Bazar , 25 Fevral 2024
Drone Cameras

60 yaşlı Şirvan şəhəri yüksəliş yollarında

Mən bu şəhərdə doğulub böyümüş, yaşa dolmuşam. İndiki Şirvan (keçmiş Əli Bayramlı) gözlərim qarşısında yüksəliş yolları keçmişdir. Bu inkişaf yollarını orta təhsil , eləcə də jurnalist kimi Şirvanda əmək fəaliyyətimə başladığım və sonrakı illərdə aydın görmüşəm.

Şirvan 50-60 il bundan əvvəlki şəhər deyil. Küçələr, idman meydançaları, parklar, istirahət guşələri, sənaye müəssisələri artmış, insanların rifahı yaxşılaşmışdır. Aran zonasında yaşıllıqların artırılmasının çətinliyi hamıya aydındır.Buna baxmayaraq Şirvan onun zəhmət, işgüzar adamlarının səyi hesabına yaşıllıqlara qərq olub. Burada hər ağaca, hər çiçəyə qağı ilə yanaşılır, diqqətlə qulluq edilir…
Böyük Səməd Vurğun şeirlərinin birində yazmışdır:

”Biz gəncləşirik, tarix qocalır”. Bizim nəsil bu müdrik kəlamı oxuyanda ilk gənclik illərini yaşayırdı. Və biz gəncləşə-gəncləşə ötən illərin necə arxada qaldığını, doğma Azərbaycanımızın, eləcə də şəhərlərin, rayon və kəndlərin həyatında baş verən bir çox hadisələrin tarixin daş yaddaşında qalaraq, neçə xatirələrə çevrildiyini, tarixləşdiyini aydın görürdük. Eyni zamanda bunun da şahidi olduq ki, kəndlər, rayonlar, şəhərlər libasını dəyişir, gəncləşir müasirləşir.

Böyüklərimizdən eşitdiklərimizə rəğmən indiki Şirvanın “Zubovka” deyilən kiçik yaşayış sahəsindən, “Papanin” adlandırılan dəmiryolu stansiyasından əvvəlcə (1930-cu il) rayon mərkəzinə, sonralar (1963-cü il) şəhərə çevrildiyini təsəvvürmüzdə aydın canlandırırıq. 1963-cü ilə kimi dörd rayonun (Salyan, Sabirabad, Hacıqabul, Şamaxı) ərazisinə daxil olan bir çox kəndlər Şirvana baxırdı. Bu rayonda pambıqçılıq, taxılçılıq, heyvandarlıq inkişaf etdirilirdi.

Sonralar burada neft yataqları tapıldı. 1955-ci ildə ilk kəşfiyyat quyusu qazıldı və fontanla işləməyə başladı. “Qara qızıl” Şirvana əbədi şöhrət gətirdi.

Dünyada ikinci, Avropada birinci açıq tipli elektrik stansiyası burada ucaldı. Stansiyanın birinci enerji bloku 1962-ci ldə, sonuncu enerji bloku isə 1968-ci ildə istismara verildi. Respublikamızın hər yerindən insanlar axın-axın buraya gəlib yeni iş yerlərində çalışmağa başladılar. Burada məskunlaşdılar.

Şirvan 1963-cü ildə şəhər statusu alandan sonra burada yeni-yeni sənaye obyektləri tikilməyə başladı. Yağ- ekstrakt zavodu işə düşdü. Süni-dəri, saxsı-boru, dəzgahqayırma zavodları istifadəyə verildi.

1970-1980-cı illərdə şəhərimizdə Cihazlar, Sənaye Avtomatika və Telemexanika, Yeyinti Konsentrantları zavodları, “Araz” zavodunun birinci hissəsi, Hidrogenizasiya zavodu istifadəyə verildi.

Bir sözlə, Şirvan sürətlə inkişaf edirdi. Yaşayış binalarının, təhsil, səhiyyə ocaqlarının sayı durmadan artırdı. 1970-1980-cə illərdə burada 8 orta məktəb, 6 uşaq bağçası, 1 pedaqoji məktəb fəaliyyətə başladı. Bir məsələni də xüsusi ilə qeyd edim ki, respublikamızın hər yerində olduğu kimi, Şirvanda da bütün sahələrdə böyük quruculuq, tikinti-quraşdırma işləri aparılırdı. Biz bütün bunlar üçün o dövrdə respublikaya rəhbərlik edən ulu öndər Heydər Əliyevə borcluyuq. O dövr şəhərimizin tarixinin qızıl səhifələri idi, desək, yanılmarıq. Sənayedə, iqtisadiyyatın müxtəlif sahələrində, mədəniyyətdə, təhsildə, səhiyyədə böyük canlanma görünürdü.

Şirvan şəhərinin özünün, sakinlərinin də həyatında bir çox əlamətdar hadisələr olub. Zəmanənin ab-havasına uyğun olaraq çətinliklər, problemlər sakinləri narahat edib. İllər doğrudan da quş qanadlı olurmuş. Lakin onların bir-birini əvəz etməsi izsiz-soraqsız ötməyib. Pis günün ömrü az olur, deyiblər.Onlar gec-tez unudulur və ya az-az xatırlanır. Yaxşı anlar da yaşanır, unudulması da tək-tək adamların qəlbində, yaddaşında iz qoyur. Şirvan kimi şəhərin həyatını bir-iki nəfərin öz yaddaşında saxlaması qeyri mümkündür. Lakin bu salnaməni şəhərin, onun insanlarının keçdiyi şərəfli yolu özünün daş yaddaşında əbədi saxlayan güclü, təsirli bir vasitə var. Bu, onun mətbuatı, mətbu orqanıdır.

1930-cu illərdə burada “Muğan sədası” adlı qəzet fəaliyyətə başlayıb. Sonralar “Pambıq zərbəçisi”, “Yüksəliş uğrunda” adları ilə nəşr olunub. 1963-cü ildə, yəni Şirvan şəhər statusu alandan sonra burada “İŞIQ” adı ilə fəaliyyətə başlamışdır. Şəhərin ictimsi-siyasi qəzeti “İŞIQ” bu gün də Şirvanda keçirilən ictimai-siyasi tədbirləri, abadlıq-quruculuq işlərini, vətənpərvərlik mövzusunda aparılan işləri işıqlandırır.

60 yaşlı şəhərimiz ildən ilə böyüyür, gözəlləşir. Əhalisinin sayı da durmadan artır. Bu gün burada on min nəfərə yaxın sakin şəhərimizin, eləcə doğma Azərbaycanımızın inkişafı, çiçəklənməsi üçün əzmkarlıq nümunəsi göstərir.
Şirvan şəhərində qarşıya qoyulmuş məsələlərin həlli istiqamətində uğurlu addımlar davam etdirilir, abadlıq-quruculuq işlərinin həcmi genişləndirilir.
Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət parkının əsaslı şəkildə yenidən qurulması sakinlərin ürəyindən olmuşdur. Hazırlanmış layihə əsasında ərazisi genişləndirilərək 10,1 hektara çatdırılan parkın inşaası uğurla yekunlaşmışdır.

Qarabağ döyüşlərində şirin canlarından keçmiş igidlərimizin xatirəsinə ucaldılmış “Zəfər abidəsi” möhtəşəmliyi ilə diqqəti cəlb edir. Gənclərimizin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayan bu abidəni ziyarət edənlərin ardı-arası kəsilmir. Ətrafında tez-tez maraqlı tədbirlər keçirilir. Burada uşaqların əylənməsi, yaşlıların, bütövlükdə sakinlərin istirahətlərini mənalı keçirmək üçün hər cür şərait yaradılmışdır.

Gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün park ərazisində futbol meydançası tikilmişdir.

Bu gün şəhərin küçələrində və prospektlərində işıqlandırma işləri, kanalizasiya-su xətləri çəkilişi yekunlaşmaq üzrədir.Heydər Əliyev parkında, Heydər Əliyev meydanında, Səməd Vurğun adına parkda, şəhərin Kürsahili parkında diqqəti cəlb edən abadlıq-qururculuq, işıqlandırma işləri aparılmışdır.

“İDEA” İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində Şirvan şəhərində abadlaşma işləri uğurla görülür. Şəhid Mahmud İbrahimov küçəsində 2 nümunəvi məhəllədə görülən abadlıq işləri də, necə deyərlər göz oxşayır.

Bu gün təkcə şəhərin mərkəzində deyil, onun qəsəbələrində (Bayramlı və Hacıqəhrəmanlı) aparılan təmir, abadlıq işləri sakinlərin razılığına səbəb olmuşdur.

Sevindirici haldır ki, şəhərimizdə “Yeni Şirvan” yaşayış kompleksinin tikintisinə başlanmışdır. Bu kompleks şəhər sakinlərinin güzəştli şərtlərlə mənzilə olan ehtiyaclarının ödənilməsində mühüm rol oynayacaq. Layihəyə əsasən Naxçıvan küçəsində 8.11 hektar torpaq sahəsində 1264 mənzildən ibarət 25 çoxmənzilli yaşayış binasının (9 və 12 mərtəbəli), 140 yerlik uşaq bağçasının, məktəb binasının və sair köməkçi obyektlərin inşaası nəzərdə tutulmuşdur.
Sakinlərimiz bütün əlamətdar günləri, yubileyləri sevinclə, təntənə ilə qeyd edirlər.

Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə 2023-cü il respublikamızda “Heydər Əliyev ili” elan edilmişdir. Azərbaycan xalqının Ümummilli lideri, Ulu öndər, müstəqil Azərbaycan dövlətinin qururcusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın 100 illiyi münasibətilə şəhərimizdə rəngarəng tədbirlər həyata keçirilmişdir. Bu tədbirlərdə yeniyetmələr, gənclər, idarə və müəssisələrin kollektivləri, yaşlı nəslin nümayəndələri yaxından iştirak etmişlər.

Müqəddəs ziyarətgahımız Şəhidlər Xiyabanı.
Qarabağ müharibəsi.Havadarlarına arxalanaraq torpaqlarımızın 20 faizini işğal etmiş nankor qonşularımız ermənilərə qarşı ölüm-dirim mübarizəsində yüzlərlə qəhrəman övladımız şirin canlarından keçdi. 149 nəfər Şirvan şəhərinin igid oğlu qanlı savaşda şəhidlik zirvəsinə ucaldı. 2020-ci ilin noyabrında azğın düşmən müqəddəs yurd-yuvalarımızdan qovuldu. Möhtəşəm qələbəyə görə biz ilk növbədə şəhid övladlarımıza borcluyuq. Onların xatirəsi heç vaxt unudulmayacaq.

Respublikamızın hər yerində olduğu kimi, Şirvan şəhərində də Müqəddəs Şəhidlər Xiyabanı salınmışdır.

Şəhərimizin girişində salınmış bu xiyabanda 100 nəfərdən çox şirvanlı şəhid uyuyur. Xiyaban qəhrəman övladlarının adına layiq abadlaşdırılıb, gül-çiçəyə qərq edilib. Burada tez-tez izdiham olur. Şəhidlərin anım, doğum günlərində şəhər rəhbərliyi, ictimaiyyət nümayəndələri əziz övladlarının uyuduqları məzarları ziyarət edirlər. Ətrafına gül-çiçək dəstələri düzürlər. Şəhidlərimizin valideynlərinə, əzizlərinə, ailələrinə başsağlığı verir, Vətənə layiq övladlar böyütdükləri üçün onlara təşəkkür edilir.

Hər ayın sonuncu həftəsinin cümə axşamı şəhid məzarlarının ziyarəti ənənə halını alıb. Həmin tədbirdə şəhər rəhəbərliyi, hüquq-mühafizə orqanlarının başçıları, ictimaiyyət nümayəndələri şəhid ailələri ilə görüşür, qayğıları ilə maraqlanırlar. Onlara lazımi kömək göstərilir. Şəhid ailəsinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə və I vitse prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirirlər.

Bəli, Şirvan şəhərinin 60 yaşı tamam olur. Biz şirvanlılar şəhərimizi sevir,onun gələcəyinə inanırıq. Onu da əlavə edək ki, Şirvanın əməksevər insanları yubileyi layiqli göstəricilərlə qeyd edirlər. Biz bundan sonra da şəhərin daha da gözəlləşməsi, inkişaf etməsi üçün əzmkarlıq nümayiş etdirəcəyik.

Fəxrəddin Rəhimov,
Şirvan şəhərində çıxan “İŞIQ” qəzetinin
baş redaktoru, Şirvan şəhər Ağsaqqallar Şurasının sədri

Check Also

İCTİMAİ QINAQ OLMADIQCA…

Xəzər rayonu 156 nömrəli məktəbdə baş verənlər cəmiyyətin bir fərdi olaraq düşünməyə vadar edir…İctimai qınaq …