Sən bizimsən bizimsən durduqca bədəndə can,
Yaşa yaşa çox yaşa ey şanlı Azərbaycan!
Məhz bu şerlə bitirdi Cümhuriyyətin 35 illiyi münasibətilə o məşhur xitab. Azərbaycan Demokratik Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin 1953-cü ildə “ Amerikanın səsi” radiosu ilə Azərbaycan xalqına yayımlanan və bu gün də sevərək, təkrar təkrar dinlədiyimiz unudulmaz müraciəti.. Hələ iki il sonra mart ayının 6-da gözlərini əbədi yumarkən də yenə üç kərə “Azərbaycan” deyəcəkdi. Necə ki, 1918-ci ildə də bu adı hər kəsdən daha ötkəm və cəsarətlə demişdi. Nədənsə hər dəfə 28 May ərəfəsində də qulaqlarımda aramsız olaraq bu şer səslənir.
Və bu il tariximizin 28 May qürurunun 96-cı ildönümüdür. Artıq bu şərəf tariximiz bir əsrlik ömrünə yaxınlaşır. Amma necə?.. 1918 ci ildə millətləşmə fürsəti qazanan, lakin iki il sonra bundan məhrum olan, ötən əsrin sonlarında da təkrar eyni taleyi yaşayan bir dövlətin vətəndaşları. ….
Əslində mənim üçün ən yaddaqalan 28 May tədbiri 1990 cı ildə Bakıda fövqəladə vəziyyət şəraitində Şəhidlər Xiyabanında üçrəngli bayrağımızı qaldırdığımız gün oldu. Və bir də Kərəcdə Güneyli milli fəalların iştirakı ilə Cumhuriyyətin 89-cu ildönümünə düzənlədiyim mərasim.. Nə yazıq ki, bu gün 28 May qürurumuzun yanında dərin bir nisgil də yaşayırıq..
Bu il Azərbaycan Demokratik Cümhuriyyətinin yaranmasının 96 cı ildönümü həm də onun qurucusunun 130 illiyinə təsadüf edir. O qurucu ki, Azərbaycan kəlməsini tarixin ənginliklərindən nicat verib dövlət adına qədər ucaltdı. O qurucu ki, ən yaxın silahdaşlarından belə bir addım irəli gedərək Azərbaycan adını daha cəsarətlə səsləndirməyi bacardı. O qurucu ki, bu adı hər kəsdən daha çox sevməyi bacardı və əbədiyyət ə qədər bu sevgisinə sadiq qaldı…
“28 May fatehi” Milli hökumətin süqutundan 5 il sonra, 1925 ci ildə İstanbulda nəşr olunan “ İstiqlal məfkurəsi və gənclik” əsərində yazırdı: ”Rusiya idarəsindəki müsəlmanlara “türk” dedirtmək bu gün qazanılmış bir davadır. Yalnız Türk kəlməsi deyil, Azərbaycan adı da qazanılmışdır”. Yəni haqqında bəhs etdiyimiz fateh əslində həm millət kimi, həm də dövlət olaraq varlığımızın xilaskarıdır. Biz də onun qurduğu cumhiriyyətin hüquqi varisi sayılan Azərbaycan Respublikasının vətəndaşlarıyıq. Məhz zamanında Azərbaycan adlı bir dövlətin əsasını qoymasaydı bu gün Başqırdıstan, Çeçenistan, Kalmıkıya taleyi yaşaya biləcək bir dövlətin vətəndaşları. Bəli biz Azərbaycan vətəndaşlarıyıq..1918 ci ildə millətləşmə fürsəti qazanan, lakin iki il sonra bundan məhrum olan, ötən əsrin sonlarında da təkrar eyni taleyi yaşayan bir dövlətin vətəndaşları.
Bu bizim nisgilimizdir. Və bu, heç yeganə nisgil də deyil..
Etiraf edək ki, bu gün varlığımızı borclu olduğumuz “28 May fatehinə” , onun 130 illiyində dövlət səviyyəsində, verilən dəyər hər birimizi üzdü. Adətən cəmiyyətlərdə dövlət-millət bütünləşməsi üçün hansısa müsbət bəhanələrin olması doğal hal sayılır. Əgər toplum bu kimi “bəhanə” və fürsətlərdən də faydalana bilməsə ağır “travmalara” düçar olacaq ,özü də hələ hələ sağalmayan..Amma bütünləşmə üçün ilkin istək və iradə təbii ki, toplumdan deyil , hakimiyyətlərdən gəlməlidir. Nə yazıq ki, görünən tablo bunu əks etdirmir. Əslində Məhəmməd Əmin Rəsulzadə zirvəsi o qədər ucadır ki, bəlkə də onun gözümüzün önündə daşlaşmasına, hər gün trafaretlərdə adına rastlaşmağımıza heç ehtiyac olmasın. Axı o gerçəkdən könüllərimizin əbədi hakimidir. Axı o fərqlidir. Xoşbəxtlikdən və bəlkə də tarixi qanunauyğunluqdan əsrlər,qərinələr, formasiyalar tanimayan, təmənnasız və ülvi bir sevgini haqq edən “28 May fatehimiz” var.
28 Mayın mübarək olsun Öndərim!