı, tarixi dədə-baba yurdlarından qovulan, mülkləri yandırılan azərbaycanlıların pozulmuş hüquqları nədənsə arxa plana keçib. Necə hesab edirsiniz, Qarabağ danışıqlarında qərbi azərbaycanlıların öz yurdlarına qaytarılması, yaxud onlara muxtariyyət verilməsi məsələsini masa üzərinə çıxarmaq olarmı?

– Sadaladığınız bütün bu məsələlər Qərbi Azərbaycan İcmasının əsas proqram məqsədləridir. Ermənilər özlərinin Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində buradan köçməyə məruz qoyduqları öz soydaşlarının guya pozulmuş “hüquqlarını” vaxtaşırı qabartmaqla, əslində bizi qabaqlamağa, Qərbi Azərbaycanda və Qarabağda, ətraf yeddi rayonumuzda xalqımıza qarşı törətdikləri soyqırımı cinayətlərini arxa plana keçirməyə çalışırlar. Halbuki Azərbaycandan köçmüş ermənilərlə Qərbi Azərbaycandan və Qarabağdan qovulmuş azərbaycanlıları eyniləşdirmək olmaz, Azərbaycandakı ermənilər burada son 200 ildə məskunlaşmış gəlmə əhalidir, amma Qərbi Azərbaycandan və Qarabağdan qovulmuş azərbaycanlılar min illər boyu yaşadıqları öz tarixi-etnik vətənlərindən qovulmuş yerli sakinlərdir. Dünya bunu bilməlidir. Ermənilər özü bunu yaxşı bilir və ona görə də Qərbi Azərbaycan məsələsinin qaldırılması onları vahiməyə salır.

– Yeri gəlmişkən, qərbi azərbaycanlılara Ermənistanda verilmiş pasportların yığışdırılması da əlavə problemdir. Həmin sənədlərin sonrakı taleyi sizə məlumdurmu?

– Heç şübhəsiz, qərbi azərbaycanlılara Ermənistanda verilmiş pasportların yığışdırılması bu gün Qərbi Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqda bizə maneələr yaradır. Elə bilirəm ki, bu məsələyə qayıtmaq və onun həll yolunu tapmaq mümkündür. Qərbi Azərbaycan İcması olaraq biz bu məsələyə mütləq qayıdacağıq.

– Milli Məclisdə Ermənistandan qaçqın düşən insanlarla bağlı xüsusi komitənin yaradılması zərurəti varmı?

– Milli Məclisdə Ermənistandan qaçqın düşən insanlarla bağlı yox, ümumiyyətlə, qaçqın, köçkün və miqrasiya məsələləri ilə bağlı xüsusi komitənin yaradılmasına son dərəcə böyük ehtiyac var. Hər üç məsələ Azərbaycan üçün, hətta bugünkü dünya üçün prioritet məsələlərdir. Əhalisinin beşdə biri qaçqın və məcburi köçkün olan Azərbaycan üçün isə bu, hava-su kimi vacibdir. Mən yenə o fikirdəyəm ki, Qərbi Azərbaycan qaçqınları ilə Qarabağ məcburi köçkünlərini heç vəchlə bir-birindən ayırmaq olmaz, bu, ermənilərin xalqımıza qarşı törətdikləri tarixi cinayətləri yarıbayarı endirmək, bu cinayətlərin yarısını ermənilərin xeyrinə gizlətmək deməkdir.

– Əziz bəy, Azərbaycanın tarixi torpaqlarında yaradılan Ermənistan Qarabağı işğalda saxlamaqla kifayətlənməyərək Naxçıvana iddia edir, hətta Qars, Ağrıya dil uzadır. Bu məqsədlə Ermənistanda 1921-ci ildə imzalanmış Moskva müqaviləsinin ləğvi tələbi ilə hərəkata başlanılmasına qərar verilib. Ermənilər iddia edir ki, 2021-ci ildə bu müqavilənin ləğvinə nail ola bilərlər. Azərbaycan bu kimi iddiaların qarşılığında hansı addımlar atmalıdır?

– Elə hesab edirəm ki, mən bu suala qismən cavab verdim. Bir daha təkrar edirəm, var gücümüzlə və təcili olaraq Qərbi Azərbaycan məsələsini gündəmə gətirmək lazımdır. Özü də bu məsələni gecikmədən, bu gündən eləmək lazımdır, həm də elə eləmək lazımdır ki, erməni bütün gücünü bizə qarşı yeni təxribat hərəkətlərinə yox, bizim ortaya qoyduğumuz tarixi həqiqətlərdən canını qurtarmağa sərf eləsin. Qars müqaviləsinin ləğvi məsələsinə gəldikdə isə, erməniyə onu da anlatmalıyıq ki, bu müqavilənin ləğvi nəticəsində onlar 1918-ci ildə onlara İrəvan xanlığı ərazisindən güzəşt edilmiş 9 min kv. km əraziyə qayıtmaq tələbi qarşısında qalacaqlar.

11.jpg (96 KB)

– Sabiq səhiyyə naziri Əli İnsanov həbsdən çıxandan sonra partiya yaratdı. Maraqlıdır, sizi cəmiyyət rəhbəri olaraq partiyaya dəvət etmişdimi? Ümumiyyətlə, Əli İnsanova münasibətiniz necədir? Onun baxışlarına, siyasi iddialarına münasibətiniz necədir?

– Mənim üçün ümumiyyətlə əhəmiyyətsiz olan bir məsələyə toxunursunuz. Mən Ulu Öndər Heydər Əliyev tərəfindən yaradılmış və cənab prezident İlham Əliyevin bu gün uğurla rəhbərlik etdiyi hakim Yeni Azərbaycan Partiyasının üzvüyəm və namizədliyi partiya tərəfindən irəli sürülmüş millət vəkiliyəm. Mən nə bu gün, nə də sabah Azərbaycanda Yeni Azərbaycan Partiyasından güclü siyasi qüvvə, cənab Prezident İlham Əliyevdən güclü lider, cənab Prezident İlham Əliyevin komandasından güclü komanda tanımıram. Bu gün Azərbaycan xalqı ölkə başçısı tərəfindən aparılan siyasəti və köklü islahatları birmənalı şəkildə dəstəkləyir. Seçki təbliğatı zamanı biz bunu addımbaşı müşahidə edirdik. Parlament seçkilərində Yeni Azərbaycan Partiyasından namizədlərin böyük uğur qazanmasının mənbəyini də məhz xalqın ölkə başçısına bu etimadı təşkil etdi. O ki qaldı Əli İnsanova, mən Azərbaycan siyasətində onu görmürəm və siyasi qüvvə hesab etmirəm.

Elşad PAŞASOY

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …